Heydər Əliyev alına BNEZ-in istehsalat sahələrində əməyin mühafizəsinə həsr olunmuş toplantılar keçirilir

27 İyul 2011 15:01 (UTC+04:00)
ARDNŞ-nin idarə və müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülmüş işlərin icrası ilə bağlı silsilə tədbirlər keçirilir. SİA-nın xəbərinə görə, bu günlərdə Heydər Əliyev adına Bakı neft emalı zavodunda da 2011-ci ilin 6 ayı ərzində müəssisəinin istehsalat sahələri və sexlərində əməyin mühafizəsi və təhlükəsizliyin vəziyyəti, baş vermiş bədbəxt hadisələrin, qəzaların səbəblərinin aradan qaldırılmasına həsr olunmuş toplantılar keçirilir.

Əməkçilər qarşısında çıxış edən Zavod direktorunun birinci müavini, baş mühəndis Nail Əmirov Heydər Əliyev adına BNEZ-də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bədbəxt hadisələrin, qəzaların qarşısının alınması, əmək şəraitinin müntəzəm surətdə yaxşılaşdırılması ilə bağlı bir çox işlərin görüldüyünü vurğulamış və bu tədbirlərin hər zaman davam etdiyini bildirib.

Onun sözlərinə görə, baş vermiş hadisələrin təhlili göstərir ki, bədbəxt hadisələrin və qəzaların əsas səbəbi işin yerinə yetirilməsinə başlamazdan əvvəl iş yerlərinin hazırlanmaması, aparılan işlərdə təhlükəsizlik texnikası qaydalarına riayət olunmaması, sahələrdə təhlükəsiz iş şəraitinin yaradılmaması, prosedur və işçi təlimatları hazırlanmadan, xüsusi geyim və qoruyucu vasitələrdən istifadə etmədən yerinə yetirilməsi, bir sözlə nəzarətin, tələbkarlığın zəif olmasıdır.

Bildirilib ki, bundan sonra da müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələlərinə ciddi nəzarət olunacaq, vəzifəsindən asılı olmayaraq qaydalara riyət etməyənlər ciddi cəzalandırılacaqlar.