Hər il olduğu kimi, bu il də enerji sektorunda gənc kadrların cəlb edilməsi siyasətini davam etdirən ARDNŞ, yerli və xarici universitetlərdə təhsil alan tələbələrin enerji sektoruna marağını artırmaq məqsədilə növbəti "Yay Məktəbi"nə start verir.
ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, Yay Məktəbində iştirak etmək üçün tələbələrin Azərbaycan vətəndaşı olması, ölkə daxilində və ya xaricdə bakalavr (2,3,4-cü kurs) və magistr pillələrində Avtomatika və İKT, Boru kəmərləri, Ekologiya, Energetika, Geoloji kəşfiyyat, Hüquq, Qaz-neft-mədən, Qazma, İqtisadiyyat, Kimya-texnologiyası, Neft-mexanika və İnsan resurslarının idarəedilməsi ixtisasları üzrə təhsil alması, təhsil aldığı müddətdə üçdən çox "kafi" qiyməti olmaması ilkin şərtlərdəndir. Xarici ölkələrdə təhsil alan tələbələr üçün qiymətlərin ümumi ortalaması (GPA) 2,5-dən az olmamalıdır.
Yay Məktəbinin əsas məqsədi - ARDNŞ-nin fəaliyyət çərçivəsinə daxil olan enerji sektorunun müxtəlif həlqələrini - neft-qaz yataqlarının geologiya-geofizikası, quyuların qazılması, neft-qaz hasilatı, nəqli və saxlanması, emalı və neft-kimya, ekoloji normalar və alternativ enerji mənbələri, neft-qaz hasilatı və emalı sənayesinin iqtisadiyyatı, neft və neft məhsullarının satışını əhatə edərək ARDNŞ-nin iş mexanizmi barəsində tələbələrdə ümumi fikir yaratmaqdır. Müsabiqə əsasında seçiləcək tələbələr Yay Məktəbi müddətində müxtəlif mövzuları əhatə edən interaktiv mühazirələrdə və məşğələlərdə iştirak edərək nəzəri biliklərini artırmaqla yanaşı, təşkil olunacaq ekskursiyalara qatılaraq prosesi yaxından izləmək imkanına sahib olacaqlar. Yay Məktəbi proqramının tədrisində xaricdə nüfuzlu universitetlərdən məzun olmuş gənc mütəxəssislər iştirak edəcəklər. Tələbələr üçün dərslərdən sonra maraqlı sosial proqram da təşkil olunacaq.
Qeyd olunan ilkin şərtlərə cavab verən tələbələr ən gec 31.07.2011-ci il tarixi olmaq şərti ilə ARDNŞ-nin rəsmi internet səhifəsindən (www.socar.az/tehsil) Yay Məktəbinə ərizələrini təqdim edə bilərlər. Proqram haqqında daha ətraflı məlumat almaq üçün [email protected] e-mail ünvanına və (012) 521 00 00 (daxili - #10758 ) nömrəli telefona zəng etmək mümkündür.
Yay Məktəbi üçün bütün xərclər ARDNŞ tərəfindən ödəniləcəkdir.