Hələ Sovet Azərbaycanı dönəmində Kreml tərəfindən hakimiyyətə gətirilən Ayaz Mütəllibov həmin dövrlər ictimaiyyətdə az-çox "demokratik rəhbər" təsiri bağışlamağa nail olmuşdu. Lakin zaman-zaman hadisələrin gedişatı onun görünməyən tərəflərini də üzə çıxarmağa başladı. Bəs, görünməyən tərəflər hansılar idi? Nəyə görə, A.Mütəllibovun müəyyən siyasi səhvləri sonradan daha da böyüyərək xalq narazıçılıqları ilə yekunlaşdı?
Öncə xatırlatmaq yerinə düşərdi ki, respublika rəhbərliyində ali posta yiyələnmiş (həqiqətdə yiyələndirilmiş) Ayaz Niyazoviç, Azərbaycanda bir sıra yeniliklər etməyə çalışsa da bu onda alınmadı. Düzdür, respublikanın MDB məkanına qoşulması, referendumun keçirilməsi və digər bu kimi hadisələr həmin dövrlər üçün elə də ciddi əhəmiyyət kəsb etmirdi. Çünki o zamanlar bu gün də müxalifətdə olan "AXC" (hazırkı parçalanmış radikal müxalifət) mövcud idi və onda bütün məsələlər demək olar ki, ikibaşlı həll olunurdu. Yəni müxalifətdə olan "cəbhə" ilə o zamankı iqtidar ikibaşlı hakimiyyət rolunu oynayırdı. Hətta müxalifətin davamlı təsirləri nəticəsində iqtidar onlarla hesablaşırdı belə…
Məhz bunun nəticəsidir ki, Qarabağ cəbhəsində ordu demək olar ki, iki hissəyə ayrılmışdı. Özüformalaşmış "cəbhəçilər" batalyonları- müxalifət tərəfdarları və silahlı qüvvələr. Təbii ki, bu iki fərqin arasında ciddi fərqlər olmaqla yanaşı, oxşarlıqlar da mövcud idi ki, bu oxşarlıq səriştəsizlik amilində birləşirdi. Torpaqlarımız isə müdafiə olunmaq əvəzinə, ölkədə hakimiyyət uğrunda mübarizə getdikcə şiddətlənirdi. Nəticə etibarı ilə vəziyyət gərginləşərək Xocalı soyqırımına tərəf irəliləyirdi. Belə bir vaxtda hakimiyyətdə qalmaq və hakimiyyətə gəlmək prinsiplərinin sərgilənməsi bundan da böyük nəticələrə qədər gedib çıxa bilərdi. Və bildi də…
Faciə baş verdi, A.Mütəllibov getdi. Ancaq o zamankı Milli Məclisdə spekulyasiyalar sonucu o, bir günlük də olsa yenidən hakimiyyətə gəldi və olan oldu. Hakimiyyətə gəlmək hərisliyi ilə alışıb-yanan "cəbhə" fiqurantları ordu hissələrini, batalyonlarını postlardan uzaqlaşdırıb, "inqilab" etməyə gəldilər. Bakıda isə parlament böhranı yaşandı, qaçan qaçdı, qalan gizlənməyə yer axtardı. Qaçanlar arasında Ayaz Niyazoviç də var idi…
Bəli, A.Mütəllibovun siyasi səhvi ölkəni tərk edərək Moskvanın diktəsi ilə hərəkət etməsi, mənəvi səhvi isə, "AXC"-yə iqtidarı ötürməsi oldu. Bununla da vəziyyət daha da gərginləşdi. Ölkə ümumiyyətlə, yox olmaq təhlükəsini yaşamağa məcbur oldu. Lakin Moskva öz adamına baxdı, ona öz "nəvazişini" göstərdi. Məhz buna görə də A.Mütəllibov hələ də Sosial Demokratların həmsədri kimi azad şəkildə siyasi fəaliyyətini yürüdür.
Bu gün, onun ağır günüdür. Təbii ki, ailədən olan itki hər bir insanı təsirləndirir. Ancaq siyasi baxışdan baxdıqda hər şey ayrı-ayrılıqda görünür. Belə bir vəziyyətdə Azərbaycanın onu qəbul etməsi bu günkü demokratik hakimiyyətin, xalq iqtidarının mənəviyyata verdiyi dəyərdən irəli gələn amildir.
RÖVŞƏN NURƏDDİNOĞLU