C.Rüstəmov təcrübə rəhbəri İlkin Məlikovun rəhbərliyi ilə keçirilən təcrübə prosesindən müddətində əhəmiyyətli biliklərə yiyələndiyini deyib: "Burada əldə etdiyim biliklər gələcəkdə işləyəcəyim yerlərdə köməyimə çatacaq".
NEZ-in 13 saylı ekologiya və tədqiqat sexində iki tələbə təcrübə keçir. İngiltərənin Nyukasl Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil alan Orxan Həsənov bizimlə söhbətində bildirib ki, Bakıya yay tətilini keçirmək üçün gəldiyi müddətdə SOCAR-ın layihəsində iştirak etmək üçün sənəd verib və təcrübəçi kimə işə qəbul olunub: "Azərneftyağ" Neft Emalı Zavodunda keçdiyim təcrübədə çox biliklər əldə etmişəm. Burada kimyəvi qurğulardan gələn məhsulların analizi keçirilir. Təcrübə rəhbərim Təranə Fətullayeva analizlərin keçirilməsində də yaxından iştirak etmək üçün mənə şərait yaradıb. Həmçinin qurğuların iş prinsipləri, texnoloji proseslərlə də yaxından tanış olmuşam. Dövlət Neft Şirkəti tərəfindən təşkil olunan bu layihənin təşkilini gələcək kariyeram üçün uğurlu başlanğıc hesab edirəm".
Bu sexdə təcrübə keçən ADNA-nın II kurs tələbəsi Nərgiz İsmayılova da SOCAR-ın təqaüd proqramının iştirakçısıdır. N. İsmayılova da tələbələr üçün yaradılan şəraitdən razılığını ifadə etdi.
Hər iki tələbənin təcrübə rəhbəri onların bilik səviyyəsindən, bacarıqlı olmasından və gələcəkdə yaxşı kadr olacaqlarından əmin olduqlarını bildirdilər.
N.İsmayılovanın təcrübə rəhbəri Məxmər Qurbanova isə qısa müddət ərzində tələbələrin analizlərin keçirməyi öyrəndiklərini, neft və neft məhsullarının fraksiyalara ayrılması prosesini sərbəst şəkildə həyata keçirdiklərini bildirdi: "Təbii ki, texnoloji rejimi öyrənmək üçün illər lazımdır. Amma ümumilikdə qavrama qabiliyyətləri qaneedicidir. Dövlət Neft Şirkətinin rəhbərliyinə belə layihələri təşkil etdiyi üçün öz minnətdarlığımızı bildiririk. Çünki bu layihə zavoda gənc kadrların cəlb olunmasında əhəmiyyətli rol oynayır. Bu gələcəyimizin əmin əllərdə olmasına təminat verir".
Moskva Dövlət Universiteti Bakı filialının Kimya fakültəsinin III kurs tələbəsi Ənvər Teymurxanlı isə həm də, 2009-cu ildə şirkətin təqaüd proqramının iştirakçısı olduğu üçün SOCAR-ın təqaüdünü alır. İyul ayının 12-dən 52 saylı sexin 4 saylı yükləmə məntəqəsində təcrübə keçən Ə. Teymurxanlı bu müddət ərzində xeyli bilik əldə etdiyini dedi: "İşim çənlərin qəbulu, təhvili, temperaturun ölçülməsi və həmin temperaturda olan sıxlığın tapılması, sonra nasoslarla yağın maşın və qatarlara doldurulmasıdır. Belə təcrübə proqramı həyata keçirdiyinə görə də SOCAR-a minnətdarlığımı bildirirəm. Ona görə ki, biz ali məktəbdə qazandığımız nəzəri bilikləri praktikada tətbiq edə bilirik."
Sexin M-40 saylı mazut sahəsində təcrübə keçən Aleksey Rüstəmov isə ADNA-nın magistridir. Hazırda Dövlət Neft Şirkətinin təqaüdünü alan Aleksey də işindən çox razı olduğunu dedi.
Xatırladaq ki, "Yay təcrübəsi proqramı" tələbələrin istəyindən asılı olaraq 1 və ya 2 ay müddətində keçirilir. Tələbə ilə bu müddətə müvəqqəti əmək müqaviləsi bağlanır və o ən aşağı dərəcəli mütəxəssis vəzifəsində işə qəbul olunur. Təcrübəçi işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq, əmək haqqı alır. ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilir. Proqramda təhsil aldığı ali məktəbdən asılı olmayaraq, qeyd olunan ixtisaslar üzrə bakalavrın 2, 3, 4-cü kursları və magistraturanın 1 və 2-ci kurslarını bitirən tələbələr iştirak edirlər. Təcrübəyə qəbul edilmiş tələbələrdən 186 nəfəri ARDNŞ təqaüdçüsüdür. Tələbələrin yay təcrübəsi ARDNŞ-in struktur bölmələrinin 17 idarəsində - "Azneft", "Azərikimya", "Azəriqaz" İstehsalat birliklərində, "Azərneftyağ" Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Neftqaztikinti" və Kompleks Qazma İşləri trestlərində, Xəzər Dəniz Neft Donanması, Geofizika və Geologiya İdarəsi, Qaz Emalı Zavodunda, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Neft Kəmərləri, Ekologiya, Marketinq və İqtisadi Əməliyyatlar idarələrində, Sosial İnkişaf İdarəsi və İnsan Resursları Departamentində təşkil edilir. Ötən il "Yay təcrübəsi proqramı" na ölkə daxilində və xaricdə fəaliyyət göstərən 20 ali təhsil müəssisəsindən 126 nəfər tələbə cəlb olunub və onlar istehsalat təcrübələrini ARDNŞ-in 13 müəssisəsində keçiblər.