Mədəniyyət və Turizm Nazirliyinin müstəqil eksperti Elman Yusifovun SİA-ya müsahibəsi:
- "Eurovision-2012" mahnı müsabiqəsinin gələn il Bakıda keçirilməsinin nə kimi müsbət nəticələri olacaq?
- Gələn il ölkəmizdə "Eurovision" mahnı müsabiqəsi olacaq, buna görə də Azərbaycana gələn turistlərin sayında təbii ki, böyük artım müşahidə olunacaq. Onların mədəni istirahətini təmin etmək və Azərbaycan haqqında onlara məlumatları yaymaq üçün ən gözəl vasitə turizm sahəsidir. Bugünkü gündə fəaliyyət göstərən turizm şirkətlərinin təkliflərinə baxsaq görərik ki, 3 gün yemək- içmək və hər hansı turizm səyahətinə, meşələrə gedib gəzmək hansı qiymətə başa gəlir. Həmin işləri həyata keçirmək üçün turlar təşkil etmək lazımdır. Turizmin də bir çox növləri var ki, onlardan da səmərəli şəkildə istifadə etmək lazımdır.
- Qeyd etdiyiniz kimi, gələn il Azərbaycanda vacib əhəmiyyətli müsabiqə və tədbirlər keçiriləcək, bütün bunlara görə çətinliklər olmayacaq ki?
- Təbii ki, çətinliklər olacaq. Ən böyük problem turistlərin təyyarədən enməsi zamanıdır. Belə ki, turistlərin terminaldan yerə baxarkən Ramana və Sabunçuda olan neft gölməçələrini görəndə Azərbaycan haqqında necə təəssürat yarana bilər? Bu problemlər təcili olaraq aradan qaldırılmalıdır. Turizm sahəsini inkişaf etdirmək istəyiriksə bu məqamlara diqqət yetirməliyik. Ölkəyə giriş ilk təəssüratı yaradır. Bundan əlavə, Azərbaycanda turizm şirkətlərinin qiymətləri çox bahadır. 1 gün Azərbaycanda orta səviyyədə istirahət etmək 50, əlavə yemək isə 30 manata, deməli 1 günlük istirahət 80 manata başa gəlir. Keyfiyyət isə çox aşağıdır. Yeməklərə gəldikdə isə verilən kabablar ədədlə deyil, qramla hesablanmalıdır. Çünki tikə tikədən fərqlənir. Buna görə Azərbaycanda turizm sahəsində qiymətlər həddindən artıq bahadır. Turistlər bu qiymətləri görüb heyrətə gələcəklər. Çünki onlar bu məbləğin müqabilində daha yaxşı yerlərdə istirahət edə bilərlər. Düşünürəm ki, bununla bağlı ciddi siqnal verilməlidir. Misal olaraq qeyd edə bilərəm ki, Gürcüstanın turizm naziri çıxışında bildirib ki, Azərbaycandan Gürcüstana 1 milyondan artıq turist getmişdi.
- Bildiyimizə görə ölkəmizdə qış mövsümündə turizm sahəsi elə də işləmir. Bunun səbəbi nədir?
- Azərbaycanda qış turizminə o qədər də meylli deyillər. Bunun səbəbini infrastrukturun yetərincə olmaması ilə də əlaqələndirmək olar. Bizim turizm şirkətləri gəlirlərini 3 ayın üzərində cəmləşdirirlər. Bildiyimiz qədər ilə Azərbaycana noyabrdan turist gəlmir. Turizm şirkətləri 9 ayın yükünü 3 ayın üzərinə yığırlar. Azərbaycanda bu sahədə həddindən artıq bahalaşma var. Belə turizm olmaz. Antalyada 1 həftə istirahət etmək 500 dollara başa gəlir. Orada yemək, gəzmək məhdudiyyəti yoxdur. Ancaq Azərbaycanda isə 1 şiş kabab 1 qoyunun qiymətinə başa gəlir.
- Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların bəziləri standartlara cavab vermir...
- Hesab edirəm ki, mehmanxanalara ulduzların verilməsi işinə Mədəniyyət və Turizm Nazirliyi tənqidi yanaşmalıdır. 5 ulduzlu otellər özlərini doğrultmur. Bizə 2 ulduzlu mehmanxanalar lazımdır ki, gənclərimizi bu sahəyə cəlb edə biləsən. Bu tip otellərdə qalmağın gecəsi ən azından 10 manat olmalıdır ki, 100 manata gənc nəsil istədikləri kimi istirahət edə bilsinlər. Bunu etməsək bizdə turizm inkişaf etməyəcək. Bu necə biznesdir ki, 3 ay işləyib 9 ay onu yeyirsən. Hər hansı turizm şirkətini açmaq, lisenziya almağın qarşısında böyük maneələr var. Çox turizm şirkətləri olsa qiymətlər aşağı düşəcək. 1 il bundan əvvəl turizm şirkəti açmaq üçün dövlət rüsumu 5500 manat idi. Bunu da təbii ki, hər insan edə bilməz.
- Gələn il Azərbaycanda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində sadaladığınız nöqsanlar qismən də olsa öz həllini tapacaqmı?
- Dahi Nizaminin bir kəlamı var: "Könül istərsə min imkan var, istəməzsə min bəhanə". Hər şey özümüzdən asılıdır. Baxmayaraq ki, bu sahədə bir sıra ciddi problem var. Ancaq niyə də olmasın?