Ucuz kondisioner almaq istəyənlərin üz tutduqları ünvan - ARAŞDIRMA

1 Avqust 2011 16:06 (UTC+04:00)
Son günlər havaların kəskin isti keçməsi insanları tamamilə kondisionerdən asılı vəziyyətə salıb.

Hazırda məişət mağazalarında ən çox alınan məişət texnikası kondisionerdir. Tələbatın artması kondisionerlərin qiymətində də artıma səbəb olub. Vəziyyətdən istifadə edən bəzi işbazlar isə kondisionerin kreditə verilməsini dayandırıblar. Məsələn, "Euro-lyuks" mağazasından bildirildi ki, kredit gələn aydan bərpa olunacaq.

Qiymətlərə gəlincə öyrəndik ki, hazırda 30 kv. metr kondisionerlərin orta hesabla qiyməti 450 manatdan başlayır. 45 kv. metr kondisionerlər isə 500 manatdan başlayaraq bahalaşır. Satışda 1500-1800 manata da kondisionerlər təklif olunur.

Bu gün daha ucuz kondisioner almaq istəyənlər isə "Sədərək" və "Binə" yarmarkalarına üz tuturlar. Burada məişət texnikasının qiyməti şəhərdəki mağazalardan bir necə dəfə ucuzdur. Məsələn sözügedən ərazidəki mağazalarda 30 kv. metr kondisioneri 280 manata, 45 kv. metr kondisioneri 340 manata, 50 kv. metrliyi isə 500 manata almaq mümkündür. Ancaq bir çoxları həmin məhsulların keyfiyyətinin aşağı olması səbəbindən qiymətlərinin ucuz olduğunu deyirlər. Məişət texnikasının satışı ilə məşğul olanlar isə alıcıları əmin edirlər ki, şəhərdəki mağazalarda satılan bütün məişət texnikası "Binə" və "Sədərək" də fəaliyyət göstərən topdansatış mağazalarından aparılır: "Məhsulumuza 1 il zəmanət veririk. Malların keyfiyyətində isə heç bir fərq yoxdur. Sadəcə şəhərin mərkəzi hissələrində satıldığı üçün alıcıları aldadırlar".