IV qrup üzrə qəbul imtahanlarında 14619 abituriyent iştirak edəcək

15 İyul 2011 13:01 (UTC+04:00)

İyulun 16-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, həmin gün eyni zamanda, Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı aparılacaq. İmtahanın respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada keçiriləcəyini deyən M.Abbaszadənin sözlərinə görə, orta ümumtəhsil müəssisələrindən 1290 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 132 imtahan rəhbəri cəlb olunacaq.

"IV qrup üzrə 14619 abituriyent ərizə təqdim edib ki, onlardan 13525 nəfəri Azərbaycan bölməsinin, 1094 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7307 nəfərini oğlanlar, 7312 nəfərini isə qızlar təşkil edir. 8281 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 5882 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 70 abituriyent xarici ölkələrin vətəndaşıdır. 51 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 405 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1958 -ci ildən, ən gənc isə 1996-cı ildəndir. Bakı şəhərində 10804 abituriyent, Naxçıvanda 1048 abituriyent, Gəncədə 1848, Lənkəranda isə 919 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. Bu ixtisas qrupuna tibb, kimya, biologiya, aqrar, psixologiya və idman ixtisasları daxildir. Abituriyentlər ana dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən imtahan verəcəklər. IV ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər".

M.Abbaszadə qeyd edib ki, bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Onun sözlərinə görə, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.