“London taksi”ləri Bakıya uyğunlaşa bilmir, niyə? - REPORTAJ

15 Avqust 2011 10:32 (UTC+04:00)

Artıq 2 aydan çoxdur ki, yeni "London taksi"ləri Bakıya gətirilib və sərnişinlərin ixtiyarına verilib. Yeni olmasına baxmayaraq bununla bağlı bir çox problemlər də yaranıb. Kimi yeni taksilərin tariflərinin baha olduğunu, kimisi də maşınlara gündəlik planın çox olmasından şikayətlənir.

İlk olaraq Bakıya yeni gətirilən "London taksi"ləri haqqında qısa informasiya verək. Belə ki, "Manganese Bronze Holdings PLC" və Çinin avtomobil istehsalçısı "Geely Automobile Holdings Limited"in birgə müəssisəsi olan "Shanghai LTI" şirkətinin bu taksilərinin 2011-ci ildə Bakıya tədarükü üzrə saziş London şirkəti üçün ən iri müqavilədir. Sifarişin ümumi dəyəri 27 milyon dollara yaxındır.

Nəqliyyat Nazirliyindən bir qədər əvvəl bildirilib ki, Bakıya ümumilikdə 3000-ə qədər yeni taksinin gətirilməsi planlaşdırılır. Bakının və Azərbaycan regionlarının taksi ilə təmin olunması üçün müxtəlif istehsalçılardan ümumilikdə 7-8 min ədəd avtomobilin alınması planlaşdırılır.

Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilib. Avtomobillərə sayğaclar quraşdırılıb. Sərnişinlərin rahatlığı üçün müasir texnologiyalar əsasında qurulan "Call Center" istifadəyə verilib. Gecə-gündüz işləyən dispetçer mərkəzi böyük sayda avtomobillərin səmərəli idarə edilməsi imkanına malikdir və maşınların yerinə, sürətinə, yanacaq sərfiyyatına, mühərrikin işlək olub-olmamasına onlayn rejimində nəzarət edilir.

Taksidən istifadə edən hər bir sərnişinin qəza zamanı 3 min manat sığortalı olması və maşınlarda "itmiş əşyaların tapılma" xidmətinin fəaliyyət göstərməsi də müasir xidmət növlərindəndir. Hər avtomobildə 3 növbədə işləyən və "London Taksi" şirkətinin mütəxəssisləri tərəfindən sürücülük və davranış təlimləri keçən sürücülər taksi xidmətinin yüksək səviyyədə olmasını təmin edirlər.

Avtomobillər sürücülərə əvvəlcədən 500 manat depozit alındıqdan sonra verilir və bu pul bir növ girov rolunu oynayır. Digər tərəfdən də bu maşınlar fəaliyyətə başladıqları 20 gün ərzində şirkət rəhbərliyi taksi sürücülərindən yalnız və yalnız maşınlarda quraşdırılan sayğaclara uyğun gündəlik pul alıblar. Ancaq taksi sürücülərindən aldığımız məlumatlara görə, \"London taksiləri\"nin sürücüləri ilk 20 gün içərisində hər gün təqribən 50-100 manat arası pul toplaya biliblər. Lakin şirkət rəhbərliyi 20 gündən sonra hər bir maşına 50 manat plan qoyub. Yəni sayğacla, yaxud sayğacsız işləyirsən, fərq etmir, şirkətə 50 manat ödəməlisən.

Yeni taksilərin sürücüləri isə bu planı çox çətinliklə ödəyə bildiklərini deyirlər. Onlar əgər bu təyin olunan məbləği ödəyə bilməsələr, o zaman 300 manat maaşlarından ödəməli olacaqlar. Bundan əlavə, Yeni \"London taksisi\"nin sürücüsü bildirib ki, əvvəlki rejimdə işləmək daha rahat idi, çünki qazancımız özümüzə qalırdı: "İndi isə gün ərzində qazandıqlarımız yalnız şirkətə verilir. Ancaq ümidimizi verilən maaşa bağlamışıq". 18-20 saat işlədiyini deyən sürücü buna məcbur olduğunu dilə gətirərək qeyd etdi ki, bu yaşda onu başqa işə götürən yoxdur.

Geyim və hər hansı beynəlxalq dil bilmək tələbinə gəlincə isə sürücü bildirdi ki, dili elə də bilməsə də ancaq formaya mütləq əməl edilir.

Digər taksiyə yaxınlaşıb sürücü ilə söhbət etdik. Söhbət əsnasında məlum oldu ki, onların vəziyyəti yeni istifadəyə verilən \"London taksiləri\"nə nisbətən daha yaxşıdır. Belə ki, adıçəkilən dövlət taksisi günə 17 manat plana işləyib aya 460 manat təşkil edirsə, ancaq bu rəqəm yeni taksilərdə günə 50-70 manatla aya 2100 manat plan doldurmalıdır.

Yeni taksilərlə yanaşı köhnə taksilərin sürücülərinə də yaxınlaşdıq. Yeni taksilərin onlara heç bir maneçilik törətmədiklərini desələr də, ancaq sərnişinlərin azlığından şikayətləndilər. Bir çoxlarının sırf maraq xatirinə yeni taksilərdən istifadə etdiklərini bildirdilər.

Nəzərdə tutulan 3000 ədəd yeni taksilərin gətirilməsindən sonra köhnə maşınların aqibətinin necə olacağı sualına isə sürücü belə cavab verdi: "O zaman rayondan kartof, soğan gətirib \"8 km bazarı\"nda maşınımla satıcılıq edəcəyəm. Nə vaxta qədər anamın aldığı pensiyadan dövlət rüsumu ödəyəcəyəm axı?"

Onu da qeyd edək ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ölkə xaricində olduğuna görə, məsələ ilə bağlı suallarımıza cavab tapa bilmədik.

Bəs sərnişinlərin hansı növ taksilərə üstünlük verirlər?

Paytaxt sakinlərinin bəziləri yeni \"London taksiləri\"nə, bəziləri "189" servisindən, kimi isə köhnə taksilərdən, kimi isə daha ucuz başa gəldiyindən hələ də avtobuslardan istifadə etdiyini vurğuladılar. Sərnişinlərin yeni taksilərdən istifadə etməsinin səbəbi isə daha komfortlu olması, ucuz başa gəlməsidir. Belə ki, yeni taksilər misal olaraq Sahil metrosundan Əhmədli metrosuna qədər 9 manata, Gənclik metrosuna isə 4-5 manata sərnişinləri mənzil başına çatdıra bilirlər. Onu da qeyd edək ki, gedilən yola görə, sayğacın nə qədər məbləğ göstərməsinə uyğun olaraq da qiymətlər təyin olunur.

Taksilərin qiymətlərinə gəlincə isə əhalinin çoxsaylı müraciətini nəzərə alaraq Bakıda istismar olunan yeni taksilərdə 1 km məsafə üçün gediş tarifləri aşağı salınıb. Qiymətlərdə əsas dəyişiklik 10 km-dən sonra başlayır. Nəticədə, hazırda 10 km məsafəyə kimi 1 km üçün gediş tarifi 70 qəpik, 10-20 km məsafədə hər 1 km üçün 40 qəpik, 20 km-dən artıq məsafənin 1 km-i üçün isə 20 qəpik müəyyənləşdirilib.

Qeyd edək ki, hətta qiymət endirimindən sonra yeni taksilərlə respublikanın digər şəhər və rayonlarına getmək mümkün olmayacaq. Çünki bu avtomobillər yalnız Bakı hüdudlarında xidmət göstərmək üçün nəzərdə tutulub.