“Rabitə”nin baş məşqçisi kim oldu?

8 İyul 2011 12:47 (UTC+04:00)

Həyata keçirdiyi möhtəşəm transferləriylə gündəmdən düşməyən Bakının "Rabitə" voleybol klubunun yeni baş məşqçisinin adı məlum olub. Siasport.az saytı xəbər verir ki, dünya voleybolunda kifayət qədər tanınmış, müxtəlif milli və klub komandalarıyla fenomenal uğurlara imza atmış serbiyalı mütəxəssis Zoran Qayiç yeni mövsümdən etibarən "Rabitə"nin "sükanı arxasına" keçəcəkdir.


Karyerası boyunca kişi kollektivlərini çalışdırmış mütəxəssis dəfələrlə müxtəlif qadın klublarından təkliflər almasına baxmayaraq məhz "Rabitə"ni seçməklə ilk dəfə qadın kollektivinə baş məşqçilik edəcək . 1958-ci il doğumlu Qayiç Yuqoslaviya milli komandasıyla 2000-ci il Sidney Olimpiadasının finalında adlı-sanlı Rusya komandasını yenməklə Olimpiadanın qızıl medallarına layiq görülüb. Bu möhtəşəm uğurdan bir il sonra bu komanda təcrübəli mütəxəssisin rəhbərliyi altında Avropa Çempionatının da qızıl medallarına sahib çıxıb. 2002-ci ildə Yuqoslaviya komandasından ayrılan Qayiç Polşa milli komandasının da baş məşqçi postuna ən real namizədlərdən sayılır, namizədlər arasında favorit hesab edilirdi. Lakin müqavilə şərtlərində razılığa gələ bilməyən mütəxəssis dünya voleybolunda iz buraxmış Rusiya yığmasının sükanı arxasına gətirilir. Rusiya voleybol tarixinə ilk əcnəbi məşqçi kimi keçən Qayiç milli komandayla 2005-ci il Avropa çempionatının finalına yüksəlir, həlledici oyunda isə meydan sahibləri İtaliya komandasına tay-brekdə məğlub olaraq gümüş medallara sahib çıxır.


2006–ci ildə Moskvada keçirilən FİVB Dünya ligasının yarımfinalında Braziliya milli komandasına yenilən Qayiçli Rusiya komandası bürünc medal uğrunda görüşdə Bolqarıstan millisini 3-0 yenərək turniri 3-cü Pillədə başa vurur. 2007-cil ildən etibarən Rusiyanın " İskra Odintsovo", "Ural" komandalarını çalışdıran təcrübəli mütəxəssis 2011/12-ci il mömsümündə "Rabitə" komandasının baş məşqçisi olacaqdır. //apasport.az