Daha sonra Raqif Abbasov ölkədə həyata keçirilən idman və gənclər siyasəti barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, əhalinin böyük əksəriyyətini gənclərdən ibarətdir və qurumların bir çoxunda onlar çalışırlar: "Azərbaycanda gənclik yaşı 14-29 yaş arası götürülür. Bu da Avropa göstəriciləri ilə eynidir. Amma 35 yaşa qədər ailə tərkibinə görə onlar dövlət proqramlarına daxil edilirlər. Ölkədə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası fəaliyyət göstərir və burada 200 gənclər təşkilatı birləşib. Bundan əlavə, ölkədə 5 dövlət proqramı icra olunur. Bu yaxınlarda cənab prezident "2011-2015-ci illərdə Azərbaycan Gəncliyi" Dövlət Proqramı təsdiqləyib. Bu proqram gənclərin sosial məsələlərinin həllində, ailə institutlarının yaradılması, beynəlxalq təşkilatlara inteqrasiyası və digər məsələlər baxımından mühüm əhəmiyyət kəsb edir. Bizim ölkə olaraq böyük bir problemimiz var. Bu problem və onun həlli bizdən asılı olan məsələ deyil. Azərbaycanın 20% torpaqları işğal edilib, 1 milyon qaçqın və məcburi köçkünü var. Qeyd etməliyəm ki, Qarabağ Azərbaycanın tarixi əraziləridir. Biz inanırıq ki, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini, beynəlxalq prinsipləri müdafiə edərək ərazi bütövlüyünü müdafiə edəcək".
Daha sonra Rumıniyanın hakim Liberal Demokrat Partiyasının gənclərdən ibarət nümayəndə heyətinin rəhbəri Andrey Flora ilk öncə qonaqları təqdim edib və Azərbaycanda göstərilən qonaqpərvərlik üçün öz təşəkkürlərini bildirib. O, Azərbaycanla Rumıniya arasında sıx əməkdaşlıqların olduğunu bildirib və YAP ilə əlaqələrin daima genişləndiyini söyləyib. Onların sözlərinə görə, bütün bu əməkdaşlıqların əsasında Azərbaycan və Rumıniya prezidentləri arasındakı münasibətlər durur: "Azərbaycanda göstərilən qonaqpərvərliyə görə hər kəsə öz təşəkkürlərimizi bildiririk. Biz də hər zaman Azərbaycanda olmaqdan məmnunuq. Rumıniyanın sosial-ictimai həyatında da gənclər mühüm rol oynayır. Biz inanırıq ki, Azərbaycan torpaqları tez bir zamanda geri qaytarılacaq. Rumıniya da bütün beynəlxalq təşkilatlarda hər zaman lazımi dəstəyi göstərməyə hazırdır".
Görüşün davamında tərəflər arasında müxtəlif mövzularda müzakirələr aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb. Sonda Azərbaycan nümayəndə heyəti qonaqlara, onlar isə azərbaycanlı gənclərə hədiyyələr təqdim edib.