Liviya müxalifətçiləri Qəddafinin iqamətgahını ələ keçirə bilmirlər
23 Avqust 2011 11:22 (UTC+04:00)
Liviya müxalifətçilərinin hərbi birləşmələri hələ də Qəddafinin iqamətgahını ələ keçirə bilməyiblər. Qeyd edək ki, Müəmmar Qəddafinin gizləndiyi ehtimal edilən iqamətgahı Tripolinin Bab Əl-Əziziyyə kvartalında yerləşir və hazırda ona sadiq qalanlar müxalifət hərbi birləşmələrinə qarşı ciddi müqavimət göstərirlər. Vüsri.ru-nun verdiyi məlumata görə, NATO təyyarələrinin havadan verdiyi dəstəyə baxmayaraq bu gün səhər saatlarınadək Qəddafinin iqamətgahı tam mühasirəyə alınmayıb. Hava həmlələri ümumilikdə 40 hədəfə endirilir ki, onların hər birində polkovnikin olduğu güman edilir.
Bu ərəfədə ABŞ prezidenti Barak Obama növbəti açıqlama ilə çıxış edib və öz çıxışında bildirib ki, NATO bir daha öz gücünü göstərməklə demokratiyanın müdafiəsində önəmli rol oynadığını sərgiləyib: \"Liviya əməliyyatları sübut etdi ki, beynəlxalq güclər necə birləşməyi bacarırlar və buna baxmayaraq kampaniya sona çatmayıb. Demokratiya uğrunda qarşıda daha çox vəzifələr dayanıb\".