Sosial şəbəkələrdən gələn bəla, yoxsa... - ARAŞDIRMA
22 Avqust 2011 18:29 (UTC+04:00)
Sosial şəbəkələr insan həyatının ayrılmaz hissəsinə çevrilib. İndi hər üç nəfərdən ikisi gününün böyük hissəsini sosial şəbəkələrə həsr edir. Böyük əksəriyyət isə özünü virtual aləmdən kənarda təsəvvür edə bilmədiyini etiraf edir.
Sosial şəbəkələrdən asılılıq isə sosial-ictimai həyata təsirsiz ötüşmür. Bu gün ailələrin dağılmasında, ictimai fikrin formalaşmasında, xalqın hakimiyyət üzərində nəzarətinin həyata keçirilməsində, dövlət cevrilişlərində, aksiyaların təşkilində və. s. sosial şəbəkələrinin böyük təsiri olduğu sübut olunub. Sosial şəbəkələr psixoloji hərəkat və ya propaganda vasitəsi kimi də geniş təsir qüvvəsinə malikdir.
Bütün dünyada olduğunu kimi Azərbaycanda da sosial şəbəkələrə maraq gündən-günə artır. Statistik məlumatlar göstərir ki, Azərbaycanda hər 27 nəfərindən biri "Facebook" istifadəçisidir. Bu şəbəkədən istifadə edənlərin sayı isə hər gün 2-3 dəfə artır.
Yeri gəlmişkən deyək ki, "Sosial şəbəkə" termini elmi leksikona 1954-cü ildə ingilis sosioloq Barns tərəfindən daxil edilib. Bundan sonra müxtəlif şəbəkələr yaranıb. Sosial şəbəkələr arasında ən məşhuru olan Facebook 2004-cü ildə yaranıb və qısa müddət ərzində bütün şəbəkələrin reytinqini üstələyib. Sosial şəbəkə formalaşan fikirlərdə olduğu kimi təkcə Facebook və Twitterdən yox,
bütün internet vasitələr sosial şəbəkə sayılır. 600 milyona yaxın üzvü olan Facebook ayda 50 milyard dollar gəlir əldə edir. Twitter də qısa müddətdə dünyanda populyarlıq qazanıb. Sadəliyinə görə, digər şəbəkələrdən fərqlənən Twitterin də kifayət qədər böyük auditoriyası var. Odnoklasnik, bir sıra tanışlıq saytları da ən çox istifadə edilən şəbəkələr sırasındadır.
Sosial şəbəkələrin həyatınızdakı rolu nə qədərdir sualı ilə paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğuda iştirak edənlərin çoxu həyatını sosial şəbəkələrsiz təsəvvür edə bilmədiyini etiraf etdi. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti gün ərzində ən azı 3-4 saatını internet qarşısında keçirdiyini deyir. Gün ərzində sosial şəbəkələrdən istifadə etdiyini və sosial şəbəkələrin həyatlarında böyük rolu oynadığını deyənlər də çoxluq təşkil edir. Sorğu iştirakçıları iş tapmaqda, hər hansı mal almaqda, maariflənməkdə, dünyada baş verən hadisələr haqda xəbər almaqda, dünya görüşünün inkişafında, tədbirlərin təşkilində və s. sosial şəbəkələrdən istifadənin asan və əlverişli olduğunu da bildirdilər.
Rəyini soruşduğumuz respondentlər sosial şəbəkələrin ən operativ xəbər yayıcısı olduğunu da vurğuladılar: "KİV-i xəbəri yayana və ictimaiyyət bundan xəbər tutana kimi insanlar xəbəri sosial şəbəkələrdən alırlar".
Bəzi ekspertlər isə, sosial şəbəkələrin vaxt itkisi və özəl məlumatların istənilməyən insanların əlinə keçməsi üçün vasitə olduğunu deyir. Virtual sosial şəbəkələrin həm də ölkələrin milli təhlükəsizliyinə zidd olması və kənardan idarə olunaraq insanlara təsir göstərməsi kimi dəyərləndirilir.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova hesab edir ki, sosial şəbəkələr ailələrdə problemlərə səbəb olur: "Şəbəkələrin ailələrdə münaqişə yaratması halları da artıb. Ailələrdə xəyanət hallarının artmasında da sosial şəbəkələrin rolu böyükdür. Sosial şəbəkələrdə qurulan ünsiyyət bəzən xəyanət kimi dəyərləndirilərək boşanmalara səbəb olur. Ancaq sosial şəbəkələr tənha insanların həyatında danılmaz müsbət rolu oynayır. Bəzən şəbəkələrdə qurulan münasibətlər bu insanların tənhalığına son qoyur və ya onlar ünsiyyətə girdikləri üçün özlərini psixoloji baxımdan rahat hiss edirlər. Ona görə də bu şəbəkələrin lazımsız kimi dəyərləndirmək olmaz. Sadəcə məsələyə daha acıq gözlə və çərçivədən çıxmamaq şərti ilə yanaşmaq lazımdır".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə sosial şəbəkələrə marağın sayının artmasını, internetinin inkişaf göstəricilərindən biri olduğunu dedi: "Ancaq bu sahədə neqativ hallar da az deyil. Məsələn bu gün çoxları "Facebook" dan necə istifadə etməyi bilmir. Sosial şəbəkədən çat kimi istifadə edənlərin sayı daha çoxdur. İnkişaf etmiş ölkələrə isə sosial şəbəkələr müzakirə, diskussiya yeridir. Hesab edirəm ki, vəziyyət getdikcə dəyişəcək və şəbəkələr sosial mövzuların diskussiya yeri olacaq. Sosial şəbəkələrin ailələrə mənfi təsirinə gəldikdə isə bu fikirlərlə razı deyiləm. Bu məsələni ümumiləşdirmənin əleyhinəyəm.
Buna fərdi şəkildə yanaşmaq lazımdır. Real həyatda da ailədə xəyanətlər olur. İnternet olmasa belə bunu istəyən insan niyyətini reallaşdırır. Hesab edirəm ki, sosial şəbəkələr təhlükəsiz, efektiv, ələçatımlı olmalıdır. Ümumilikdə isə, sosial şəbəkələrin insan həyatında müsbət rolu danılmazdır. Məsələn sosial şəbəkələr ölkənin təbliğatında mühüm rol oynaya bilər. Ona gərə də, bu inkişafdan kənarda qalmaq məntiqsiz olar. Hər şeydən artıq istifadə fəsad verdiyi kimi, internetə də aludə olmaq düzgün deyil. Məsələ bu gün sosial şəbəkələr, oyunlara bir çox insanların real dünyadan ayrılmasına səbəb olur. Bu həm də onların səhhəti üçün yolverilməz haldır. Yaxşı olardı ki, bu məsələ ilə bağlı əhali arasında maarifləndirmə aparılsın.