Elçin Cəfərov: “Yığma komandanın heyətində olan 16 idmançının hamısının dünya çempionatında iştirak etmək üçün şansı var”-AÇIQLAMA

23 Avqust 2011 11:22 (UTC+04:00)

Milli komandaların güləş üzrə dünya çempionatına hazırlıq xarakterli təlim-məşq toplanışı ilə əlaqədar Quba Olimpiya Kompleksində olan Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov hazırlıq prosesi barədə fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, vitse-prezident təlim-məşq toplanışının yüksək səviyyədə keçdiyini qeyd edib: "Avqustun 20-dən Quba və Qusarda hər 3 komandamız hazırlıq keçirlər. Qadınlardan ibarət yığma komandamız Qusar Olimpiya Kompleksində, yunan-Roma və sərbəst güləşçilərimiz isə Quba Olimpiya Kompleksində hazırlaşırlar. Məlumdur ki, biz burda Olimpiya Oyunlarına lisenziya verən dünya çempionatına hazırlaşırıq. Bütün idmançılarımız sıradadırlar və təlim-məşq toplanışında iştirak edirlər. 1-2 gündən sonra burada işimizi yekunlaşdırıb, Bakıya qayıdacağıq və məşqlərimizi paytaxtda davam etdirəcəyik. Ayın 10-da İstanbula yola düşürük, 11-i isə çəki günüdür. Artıq ayın 12-sindən yarışlara başlayacağıq".

E.Cəfərov hər bir idmançının qarşıdan gələn yarışın məsuliyyətini dərk etdiyini, hər birinin öz üzərilərində dayanmadan çalışdığını vurğulayıb. O, dünya çempionatında iştirak edəcək heyətin hələ ki, müəyyənləşmədiyini bildirib: "Hələ ki, çempionatda mübarizə aparacaq heyət məlum deyil. Dünya çempionatında iştirak edəcək heyət Bakıda keçiriləcək yoxlama görüşlərindən sonra bilinəcək. Yığma komandanın heyətində olan 16 idmançının hamısının dünya çempionatında iştirak etmək üçün şansı var".

Vitse-prezident rəhbərliyin onların qarşısında olimpiya oyunlarına lisenziyaları medal qazanmaqla əldə etməyi məqsəd qoyduğunu qeyd edib.

Qeyd edək ki,dünya çempionatında 120 ölkədən 2000-ə yaxın idamançı iştirak edəcək.