"Bu gündən ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmə üçün sənəd qəbuluna başlanır. Boş qalan yerlərə tələbə qəbulu müsabiqəsində 1-ci qrup üzrə ümumi balı 200-dən, 2 və 3-cü qrup üzrə ümumi balı 250-dən, 4-cü qrup üzrə isə ümumi balı 350 və daha çox olan abituriyentlər iştirak edə bilər". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, bu il plan yerləri 93,36% dolub, yalnız 2087 boş yer qalıb.
M.Abbaszadə komissiyanın ali məktəblərdə II ixtisas qrupu üzrə boş qalan yerlərlə bağlı qərar qəbul etdiyini deyib. Onun sözlərinə görə, gün ərzində ali məktəblərin rəhbərlikləri ilə əlaqə saxlanılıb: "II qrupda rus bölməsi üzrə 294 boş yer qalıb, amma qəbul olmayan abituriyent qalmayıb. Azərbaycan bölməsi üzrə boş qalan yerlərin sayı 89, birgə müsabiqə üzrə isə 280-dir. Ümumilikdə II qrup üzrə 663 vakant yer var. II ixtisas qrupunda Azərbaycan bölməsi üzrə müsabiqəyə buraxılanlardan 1119 abituriyent ali məktəbə qəbul ola bilməyib. Ona görə də həmin abituriyentlərin ali məktəbə qəbul olmaq şansını artırmaq üçün boş qalmış 663 yerin birgə müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul etdik".
TQDK
sədri vurğulayıb ki, III qrup üzrə Azərbaycan bölməsində 350, rus bölməsində
isə 4 yer boş qalıb. Onun sözlərinə görə, bu qrupda 556 yerə 1084 nəfər
mübarizə aparacaq və əsas boş qalan yerlər özəl ali məktəblər, bəzi qabiliyyət
tələb edən ixtisaslar üzrədir: "IV qrupda isə demək olar ki, boş yerlər
qalmayıb. Yalnız 92 yer boş qalıb ki, bu da bədən tərbiyəsi və idman
ixtisaslarının payına düşür. Bir sözlə, ümumilikdə 2011-2012-ci
tədris ili üçün ali məktəblərdə 2087 vakant yer qalıb və bunların da 776-sı I,
660-ı II, 556-sı III, 92-si isə IV qrup üzrədir. Bu il Azərbaycanda 55 nəfər
ali məktəblərə müsabiqədən kənar qəbul olunub".
M.Abbaszadə qeyd edib ki, ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələri avqustun 10-da və ya 11-də açıqlanacaq.