Müğənnilərimiz Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş klipdə çəkiliblər-FOTOSESSİYA

20 İyul 2011 17:57 (UTC+04:00)

Bu gün paytaxt məkanlarının birində Ulu öndər Heydər Əliyevin xatirəsinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş "El oğlu" adlı mahnıya çəkilmiş klipin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, musiqisi və sözləri jurnalist, bəstəkar və müğənni Cavanşir Babəlioğluna məxsus mahnıya çəkilən klipinin rejissoru Natiq Novruzovdur.

"El oğlu" klipində bir çox incəsənət xadimləri çəkiliblər. Mahnını ifa edən müğənnilər sırasında xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist İlqar Muradov, Aygün Bəylər, müğənnilər Elnur Məmmədov, Səidə Sultan, Kərim Abbasov, Xuraman Şuşalı və Mehrim var idi.

Klipdə həmçinin rəqqasə Oksana və şoumen Nəsib Nur da çəkiliblər. Oksana bu dəfə adət etdiyimiz kimi rəqs ifa etməyib. O, prezindentə həsr olunmuş nitqlə çıxış edib.

Mərasimdə Milli Məclisin üzvləri Gülər Əhmədova və Jalə Əliyeva da iştirak ediblər.

Səbəbkarı təbrik edən Gülər Əhmədova bu sözləri deyib: "Çox şadam ki, bura toplaşan gənclər prezidentə dəstək olurlar. Bütün sənətçilərə uğurlar, Cavanşirə isə çox sağ ol deyirəm".

Sonda bütün müğənnilər təbrik nitqi ilə çıxış ediblər.