“VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyası Siyəzən və Şabranda davam edib - FOTO

13 İyul 2011 11:33 (UTC+04:00)

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən "VƏTƏNİ TANI" Ümumrespublika Kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti tədbir Siyəzəndə keçirilib.

SİA-nın xəbərinə görə, tədbirin açılış mərasimində çıxış edən ARGTMŞ-ın mətbuat katibi, işçi qrupunun rəhbəri Orxan Əli bildirib ki, kampaniyanın məqsədi ölkə başçısı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin aktiv təbəqəsi olan gənclər tərəfindən mövcud güclü dəstəyin aydın şəkildə nümayişinin təşkili, bir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun , çatdırılması, Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdır.

Çıxış edən rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri bildiriblər ki, ölkə gənclərinin təhsil səviyyəsinin yüksəldilməsində, milli-mənəvi dəyərlərimiz, Azərbaycanın ərazi bütövlüyünün tanıdılması istiqamətində bu çox uğurlu bir layihədir.

İşçi qrupu Siyəzəndən sonra Şabran rayonunda tədbir keçirib. Şəhər 5 saylı orta məktəbdə baş tutan yarışmada gənclər Azərbaycan xəritəsini toplayıblar.

"Vətəni tanı" ümumrespublika kampaniyası interaktivlik, innovativlik, gənclər və cəmiyyət üçün yararlılıq əmsalı kimi göstəricilər önə çəkilib. Kampaniya çərçivəsində əhatə olunacaq aktiv iştirakçılarının sayı ölkə üzrə 12.000 (on iki min) gəncdən çox olacaqdır.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.