“Dövlətqaçqınkom”un mətbuat xidmətinin rəhbəri işdən çıxarılıb

18 İyul 2011 15:47 (UTC+04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Departamentinin rəhbəri Sənan Hüseynov tutduğu vəzifədən azad olunub. Sənan Hüseynov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məskunlaşma miqrasiya və məşğulluq şöbəsinin müdiri vəzifəsinə təyin olunub. "Dövlətqaçqınkom"un mətbuat xidmətinin rəhbəri vəzifəsi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası məzunu, xeyli vaxtdır komitədə baş məsləhətçi vəzifəsində çalışan 26 yaşlı Elçin Qədimova həvalə edilib. Elçin Qədimov Komitəyə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən işə qəbul olunub.

Yeni təyin olunmuş mətbuat xidmətinin SİA-ya verdiyi məlumata görə, hazırda qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi istiqamətində işlər davam edir: "Ağcabədi rayonu ərazisində tikilən qəsəbədə işlər yekunlaşmaq üzrədir. Qəsəbəyə "taxta körpü" deyilən ərazidə fin evlərində məskunlaşan 552 ailə köçürüləcək.

Goranboyda isə doqquz beşmərtəbəli binanın tikintisi davam edir. 524 nəfərlik yaşayış evlərinə Naftalan rayonu ərazisində məskunlaşan məcburi köçkünlər yerləşdiriləcək. Mingəçevirdə 502 ailə üçün nəzərdə tutulan 10 ədəd 9 mərtəbəli binada da tikinti işləri davam etdirilir.