44 nəfəri ilan sancıb

7 İyul 2011 17:44 (UTC+04:00)

01.04.2011-ci il tarixdən bu günə kimi ilan sancması diaqnozu ilə ümumilikdə 44 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət edib ki, bunlardan da 16 nəfəri Bakı və ətraf rayonların payına düşür. Mərkəzdən SİA-ya verilən xəbərə görə, bu günə kimi ilan sancmalardan 3 nəfər tibbi yardıma gec müraciət etməsi səbəbindən dünyasını dəyişib.

Yuxarıda qeyd olunan tarixdən bu günə kimi əqrəb sancması diaqnozu ilə 6, qara qurd sancması diaqnozu ilə isə 3 nəfər müraciət edib. Müraciət edənlərin hər birini xilas etmək mümkün olub.

Dəniz mövsümü başlayandan bu yana Bakı Şəhər Təcili Tibbi Yardıma suda boğulma diaqnozu ilə 8 nəfərə dair müraciət daxil olunub. Onlardan yalnız üçü hospitallaşdırılıb,digərlərinə yerində yardım göstərilərək evlərinə göndəriliblər.Yalnız bir nəfər Bilgə qəsəbəsində xüsusi müəyyənləşdirilmiş çimərlikdən kənar sahədə çimərkən dənizdə boğularaq dünyasını dəyişib.

Gün vurmadan Bakı Şəhər Təcili Tibbi Yardıma müraciət edənlərin sayı 16 nəfər olub. Bunlardan da 10 nəfərin vəziyyəti yüngül qiymətləndirilərək yardım göstərildikdən sonra evə buraxılıblar. 6 nəfər isə hospitallaşdırılıb.