İranın anti-Azərbaycan siyasəti molla rejiminə ziyan vurur - ARAŞDIRMA

18 Avqust 2011 18:47 (UTC+04:00)

Qonşu İran dövlətinin növbəti çirkin siyasi addımları nəticəsində həmin qonşuluğun dırnaqarası mahiyyət daşıdığı zaman-zaman öz təsdiqini tapmaqda davam edir. Ancaq bir mövcudluğu unutmamaq lazımdır ki, İran hər zaman Azərbaycan əleyhinə siyasət aparıb və bundan sonra da belə olacaq. Çünki fars rejiminin səmimiliyinə heç bir vaxt inanmaq mümkün deyil. Təkcə təcavüzkar, qaniçən və işğalçı Ermənistanla kifayət qədər normal münasibətlərin qurulmasının özü də fars şovinizm rejiminin Azərbaycan əleyhinə fəaliyyətı anlamında qəbul edilməkdədir. Eyni zamanda, hazırda işğal altında olan ərazilərimizdən hesab edilən Cəbrayıl və Zəngilan rayonlarında boş qalmış Azərbaycan kəndləri işğal üzərindən işğala məruz qalmaqdadır ki, burada da iran "barmağının" olması yetərincə öz təsdiqini tapmışdır. Belə ki, Araz çayı üzərində tikilən su anbarı Cəbrayıl və Zəngilanın kəndlərini tamamilə su altında qoyub və həmin kəndlərin yenidən bərpa olunması mümkünsüzdür. Belə çıxır ki, İran bu vasitə ilə Ermənistanın təcavüzkar siyasətinə dolayısı ilə dəstək verməklə məşğuldur. Bundan başqa, İranın qondarma molla rejimi Dağlıq Qarabağda narkotikanın yetişdirilməsi və satılması prosesinə ciddi dəstək verir. Həmin ərazilərdən narkotranzit kimi istifadə edilir.


Bundan başqa sübut ola bilərmi?!


Lakin digər maraqlı fakta da nəzər salmaq yaxşı olardı. Azərbaycan rəsmi olaraq, əzəli və tarixi torpaqları olan Qərbi Azərbaycanın varlığını gündəmə gətirən kimi, İran öz ərazisinə dəyişiklik etdi və Qərbi Azərbaycan vilayəti yaratdı. Əslində bu da Ermənistanı Azərbaycandan qorumağa yönəlmiş addım idi. Həmçinin, şovinist fars molla rejimi İran ərazisində yaşayan 300 min erməniyə 18 məktəb, 50-yə yaxın erməni katolik-qriqorian kilsəsi açıb ki, 35 milyonluq azərbaycanlıların bir məktəbi belə mövcud deyil. Azərbaycandilli mətbuatdan isə danışmağa belə dəyməz. Hansı ki, İranın bu cür davranışları nəinki insanlığa, ümumiyyətlə islam ümmətinə sığmayan mənəviyyatsızlıq, ləyaqətsizlikdir. Hətta bir az da irəli gedərək söyləmək olar ki, fars rejimi azərbaycanlılara qarşı ermənidən daha pis davranış sərgiləyir. Ümumiyyətlə, bu ultramillətçi şovinist "islam-şiə" (əslində bundan qat-qat uzaq) dövlətinin qəti mövqeyi bundan ibarətdir ki, kim onlarla oturub-durmursa, demək, onların qatı düşmənidir.


Təəccüb doğurmayan amillər


Eyniylə, Azərbaycan dövlətinin mövcudluğu İran tərəfindən özünütəhdid kimi qəbul olunur. Bu dövlət ölkəmiz müstəqillik əldə etdiyi ilk gündən bizə qarşı təzyiq, təhdid, təxribat siyasəti yolunu seçib. Belə bir halda hansı münasibətlərin normallaşmasından söhbət gedə bilər? Çünki İranın müstəqil dövlətimizə, millətimizə, xalqımıza qarşı təhqir və təhdid siyasəti hələ davam edir. Həmin təhdidlərin içərisində Ermənistanın İranla bir olması isə heç kimdə təəccüb doğurmamalıdır. Xatırladaq ki, İranın rəhbərləri son vaxtlar Ermənistana tərəf iki mühüm dəstək addımı atmışlar. Birinci, İranın Ermənistanı dünya okeanına çıxarmaq istəməsidir. Kasıb, cüzi yükdaşıma potensialı olan Ermənistanın 4 milyard dollarlıq layihəyə başlaması ən azı məntiqsizlikdir. İkincisi, İran Ermənistanın hərbisinə, xüsusilə ordu quruculuğuna yardım etmək istəyir. İranın müdafiə nazirinin ordu quruculuğu üzrə müavinin, Ermənistana səfəri bunu aşkar göstərdi. Hər iki məsələdə təşəbbüs Ermənistandan gəlməyib. İran canfəşanlıq edib. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki mühüm dövründə İran bir dəstə dindarı öz ərazisi vasitəsilə işğal olunmuş Azərbaycan ərazisində namaz qılmağa göndərsəydi bu, Allah yoluna uyğun olardı. Qərb dövlətləri DQ münaqişəsi ilə bağlı Ermənistanla Azərbaycan arasında balans siyasəti aparırlar. Ermənistanın xeyrinə bir addım atanda çalışırlar ki, Azərbaycanın da mövqeyini nəzərə alsınlar. İran hətta balans siyasətini də rədd edir, tam ermənipərəst mövqe ortaya qoyur.


RÖVŞƏN NURƏDDİNOĞLU