Qanunla Ermənistan ordusunda 60 min hərbçi xidmət etməlidir. Ancaq son statistik göstəricilər təsdiq edir ki, əsgəri xidmət sarıdan Ermənistan ordusunda ciddi xidmət problemləri yaşanmaqdadır. Bu problemlərin həlli yolu kimi Ermənistanın Müdafiə Nazirliyi baş qərargah rəisi, general-polkovnik Yuriy Xaçaturov orduda əsgəri xidmət yaşının 18-27 yaş arasında deyil, bunun 32-35 yaş həddinə qədər artırılmasını gündəmə gətirib. Bu məsələ aprel ayından indiyə qədər müxtəlif səviyyələrdə müzakirə olunsa da, problem çözülməmiş qalıb. Belə ki, əsgəri xidmətdən yayınmalar, demoqrafik böhranın dərinləşməsi ordudakı problemlərin daha da dərinləşməsinə səbəb olub.
İşğalçı dövlətin statistika xidmətinin araşdırmalarına görə, regionda müntəzəm xarakterdə davam edən iqtisadi və maliyyə böhranı əhalinin həyat tərzinə çox ciddi və böhran yaradacaq şəkildə zərbə vurub. İndi əhalinin işləyən kəsiminin orta aylıq gəliri 2006-cı ilə nisbətdə 80 faiz azalıb. Buna görə də həm Ermənistandan, həm də Dağlıq Qarabağdan miqrasiya axınları daha da güclənib. Durumun belə olmasına görə hərbi xidmətə çağırışla bağlı çox ciddi fəsadlar yaranıb. Ermənistanda əsgəri xidmət probleminin həlli variantı kimi yaş həddinin 32-35-ə çatdırılması faktı da məhz buradan ortaya çıxıb.
Müdafiə naziri Seyran Ohanyan etiraf edib ki, 2008-ci ilə qədər Ermənistan ordusunda alternativ hərbi xidmətə böyük maraq var idi. İndi iki ildir əsgəri çağırış dövründə bu yöndə hərbi xidmətə görə heç kim müraciət etməyib. İrəvandakı hərbi quruculuq sahəsi üzrə mütəxəssislərin fikrincə, dövlət statistika xidmətinin rəqəmlərinə görə, əhalininin say tərkibi əsasında ildə 9-11 min nəfər məcburi əsgəri xidmətə çağırılmalıdır. 2009-cu il ərzində bu rəqəm 6 min nəfər olub. Bu faktı araşdıran aysor.am portalının təhlilinə görə, erməni gənclərinin çoxu Ukrayna, Rusiya, Qazaxıstan, Yunanıstan, Belarus, Cənubi Kipr universitetlərindən arayış təqdim edərək xarici ölkələrə qaçmaqla əsgəri xidmətdən yayınmanın üsulunu tətbiq edirlər. Əldə olunan məlumatlara görə, təkcə 2010-cu il ərzində 352 erməni gənci Ukrayna universitetlərində təhsil almaq adı altında əsgəri xidmətdən yayınıb.
"Qafqaz Şəbəkəsi" İnsan Haqları Mərkəzinin Güney Qafqaz üzrə mütəxəssislərinin fikrincə, erməni ordusunda qanunsuzluğun, əsgərlərin hüquqlarının hər addımda pozulması, onlardan nizamnamədən kənar hər xırda hərəkətə görə külli miqdarda rüşvət tələb olunması və digər səbəblərə görə gənclərin əsgəri xidmət maraqları da ölüb.
2009-cu ildə müdafiə naziri və baş qərargah rəisinin funksiyaları və səlahiyyətlərinin ayrılması, mülki vətəndaşların da orduda işləmək hüquqlarının olması barədə baş vermiş islahatalar orduda korrupsiya hallarının daha da dərinləşməsi və digər struktur dəyişiklikləri nəticəsində ikiqütblü idarəetmə metodunun tətbiq edilməsinə görə orduda daha dərin böhranların yaranmasına səbəb olub. Orduya ayrılan 338,5 milyon dollar büdcə vəsaiti Yerevan və Dağlıq Qarabağ kökənli regional mafiyaların uzlaşdırılmış siyasi taktikası kimi də başa düşülə bilər. Bu iki struktur arasında yaşanılan rəqabətdə daha üstün mövqeyə kimin malik ola bilməsi iddiaları xüsusi maraq kəsb edir. Bununla da irəvanlı gənclərin Dağlıq Qarabağda əsgəri xidmətdən yayınmaları prosesi ildən-ilə genişlənməkdədir.
