Jarkko Lehikoin: “Azərbaycanlı gənclərin Avropaya hava nəqliyyatı ilə getməsi üçün biletlərin qiymətlərinə güzəştlərin tətbiqi planlaşdırılır”
22 Avqust 2011 18:24 (UTC+04:00)
Azərbaycanlı gənclərin Avropaya hava nəqliyyatı ilə getməsi üçün biletlərin
qiymətlərinə güzəştlərin tətbiqi planlaşdırılır. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə
açıqlamasında Avropa Gənclər Kartı Assosiasiyasının idarəetmə heyətinin sədri Jarkko Lehikoin deyib. O bildirib ki, Bakıya səfər çərçivəsində Azərbaycandan
Avropaya təyyarə biletlərinin olduqca baha olduğu barədə məlumatlandırılıb. Onun
sözlərinə görə, assosiasiyanın növbəti planlarından biri bu kartlar vasitəsi ilə
gənclərə təyyarə biletlərinin qiymətlərində müəyyən güzəştlər tətbiq etməkdir.
"Gənclərin viza ilə
bağlı mövcud olan bir çox problemlər nəticəsində onlar viza üçün əlavə pul ödənişləri
həyata keçirməli olurlar. Assosiasiya bütün bu problemləri araşdıracaq və istər
viza, istərsə də təyyarə biletlərində güzəştlər edilməsinə çalışacaq", - deyə o
əlavə edib.
Qeyd edək ki, Azərbaycan
Avropa Gənclər Kartı Assosiasiyasına 2010-cu ilin mart ayında qoşulub. Jarkko
Lehikoinen (Finlandiya) 2011-ci ilin iyun ayında Amsterdamda keçirilən
konfransında EYCA-nın prezidenti vəzifəsinə seçilib. Jarkko Lehikoinenin Bakıya
səfəri 23 avqust tarixinədək davam edəcək. Avropa Gənclər Kartı 30 yaşa qədər
olan gənclər üçün Avropa miqyasında mədəniyyət, səyahət, otel, mal və xidmətlər
sahəsində 80 000 xidmət növünə endirim və güzəştlərdən yararlanmağa imkan verən
sistemdir. Bu kart 40 EYCA (European Youth Kart Assosiation) üzv təşkilatı
tərəfindən dünyanın 37 ölkəsində buraxılıb və razılıqla qarşılanıb. Dünya üzrə
4 milyondan çox kart daşıyıcısı tərəfindən istifadə olunur.