Nikahdan kənar doğulan uşaqların gələcək taleyi sual altındadır - ARAŞDIRMA

29 İyul 2011 15:01 (UTC+04:00)
Son 10 ildə rəsmi məlumata görə, Azərbaycanda nikahdan kənar doğulan uşaqların sayı təxminən 4 dəfə artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əgər 2000-ci ildə rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı 6 282 nəfər idisə, 2010-cu ilin sonuna bu göstərici 25 385 nəfərə çatıb. Onlardan 11 517 nəfəri şəhər, 13 868 nəfəri isə kənd yerlərində dünyaya gəlib. Son 10 ildə şəhərdə nikahdan doğulan uşaqların sayı 3 dəfə, kənd yerlərində nikahdan kənar dünyaya gəlmiş uşaqların sayı isə 5,7 dəfə artıb.
10 il ərzində nikahdan kənar dünyaya gələn uşaqların rekord göstəricisi 2004-cü ildə qeydə alınıb. Həmin il bu göstərici 26 669 nəfər təşkil edib.


Avropada nikaha yox deyirlər


Avropa qeyri-rəsmi uşaq dünyaya gətirmək çox normal haldır və bu ölkələrdə hər il yüzlərlə "qanunsuz" uşaq dünyaya gəlir. Bu proses özünü daha çox Almaniyada göstərməkdədir. Bu ölkənin vətəndaşlarının yalnız 50 faiz ailə qurmaq istəyir. Araşdırmalar göstərib ki, Şərqi Almaniyada hər iki uşaqdan biri nikahdan kənar doğulur. Oxşar vəziyyət Hollandiya, Finlandiya, İtaliya, Fransada da müşahidə olunur. Ümumiyyətlə, Avropa ölkələrində nəinki qanunsuz, dünyaya tamamilə övlad gətirmək istəyində olanlar azdır. Zaman-zaman bütün dünyaya ayaq acan bu tendensiya son illər Türkiyəyə də sirayət etməkdədir. Avropanın təsirinə düşən türk gəncləri arasında nikaha girmə yaşı 35-40-a çatıb. Qonşu ölkədə ümumiyyətlə dünyaya uşaq gətirməmək haqda qərar verənlərin də sayı çoxalıb. Problem artıq post sovet məkanında da özünü büruzə verməkdədir. Nikaha girməmə və qeyri-rəsmi nikahdan doğulan uşaqların sayına görə Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Litva, Latviya, Moldova, Ermənistan və Estoniya ön sıralardadır.


Qərb mədəniyyəti qəlblərə hakim kəsilib


Statistik məlumatlar problemin Azərbaycan üçün də aktuallaşdığını göstərir. Milli mentalitet və ailə dəyərlərimiz getdikcə deformasiyaya uğrayır. Artıq boşanmalar, ikili həyat yaşama adiləşir. Ailə qurma yaşı və nikahdan kənar doğulan uşaqların sayı durmadan artır. Bir vaxtlar qızların sevgi etirafı etməyi ayıb hesab olunurdusa, bu gün qızlar nəinki tək, hətta bütün ailəsi ilə televiziya ekranlarına çıxıb çəkinmədən ər axtardığını bəyan edir.
Vaxtilə Sovet məkanında Azərbaycan "Qəhrəman ana" ların sayına görə, ilkin sıralarda olsa da indi 3 uşaqlı ailələr çox uşaqlı sayılır. Tək uşaqlı ailələrin sayı durmadan artır. Ailəni karyeraya, rahatlığa, səyahətlərə, qeyri-rəsmi münasibətlərə dəyişən ailələr ikinci uşağı belə dünyaya gətirməyə tərəddüd edirlər. Bir vaxtlar təəccüblə qarşılanan Azərbaycan qızlarının xarici vətəndaşlarla nikahı da artıq adiləşib.
Mütəxəssislərin verdiyi proqnoza görə, 2035-ci ildən başlayaraq Azərbaycanda əhalinin sayı ciddi şəkildə azalmağa başlayacaq.

Artıq qərb sivilizasiyasının hakim kəsildiyi ölkələr problemdən, vəziyyətdən çıxış yolları axtarmağa başlayıblar. Məsələn Rusiyada dünyaya üç uşaq gətirən ailələrə torpaq sahəsi və digər imtiyazlar nəzərdə tutulur. Türkiyədə də bu məsələ dövlət səviyyəsində narahatlıq doğurmaqdadır.