Helsinki Vətəndaş Assambleyası təşkilatının Ermənistanın Vanadzor şəhər regional təmsilçiliyinin rəhbəri Artur Sakunts keçiridiyi mətbuat konfransında bildirib: "Bizim əlimizdə olan sənədlər əsasında Ermənistan ordusunda bu ilin yanvar-may ayları əzrində 44 nəfər hərbçinin əsgəri xidmət zamanı vəhşicəsinə öldürülməsi faktı var. Ancaq qeyri-rəsmi məlumatlara görə, orduda ölüm hallarının sayı bu rəqəmdən qat-qat çoxdur. Müdafiə Nazirliyinin məlumatlarında qeyd olunur ki, ölüm hallarının əksəriyyəti intihar və müxtəlif dava-dalaş halları səbəbindən baş verib. Əslində bütün bunlar ağ yalandır. Əsgər ölümlərinin kökündə dayanan əsas səbəb ordu rəhbərliyi səviyyəsində aparılan siyasətə bağlıdır. Buna görə də ictimaiyyət arasında Müdafiə Nazirliyi rəhbərliyinə, ordu komandanlığına heç bir inam yoxdur".
Panarmenian.net xəbər portalının araşdırmalarında isə qeyd olunur ki, Ermənistan ordusunda ölən və ömürlük əlil qalan əsgərlərin faciəsinin kökündə duran digər səbəblər hər hansı bir qanunsuz əmələ görə sıravi əsgərlərin komandirlər tərəfindən gühanlandırılmasıdır. Bu yöndə dövlət təhlükəsizlik şurasının iclaslarında Müdafiə Nazirliyinin təhlükəsizlik idarəsinin rəisi Suren Davtyan dəfələrlə mövcud problemlərə toxunub. İrəvandan kənardakı hərbi hissələrdə xidmət edən əsgərlərin çoxu oliqarxlara məxsus kənd təsərrüfatı, inşaat, istehsalat və turizm sektorunda işləməyə məcbur edilirlər. Bu sırada etiraz edən əsgərlərə qarşı ya komandirlər, ya da oliqarxlara məxsus qoçu dəstələri xüsusi cəzalar verirlər.
"Armenia Today" informasiya və analitika mərkəzinin araşdırmalarında bildirilir ki, orduda mövcud olan korrupsiya hallarının əsas mənbələrindən biri də hərbi hissələr üçün tikiliən uşaq bağçaları, məktəblər, kazarmalar, yardımçı təsərrüfatlara görə külli miqdarda vəsaitin mənimsəlilməsi faktıdır. Bu işə cəlb edilən əsgərləri məcbur edirlər ki, onlar gördükləri işə görə məvacib alıblar. Bu qanunsuz əməllərə etiraz edən 31 nəfər əsgərlərdən onlara verilən xüsusi cəzalar zamanı ölüblər.
"Ermənistan Əsgər Anaları" ictimai qurumunun rəhbəri Qreta Mirzəyan bu yaxınlarda Gegarkunik rayonunun Çəmbərək kəndindəki hərbi hissədə baş vermiş ölüm hadisəsini araşdırarkən bu sırada yaranmış problemlər barədə açıqlama verib: "Əsgərlər bir-birlərinə avtomat silahlardan atəş açıblar. Nəticədə 15 nəfər əsgər ölüb. Bu olaya əsas səbəb isə hərbi hissə komandirinin fiziki cəhətdən güclü əsgələrdən ibarət xüsusi cəza qrupu yaratmasıdır. Bu qrup əsgərlərə hər gün işgəncələr verir və onları qul kimi işlədirdi. Belə bir dözülməz şəraitə etiraz əlaməti olaraq bu qanlı olay baş verib. Biz bir təşkilat olaraq bildiririk ki, Ermənistan ordusunun bütün hərbi hissələrində həyat şəraiti doğrudan da dözülməzdir".
