QMİ-nin sədri: “Ramazan ayı müddətinə iftardan öncə ehsan verilməməlidir” - MÖVQE

28 İyul 2011 14:07 (UTC+04:00)

"Ramazan ayında yas yerlərində ehsan verilən zaman israfçılığa qətiyyən yol vermək olmaz". SİA-nın məlumatına görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması münasibətilə keçirilən mərasimdə QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, bu cür israfçılıq müasirlik deyil: "Ramazan ayında isə xüsusi ilə buna riayət etməlidir. Bəziləri məclislərdə siqaret çəkir. Məclislərdə belə hərəkətlər yolverilməzdir. Allahdan qorxun".

QMİ sədri təmsil etdiyi qurumun bu istiqamətdə bir sıra tədbirlər həyata keçirdiyini də qeyd edib: "Artıq yavaş-yavaş fəaliyyətimiz təkmilləşir və qanunlarımıza hörmət etməyə başlayırıq. Ramazan ayı müddətinə iftardan öncə ehsan verilməməlidir. Bu tələb möminlər və mollalar tərəfindən qəti şəkildə qoyulmalıdır. Əgər bu tələbə riayət olunmazsa, molla həmin mərasimdə Quran açmamalıdır. Bu şəriətin tələbidir və hər kəs bu tələbə riayət etməlidir".

A. Paşazadə qeyd edib ki, Orucluq bayramının 2 gün qeyd edilməsi sünni və şiə məzhəbləri ilə bağlıdır: " Bir də ki, kimsə 2 gün bayram edirsə, buna məhdudiyyət qoymaq olmaz".