65 yaşlı həkimlərin işdən çıxarılmasına başlanıb

23 Avqust 2011 11:35 (UTC+04:00)

Artıq səhiyyə müəssisələrində 65 yaşlı həkimlərin işdən azad olunması prosesinə başlanıb. SİA-nın xəbərinə görə, bununla bağlı bütün səhiyyə idarələrinə, xəstəxanalara və tibb ocaqlarına müvafiq tapşırıqlar verilib. Etibarlı mənbədən aldığımız məlumata əsasən, bir müddət öncə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi və səhiyyə ocaqlarının rəhbərlərinin iştirakı ilə kollegiya iclası keçirilib və burada onların hər birinə müvafiq tapşırıqlar verilib. Artıq bütün idarələrə hazır siyahılar göndərilib və burada adları olan hər bir 65 yaşlı həkimin təqaüdə göndərilməsinə qərar verilib. Siyahıda həmçinin yaxın zaman ərzində 65 yaşı olacaq səhiyyə işçilərinin də adı öz əksini tapıb. Yəni, onlara da indidən xəbərdarlıq edilir ki, müəyyən vaxt gəlib çatdıqdan sonra təqaüdə gedəcək.

Mələsəyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq və orada bu faktı təsdiqlədilər. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, prezident İlham Əliyevin müvafiq əmrinə əsasən, bu işlərin icrasına artıq başlanıb. Onun sözlərinə görə, hələlik həkimlər haqqında məlumatlar toplanır, onların arasında 65 yaşı tamam olanlar təqaüdə göndərilir. Bununla bağlı səhiyyə nazirinin hər hansı bir əmr imzalamadığını deyən nazirlik rəsmisi qeyd edib ki, bu işlər prezidentin müvafiq əmri və tapşırığına əsasən həyata keçirilir.