Müxalifətdə olan Respublika Partiyası siyasi şurasının üzvü, politoloq Smbat Ayvazyan Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi ordusundakı durumu təhlil edərək bildirib ki, bütün hərbi hissələrdə, qarnizonlarda komandir heyəti "cinayət aləmi"nin prinsipləri əsasında fəaliyyət göstərir: "Artıq erməni hərbi qüvvələri kriminal şəbəkələr vasitəsilə yönləndirilir. Komandir heyətinin cazasızlıq duyğusu o qədər güclüdür ki, onlar istədikləri cinayətləri həyata keçirmək imkanındadırlar. Ordudakı dözülməzlik artıq cəmiyyətdə mənəvi deqradasiyaya səbəb olan faktorlardan biri hesab olunur. İndi Azərbaycan tərəfi müharibəni başlayacağı təqdirdə erməni cəmiyyətini səfərbər etmək milli faciəmizə səbəb olacaq".
"Ermənistan Sosioloji Tədqiqatlar Mərkəzi"nin başçısı Araqon Adibekyan ordudakı mənəvi, psixoloji və ictimai problemləri uzun müddətdir araşdırdıqlarını bildirərək belə qeyd edir: "Bu gün Ermənistan və işğal edilmiş Dağlıq Qarabağ bölgəsində dislokasiya olunmuş erməni ordusunda korrupsiya və cinayəkar stkruturların inkişaf etməsi prosesləri iflic durumuna salıb. Qanunsuzluq, rüşvət, cinayətə görə məsuliyyətə cəlb edilməmək, zəifin alçaldılması, insanlıq şərəfinin hər addımda tapdalanması kimi amillər daha da dərinləşməkdədir. Buna görə də əsgəri xidmətə çağırılan vətəndaşlar bütün vasitələrlə ölkədən qaçmaq məcburiyyətində qalıblar. Hərbi komissarlıqlardan başlayaraq bütün hərbi hissələr korrupsiya girdabındadır. Əsgəri xidmətə gedən vətəndaşların hər on nəfərindən biri ən azından fiziki cəhətdən qüsurlu şəkildə xidmətini başa vurur. Hərbi hissələrdə narkomaniyanın genişlənməsi daha ağır problemlərə səbəb olub. Hər il əsgəri xidmətə görə 3 min nəfər verdiyi rüşvətin sayəsində möhlət götürür. Bu isə hər bir nəfərə 10 min dollara başa gəlir. Ermənistan hökumətinin təyin etdiyi orta aylıq maaşın 80 dollar olması birbaşa korrupsiyanın bütün sahələrdə çiçəklənməsinə səbəb olub. Bunu hərbi hissələrdə xidmət edən zabitlərə məxsus mülkiyyətin hansı səviyyədə olması ilə təsdiq etmək sıravi erməni vətəndaşları üçün heç də çətin deyil".
Mütəxəssislərin fikrincə, hal-hazırda İrəvandakı siyasi çevrələrdə iki fikir gündəmə gəlib. Ya hakimiyyətdəki "Qarabağ klanı" devrilməli və yerli kadrlar iş başına gətirilməlidir, ya da Ermənistanın bir dövlət olaraq iflasa uğradığını etiraf etmək gərəkdir. çünki keçmiş SSRİ zamanında olduğu kimi, dotasiya ilə yaşayan bu regionu indi heç bir supergüc yedizdirmək fikrində deyil. Bu yöndə kardinal dəyişiklik, islahatların aparılması təklifini irəli sürənləri isə hakimiyyət başa düşmək iqtidarında deyil. Mütəxəssislər açıq şəkildə bildirirlər ki, yaranmış böhrandan çıxmağın tək yolu ordunun iqtidarın əsas siyasi silahı olması anlayışı qapadılmalıdır. çünki iqtisadi cəhətdən güclənməkdə olan Azərbaycan tərəfinin müharibə çağırışlarının günlərin birində rəsmiləşəcəyi təqdirdə, Ermənistanın daha ağır fəlakətlərlə üzləşəcəyi qaçılmazdır. Erməni Milli Konqresinin açıqlmasında qeyd olunur ki, 15 il bundan öncə olduğu kimi, artıq dünya erməni lobbisinin Ermənistan və Dağlıq Qarabağ anlayışlarına maraqları da ölüb. Bunu hər il keçirilən telemarafon təbliğatlarında daha az maliyyə vəsaitinin toplanılması da təsdiq edir. çünki 1998-ci ildən indiyə kimi Ermənistan hərbi xunta qanunları ilə idarə olunur. Bu gün həmin gücün aqibətinə görə heç bir qüvvə dəstək olmaq, şərik çıxmaq fikrində deyil. Ordunun isə çökməsi, ona olan inamsızlığın dərinləşməsi bütün böhranların açarı rolunu oynayır.
RÖVŞƏN RƏSULOV