Dövlət Film Fondu Azərbaycanın görkəmli yazıçı və dramaturqu İlyas Əfəndiyevin "Valeh və Sarıköynəyin nağılı" povesti əsasında çəkilən "Bircəciyim" bədii filmini bərpa edib.
Fondun mətbuat xidməti Rəşad Qasımovun SİA-ya verdiyi məlumata görə, "Bircəciyim" filmi Rusiya SSRİ Mərkəzi Televiziyasının sifarişi ilə 1986-cı ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunub. Filmin rejissoru Ənvər Əbluc, operatoru Kənan Məmmədovdur. Rollarda Həsən Məmmədov, Hamlet Xanızadə, Amaliya Pənahova, Ramiz Məlikov və Mehriban Xanlarova çəkilib.
Rəşad Qasımovun sözlərinə görə, "Bircəciyim" filmi rus dilində olduğu və texniki baxımdan yaxşı olmadığı üçün indiyədək nümayiş olunmayıb. Lakin artıq bərpa olunub və Azərbaycan dilinə dublyaj edilən "Bircəciyim" filmi bu yaxınlarda AzTV-də ilk dəfə olaraq yayımlanacaq.