ABŞ Şimali Koreyanın danışıqlara gedəcəyinə ümid edir
23 Avqust 2011 10:57 (UTC+04:00)
Şimali Koreya lideri Kim Çen İrin Rusiyaya səfəri ABŞ-da ümid işartıları oyadıb. SİA-nın məlumatına görə, RİA Novosti yazır ki, onun səfəri nüvə problemləri ətrafında gedən və sonradan dondurulan danışıqların yenidən canlanmasına xidmət edə bilər. Qeyd edək ki, Kim Çen İr avqustun 20-dən Rusiyadadır. ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland ənənəvi brifinqlərin birində vurğulayıb ki, ABŞ hökumətinə məlum olub ki, Şimali Koreya lideri Rusiya prezidenti Dmitri Medvedevlə görüşəcək: \"Rusiya beynəlxalq danışıqlarda fəallıq nümayiş etdirən ölkədir və altıtərəfli danışıqlarda da həmin fəallıq nümayiş etdirilib. Bizə həqiqətən də Şimali Koreya ilə münasibətlərin normallaşması lazımdır və biz bu məsələdə konkret addımların atılmasına ümid edirik\".
\"Danışıqlar prosesi çərçivəsində ABŞ Rusiya ilə daimi əlaqədədir\" - deyə Viktoriya Nuland bildirib.
Xatırladaq ki, Kim Çen İr sonuncu dəfə Rusiyaya 2002-ci ildə ziyarət etmişdi.