Rusiyanın nüfuzu, Ermənistanın vaxtı, Azərbaycanın isə gözləmə limiti tükənir - ANALİZ

19 İyul 2011 18:21 (UTC+04:00)

Artıq müxtəlif siyasi dairələrdə, Rusiyanın çətin durumda qalması məsələsi aktuallaşmaqdadır. Düşdüyü çətin durumun haradan və necə qaynaqlanmasına gəlincə isə, bütün məqamlar Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ probleminin həlli kökündə dayanır və bu amil xüsusi olaraq dəyərləndirilməkdədir. Rusiya son 2-3 ildə demək mümkündür ki, təkbaşına olaraq, sülhyaratma təşəbbüsü həyata keçirərək prezidentlərin görüşlərini təşkil edir. Lakin bəlli olduğu kimi, bütün görüşlər məhz Rusiyanın strateji tərəfdaşı olan işğalçı Ermənistanın "sayəsində" uğursuzluqla nəticələnir. Eyni zamanda, böyük ehtimalla demək olar ki, nəticələrin belə olacağını ABŞ və Fransa əvvəlcədən bilirdi. Sadəcə olaraq Rusiyanın belə bir işin altına girməsi, özü üçün müəyyən nəticələri verə biləcəyi görüntüsü yaratsa da, Rusiya bu prosesdən daha çox zəifləyərək çıxdı. Çünki Ermənistan işğalçılıq siyasətindən imtina etmir. Digər tərəfdən, Obamanın və Sarkozinin də məlum tefon danışıqları və yaxud göndərdikləri məktublar çox ümumi xarakter daşıyıb. Yəni məktubun məzmunu təqribən belə mahiyyəti əks etdirib: "Siz gedin, dil tapın və danışıqlarda nəticə əldə edin"...

Və əslində bu tipli telefon zəngləri yalnız Ermənistana edilməli idi. Məktublar da birbaşa Ermənistana ünvanlanmalı idi. Çünki Azərbaycan nəyə razılıq verməli idi, bunu heş cür anlamaq mümkün deyil. Azərbaycan Ermənistanın ərazisini işğal etsəydi, onda bu zənglər məhz Azərbaycana olmalı idi və deyilməli idi ki, "işğalçılıq siyasətindən əl çəkin".

Bu məsələnin bir həlli var, Ermənistan Azərbaycan torpaqlardan çıxmalıdır. Bu, Sarkozinin, Obamanın və Medvedevin də qəbul etdiyi qətnamələrdə və üzv olduqları Beynəlxalq təşkilatların bütün sənədlərində də göstərilib. İkitərəfli münasibətlərdə də, əməkdaşlıq haqqında imzalanan sənədlərdə də bu açıq şəkildə var. Və əgər bu varsa, yenidən Azərbaycana niyə telefon zəngləri edilir? Nə tələb olunur? Hansı tərzlərdə məktublar yazılır? Ümumiyyətlə, Azərbaycandan nə istənilir.

Artıq bir mühüm faktor da bəllidir ki, Azərbaycan iyirmi ilə yaxındır ki, sülh danışıqlarına sadiqdir və bu sadiqlik kompromisin göstəricisidir. İkinci kompromis isə odur ki, Azərbaycan münaqişədən əvvəl Qarabağdakı ermənilərin statusundan da daha böyük üstünlüklər təklif edir. Onların təhlükəsizliyinə zəmanət verir. İqtisadi inkişafının dircəlməsinə zəmanət verir. Ermənistanın bütün beynəlxalq və regional layihələrə qoşulmasına qarant dayanır.

Eləcə də Türkiyə ilə Ermənistanın sərhədləri bir səbəbə görə bağlıdır, o səbəb də Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir. Bəs Ermənistan bu prosesdə nə qədər çox qazanacaq? Dost, qardaş və müttəfiq dövlət olan Türkiyə Azərbaycanın maraqlarını və istəyini nəzərə alaraq Ermənistanla sərhədlərini açmır. Demək ki, bu gün bu problem həll olunarsa, Azərbaycan Türkiyənin Ermənistanla sərhədlərini açmasına etiraz etməyəcək. Bütün bu amillərə nəzər saldığımız zaman Azərbaycanın nə qədər güzəştlər və üstünlüklər vəd etdiyinin şahidi oluruq. Ermənistan isə bunlardan get-gedə daha çox yararlanır, dövlət kimi öz müstəqilliyini belə itirmək təhlükəsini də yaşayır. Başqa nə güzəşt ola bilər? Torpaq? Bu əsla mümkün deyildir!

Buna görə də hesab edilir ki, beynəlxalq təşkilatların, ABŞ, Fransa və Rusiyanın Ermənistanın nazı ilə oynaması, onu sığallaması və Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoyması Ermənistanı belə bir ərköyün, "cığal" və "sözəbaxmaz" vəziyyətə gətirir. Dünyada isə heç bir işğalcının nazı ilə bu qədər oynamaq təcrübəsi yoxdur və görünməyib. Ancaq necə deyərlər, hər şeyin öz vaxtı və vədəsi mövcuddur. Lakin öz limiti ilə…Həmin limit isə bitmək üzrədir desək, yəqin ki, yanılmarıq.


RÖVŞƏN