"Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın heç bir hüquqi statusu ola bilməz. Məhz ona görə mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılması, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da onun Ermənistana birləşməsi heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Nə Azərbaycan rəhbərliyi, nə Azərbaycan xalqı heç vaxt bunu qəbul etməyəcəkdir".
SİA-nın verdiyi məlumata görə, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bir daha səsləndirib.
Ölkəmizin başçısı bildirib ki, biz danışıqları görüntü yaratmaq naminə aparmırıq. Burada Azərbaycan ilə Ermənistan arasında fərq kifayət qədər böyükdür. Ermənistan daim çalışır ki, status-kvo dəyişməz olaraq qalsın və guya ki, onlar danışıqlarda iştirak edirlər və konstruktivlik nümayiş etdirirlər. Halbuki bütün dövrlərdə çalışıblar ki, danışıqlar prosesini pozsunlar.
Ölkəmizin birmənalı şəkildə öz konstruktiv mövqe göstərdiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan vətəndaşları hazırda işğal edilmiş ərazilərə qayıtmalıdırlar. Ondan sonra sülh yarana bilər.