Komitədən SİA-ya verilən məlumata görə, hesabat dövrü ərzində Texniki Komitələr, Azərbaycan Standartları İnstitutu, dövlət və özəl təşkilatlar tərəfindən işlənmiş 37 milli standart ("Dizel yanacağı", "Motor yanacaqları", "Etilsiz benzin", "Pəhriz çörəyi və zənginləşdirilmiş çörək", "Peçenye", "Makaron məmulatları" və s.) qəbul edilib.
Bu müddət ərzində kütlə, təzyiq, temperatur, elektrik kəmiyyətləri, sıxlıq və özlülük ölçüləri üzrə dövlət etalonlarının quraşdırma və işəsalma prosesi, həmçinin işçilərin ixtisasartırması üzrə müvafiq işlər görülüb. Ötən il Milli Metrologiya Mərkəzi Milli Akkreditasiya Sistemi üzrə akkreditasiya olunub. Hazırda KOOMET metroloji regional orqan çərçivəsində etalon ölçmə vasitələrinin növlərindən asılı olaraq beynəlxalq tutuşdurmalarda iştirak edilməsi üzrə hazırlıq işləri aparılır.
Bu müddətdə daha bir uğurlu addım Azərbaycanda vaxtın sinxronlaşdırılması ilə bağlı olub. Belə ki, ABŞ istehsalı olan "Vaxt və tezlik etalonu" avadanlıq kompleksi alınaraq Milli Metrologiya Mərkəzində quraşdırılıb. Etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu və Taymer-sayğacı analizator daxildir.
Vaxt və Tezlik etalonunun əsas prinsipi "sezium" elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antenna ilə qəbul edib Vaxt və Tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir.
Daxil olmuş iddia sənədlərinin ekspertizasının nəticələri əsasında ilk yarımillikdə 66 ədəd ixtira, 6 ədəd faydalı model, 15 ədəd sənaye nümunəsinə dair patent, 637 ədəd əmtəə nişanına dair şəhadətnamə qeydiyyata alınaraq sahiblərinə verilib. Bundan başqa, 2 ədəd əmtəə nişanına dair iddia sənədi üzrə hüquqlar, 4 ədəd beynəlxalq əmtəə nişanının istifadəsinə dair lisenziya müqaviləsi və 25 ədəd əmtəə nişanına dair hüquqlar verilib.
Həmçinin cari ilin 6 ayında 30 sınaq və kalibrləmə laboratoriyaları akkreditasiya olunub və dövlət reyestrinə daxil edilib, 49 laboratoriyanın akkreditasiya attestatının qüvvədə olma müddəti uzadılıb. Bundan başqa, hesabat dövründə 2 keyfiyyəti idarəetmə sistemlərini sertifikatlaşdıran orqanın fəaliyyəti razılaşdırılıb, 4 oxşar məhsulların sertifikatlaşdırılması üzrə orqan akkreditasiya olunub.
Cari ilin 6 ayı ərzində Komitənin ərazi dövlət nəzarəti idarələri tərəfindən 762 dövlət nəzarəti tədbiri həyata keçirilib ki, bunlardan 267-si ərzaq məhsulları, 102-si qeyri-ərzaq məhsulları, 263-ü metroloji nəzarət, 130-u ticarət sahələrini əhatə edib. Aparılmış dövlət nəzarəti tədbirlərindən 205-i "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"yə uyğun olaraq cari ilin may ayının 1-dən Ədliyyə Nazirliyinin Reyestrindən çıxarış alınaraq həyata keçirilib. Dövlət nəzarəti tədbirləri nəticəsində 170 təsərrüfat subyektində nöqsan aşkar edilərək barələrində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.