Mentalitet arxa plana keçir


Mütəxəssislər qərbdən gələn mənfi təsirlərin qarşısının alınması mümkünsüz sayırlar. Ekspert Vüqar Namazov texnologiyaların sürətlə inkişaf etdiyi, qapıların dünyanın hər bir tərəfinə acıq olduğu bir dövrdə adət-ənənələrin, mentalitetin arxa plana keçdiyini deyir: "Məsələn bu gün internetə daxil olmaqla xarici vətəndaşla ailə qurmaq olur.
Sovet dövründə insanlar dünyada baş verənlərdən yalnız televiziya vasitəsilə qısa xəbərlərdən xali olurdular. İndi isə qərbin dəbi, adətləri, ailə modulu izlənilir və şəxsi təcrübədə tətbiq olunur. Ona görə də, boşanmalar, nikahdan kənar uşaqlar, xəyanətlər və s. adi qarşılanmağa başlayıb".
Mütəxəssis ölkədə nikahdan kənar uşaqların dünyaya gəlməsinin əsas səbəblərindən biri kimi erkən nikahların olduğunu dedi: "Bu problem xüsusən bölgələrdə geniş yayılıb. Paytaxtda əksinə ailə qurma tempi aşağı düşməkdədir. Hər ikisinin səbəbi isə sosial problemlərdir. Belə ki, bölgələrdə ailələr az yaşlı qızlarını ərə verməklə "yük"dən azad olmağa çalışır, iri şəhərlərdə isə gənclər maddi çətinliklər üzündən ailə qura bilmir".


Erkən nikaha girənlər dünyaya qüsurlu uşaqlar gətirirlər


\"Qadın həmrəyliyi\" İctimai Birliyindən isə bildirildi ki, cənub bölgələrində aparılan monitorinq nəticəsində məlum olub ki, sözügedən ərazidə 14 - 16 yaşlı qızların erkən nikaha girməsi halları çoxalıb. Əsasən Lerik, Yardımlı, Masallı, Quba və Qusar rayonlarında ailələr qızlarını ərə verməklə problemlərini yüngülləşdirmək istəyirlər. Bu cür halların çoxalmasına dini fəaliyyətlə məşğul olanlar yardımçı olur. Onlar rəsmi nikah olmadan qeyri-qanuni kəbin kəsirlər ki, nəticədə dünyaya nikahdan kənar uşaqlar gəlir \". R. Hüseynova onu da əlavə etdi ki, erkən nikaha girən qızların dünyaya uşaq gətirməsi düzgün deyil: "Onlar buna hazır deyillər. Araşdırmalar göstərir ki, 14 - 16 yaşlı 30 qadından cəmi 1-i normal surətdə dünyaya uşaq gətirə bilir. Bu uşaqlar bir çox hallarda qüsurlu doğulur. Bununla yanaşı, dünyaya gələn qanunsuz uşaqların sonrakı taleyi problemli olur. Bu uşaqların sənədi olmadığından onların həkimə müraciəti, məktəbə getməsi və s. mümkün olmur".

Nikahdan kənar doğulan uşaqların soy ad problemi

Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Seymur Məmmədov rəsmi nikahdan kənar doğulan uşaqların ciddi problemlərinin mövcud olduğunu dedi: "Ailə məcəlləsinin 46 maddəsinə göstərilir ki, rəsmi nikahda doğulan uşaqlara ata və ya ananın arayışları əsasında hər hansının soyadı verilir. Ancaq nikahdan kənar doğulan uşaqların ilk problemi onlara soyad verilərkən başlayır. Uşağın doğum şəhadətnaməsinə atası müraciət edərsə atanın, anası müraciət edərsə anasının soy adı verilir. Hər iki valideynindən mərhum olduqda isə uşağa hansı soyadım verilməsi ilə bağlı qərarı məhkəmə çıxarır. Bu gün heç bir sənədi olmayan uşaqlar tərəfindən komitəyə çox müraciətlər olur. Çalışırıq ki, onların problemin həll edək. Polis idarəsinə uşaqlara sənəd verilməsi ilə bağlı məktub göndərilir". S. Məmmədov nikahdan kənar doğulan uşaqlarla bağlı komitə tərəfindən mütəmadi olaraq monitorinq keçirildiyini də dedi: "Bu cür halların artmasının səbəbi qadınların öz hüquqlarını bilməməsidir. Ona görə də əhali arasında maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac var".