Moskvanın Vnukovo aeroportunda lazer xuliqanlığı faciəyə səbəb olacaqdı

23 Avqust 2011 11:43 (UTC+04:00)
Gecə saatlarında Moskvanın ikinci böyük aeroportu hesab edilən Vnukovoda faciəli təyyarə qəzasının qarşısı alınıb. Belə ki, A-300 aerobusunun komandiri 600 metr yüksəyə havalandıqdan sonra yerdən güclü lazer işığının təyyarəyə tərəf tuşlandığını bildirib. Pilot hətta lazerin istiqamətini də müəyyənləşdirib. Güclü işıq selinin aeroport yaxınlığında yerləşən Novo-Peredelkina qəsəbəsindən verildiyi qeyd olunur. Pilotlar öz peşəkarlıqları nəticəsində təyyarə faciəsinin qarşısını almağa nail olublar.
Rusiyanın NTV.RU saytının verdiyi məlumata görə, bu kimi hadisələr daha öncələr də baş verib və \"rosaviasiya\" şirkəri bunlardan ciddi narahatdır. Məlumatda o da bildirilir ki, təkcə 2010-cu ildə beş bu cür hadisə törədilib və 2011-ci ildə bu rəqəm rekord həddə - 45-ə qədər yüksəlib. Artıq lazer xuliqanlığının qarşısının alınması üçün Rusiya Dövlət Dumasında qanun layihəsinin hazırlanması istiqamətində işlər aparılır. Belə hadisələri törədən şəxsləri 10 ilə qədər həbs cəzası gözləyə bilər.