Polislər turistlərə göz verib işıq vermir - ARAŞDIRMA

2 Avqust 2011 17:20 (UTC+04:00)
Turizm inkişaf etdiyi ölkələrdə turistlərin təhlükəsizliyini təmin etmək, onlarda ölkə haqqında yüksək fikir formalaşdırmaq üçün xüsusi hazırlanmış polislərin xidmətindən istifadə olunur. Bu polislərdən ingilis dili bilmək, turistlərlə nəzakətli davranmaq, ölkə haqda müsbət imic formalaşdırmaq tələb olunur.
\"Turistlər bizim neftimizdir\" deyən ispanlar yay mövsümündə istirahət mərkəzlərinə 43 min xüsusi hazırlanmış polis yönləndirirlər ki, nəticədə İspaniya Avropanın ən təhlükəsiz ölkəsi elan edilib. Bu mövqe ildən-ilə İspaniyaya gələn turistlərin sayını artırır.
Turizm industriyası üzrə mütəxəssislər hesab edir ki, polislərin turistik ərazilərdə olması turistlərin özlərini inamlı hiss etməsində inam yaradır. Çünki polislərin mühafizəsi, baş verə biləcək oğurluq, mübahisə və s. neqativ halların qarşısı alır.

Dünyanın turistlə davranma qaydalarına görə polislər yalnız turistlərin təhlükəsizliyinin keşiyini çəkirməlidir. Yeri-gəldi gəlmədi turisti yoxlamaq, ondan rüşvət almaq, qayda pozuntusu olmadan narahat etmək yolverilməz hal hesab olunur. Türkiyənin istirahət zonalarında isə polislər tamamilə gözə dəymir. Antalyada avtomobili olmayan turistlər üçün kirayə avtomobil götürüb istirahət müddətində sürməsi üçün də şərait yaradılıb. Gürcüstan polisi isə yorğun sürücü gördükdə onun yatıb yuxusunu alması üçün belə şərait yaradır. Sürücü yorğunluğun alandan sonra əgər şəhərə nabələddirsə polis onun mənzil başına yola salır.

Bir sözlə polislər turistlərə hərtərəfli yardım etmək, onların suallarını hərtərəfli cavablandırmaq, zəruri halda onlara yardım göstərmək rolunu oynayır. Bir məqamı da qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarından turistlərlə yüksək səviyyədə anlaşma yarada bilmək üçün bir necə dil, xüsusən də ingilis dili bilmə tələb olunur. Məsələn 2012-ci ildə Soçidə keçiriləcək qış idman növləri üzrə Olimpiada oyunlarının keçirilməsi ilə əlaqədar polislərin hazırlanması istiqamətində ciddi tədbirlərə başlanılıb. Bu ölkədə nəinki hüquq mühafizə orqanlarının əməkdaşlarına, hətta yanğınsöndürənlərə də ingilis dilini öyrənmək tapşırılıb.



Ağa deyir sür dərəyə, sür dərəyə


Bizdə isə vəziyyət tam əksinədir. Bu gün ölkənin istirahət məkanlarında dincəlməyə gedənlərdən tez – tez polislərin yerli yersiz müdaxiləsindən, turistlərlə qeyri-etik davranışından, rüşvət hallarının olmasından, avtomobildə qadın və uşaqların olmasına baxmayaraq sürücüləri səbəbsiz yerə yolda ləngitməsindən şikayətlənirlər.

Problemin daha çox Bakı – Şamaxı – İsmayıllı - Qəbələ magistral yolunda özünü göstərdiyi deyilir. İsmayıllıdan istirahətdən qayıdan Rəhim Quliyev adlı Bakı sakininin dediyinə görə, bu ilki polislər onun istirahətini əməli başlı pozublar: "İsmayıllıya çatana kimi on nəfərə yaxın polis səbəbi oldu-olmadı avtomobilimi saxladılar. Təhlükəsizlik kəmərindən istifadə etməyimə, avtomobildə ailə üzvlərimin olmasına baxmayaraq özümü izlənildiyim kimi hiss edirdim. Bakıya qayıdanda da eyni mənzərə ilə rastlaşdım. Polislərin yersiz müdaxiləsi bu gün mənim kimi istirahətə gedənlərin hamısını təngə gətirib. Bir çox xarici ölkələrdə olmuşam, ancaq heç yerdə sürücülərə qarşı bu cür münasibətlə rastlaşmamışam".

İ.Quliyevin dediyinə görə, polis çavuşlarından birindən bu qədər yoxlamaların səbəbini sorduqda o bildirib ki, buna səbəb Bakı-Şamaxı Yolunun Yol Polisi komandiri Şahmar Süleymanovun tapşırığıdır və bu səbəbdən bütün maşınlar qayda pozuntusu oldu olmadı yoxlanılmalıdır.

Oxşar fikirləri ölkənin digər ərazilərində istirahətə gedənlərin də dilindən eşitmək olar. Hətta paytaxtımıza istirahətə gələn qonşu Türkiyə, İran vətəndaşları da yol polisləri tərəfindən təqib olunduqlarından narahatlıq dilə gətirirlər.

Məlum olduğu kimi, gələn il ölkəmiz "Eurovision 2012″ ev sahibliyi edəcək. Həmin müddətdə 45 ölkədən ölkəmizə minlərlə turist gələcək. Bəs görəsən asayiş keşikçiləri bu qədər turistlə davranmaya hazırdırlarmı?

Hazırkı vəziyyət polisin turistlərlə ünsiyyətə hazır olmadığını sübut edir. Bu günki polislərin ingilis dili bilməməsi, turistlərlə yüksək davranma mədəniyyəti, ölkəni təmsil etmək bacarığının olmamağı ortadadır.

Ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirdi ki, elə polislərimiz var ki, nəinki bir, 5 dil bilir: "Eurovision 2012″ müsabiqəsinə qədər isə, nazirlikdə tədbirlər planı tutulacaq ki, bu plana uyğun olaraq polisin üzərinə düşən vəzifələr müəyyənləşəcək".

Bu il yollarda qəzaların sayı artıb

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə bildirdi ki, yol polisinin yol hərəkəti qaydalarına riayət edən sürücüləri saxlamağa ixtiyarı yoxdur: "Sürücü yalnız stasionar postlarda saxlanılar bilər. Ancaq hər hansı qayda pozuntusuna yol verdiyi halda polisin onu posta saxlama ixtiyarı da var. Son ayın statistikası göstərir ki, sərxoş sürücülərin sükan arxasında əyləşməsi nəticəsində yol qəzalarının və bundan baş verən ölüm hallarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Hazırda turizm mövsümü ilə əlaqədar istirahət mərkəzlərində dincələnlər içkili halda sükan arxasında əyləşir. Avtomobilin hərəkəti zamanı isə sürət həddini aşırlar ki, bu da qəzalara səbəb olur. Bu kimi halların qarşısını almaq üçün yollarda tədbirlər gücləndirilib".

K.Əliyev artıq yol inspektorlarının ingilis dili öyrənməyə başladıqlarını dedi: "Eurovision 2012″ müsabiqəsinə hələ çox var. O vaxta kimi yol polisinin hazırlığı lazımı səviyyə olacaq".