Anomal hava şəraiti insan əlinin məhsuludur - ARAŞDIRMA

30 İyul 2011 12:59 (UTC+04:00)
Şimal yarımkürəsinin əhalisi (qeyd edək ki, Azərbaycan da bu yarımkürədə yerləşir) tarixdə ən isti yayını yaşayır. NASA-nın mütəxəssisləri apardıqları tədqiqatlara əsaslanaraq bildiriblər ki, Avropada meteo müşahidələr tarixində ən isti yay yaşanır. NASA mütəxəssislərinin qənaətincə son 2 ildə yer kürəsinin orta günlük temperaturu 130 il ərzində ən yüksək həddə çatıb.

Dünyanın bəzi yerlərində isə qasırğalar, sellər, daşqınlar, digər bir tərəfdə isə şiddətli quraqlıqlar, səhralaşmalar baş verir. Kimi bunu iqlim dəyişmələrinin nəticəsi, kimi qlobal istiləşmə, kimi də dünyanın sonunun çatması kimi qiymətləndirir. Hələlik nəticə odur ki, təbiətdə baş verənlər insan ölümü hallarını artırıb, ürək, tənəffüs yolu, yoluxucu, xərçəng, allergik və bəzi digər xəstəliklərin artmasına səbəb olub. Bitki və heyvan növləri də iqlim dəyişikliyinə tab gətirə bilməyib azalır ya da tamamilə yox olur.

Yeni iqlim şəraitinə adaptasiya olmaq məcburiyyətindəyik

Müstəqil ekspert İkram Həmidov son illər bütün dünyada müşahidə olunan anomal təbiət hadisələrinin səbəbini insan əlinin təbiətə müdaxiləsinin nəticəsi kimi qiymətləndirdi: "Yay fəslinin kəskin şəkildə isti, qışın kəskin soyuq keçməsi anomaliyadır. Qədim keçmişdə anomal təbiət hadisələri bir neçə yüzillikdən bir baş verirdisə, bu gün vəziyyət tam dəyişib. İndi bəzi ərazilərdə günlərlə, bəzən isə həftələrlə yağış yağır. Digər bir tərəfdə isə qlobal istiləşmələr müşahidə edilir və ildən-ilə temperatur daha da yüksəlir. Son illər Avropada müşahidə edilən kəskin iqlim dəyişikliklərini məhz təbiətdə gedən anomal proseslərlə izah etmək olar. İngiltərə həmişə nəm hava şəraiti, dumanlılığı ilə seçilirdi, indi orda da iqlim kəskin şəkildə dəyişib. Həmin ölkədə istiləşmənin səviyyəsi getdikcə yüksəlir. Anomaliyalardan biri də, yay fəslinin oktyabr ayına kimi, yazın iyuna qədər və ya əksinə uzanmasıdır. İsti olan ölkələr soyumağa soyuq ölkələr istiləşməyə başlayır. Rusiyada sərin yay ayları indi yüksək hərarətlə keçir. Bakıda isə qış ayları kəskin soyuqlarla müşahidə olunur. Bəzən də qışın ortasında yay havasına və ya yayda qış havasına təsadüf olunur. Ölkəmizin, eləcə də dünyanın bir çox hissəsində daşqınlar, dağıdıcı zəlzələlər, tufanlar, sunamilər də iqlimdə ciddi dəyişikliklərin getməsindən xəbər verir. Acı da olsa faktdır və insanlar yeni iqlim şəraiti ilə barışmaq məcburiyyətindədir. Belə proseslərin qarşısını almaq mümkün deyil. Çünki təbiətə güclü müdaxilə nəticəsində struktur dəyişilib.
Güman edirəm ki, vəziyyətdən çıxış yolu yeni formalaşan iqlim şəraitinə adaptasiya olmaqdır. Ancaq bunun üçün də bütün ölkələrin iştirakı ilə strategiyanın hazırlanmasına ehtiyac var\".


Dünyanın sonunun gəlməsi cəfəngiyatdır

Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov da deyir ki, təbiətdə baş verənlər Amerika və Rusiyanın metroloji silahlarının nəticəsidir: "Ümumiyyətlə qlobal istiləşmə adlı termin yoxdur. Bu Amerika alimlərinin uydurmasıdır. Onlar bildirirdilər ki, atmosferdə müşahidə olunan karbon qazı artdıqca temperatur yüksəlir. Digər tərəfdən, hazırda 35-55-ci N dairəsində sürətli soyuma müşahidə olunur. Məhz bunun nəticəsidir ki, planetin şimal yarımkürəsində buzlaqlar əriyir və sakit okeanın suyu şirinləşməyə başlayır. Bütün bu proseslər qasırğalara, güclü küləyə, doluya, sunamiyə səbəb olur. İnsan təbiətin qarşısında acizdir. Yəni, bu proseslərin qarşısının almaq qeyri-mümkündür. Yalnız antropogen faktorlarla prosesi ləngitmək olar. Dünyanın sonun gəlməsi ilə bağlı səslənən fikirlər cəfəngiyatdır ".