Toy və yas mərasimləri xalqın dünyagörüşünü, fəlsəfi baxışlarını, mədəniyyətini, dəyərlər toplusunu özündə ehtiva edir. Azərbaycan xalqının əsrlərlə qoruyub saxladığı bu mərasimlərlə bağlı özünəməxsus milli xüsusiyyətləri, zəngin dəyərləri var. Ancaq son illər bu mərasimlər öz mahiyyətini dəyişərək eybəcərləşdirilməkdədir.İndiki toylar yarış, özünü reklam, bahalı paltar, maşın nümayişi, müğənnilərin qazanc mənbəyinə çevirdiyi yarış meydanını xatırladır. Bu məclislər bir-birini təkrarlanması, oxşar xüsusiyyətləri, eyniliyi insanları yorub.
SİA-nın məlumatına görə, Azərbaycanda il ərzində təxminən 90 min toy mərasimi keçirilir. Ancaq bu gün toy etmək arzusunu reallaşdıra bilməyənlər də az deyil. Kimi toydakı bayalıqdan, kimi israfçılıqdan, kimi də toy etməyin günü-gündən bahalaşmasından şikayətlənir.
34 yaşlı Bərdə sakini Etibar subaylığın daşını ata bilməməsinin səbəblərini bizimlə söhbətdə belə izah etdi: "Ailə qurmaq haqda ciddi düşünürəm. Ancaq bu addımı atmağa maddi imkanım çatmır. Rayonda işim olmadığı üçün Bakıda işləyirəm. Burada qazandığım pulla da toy etmək qeyri-mümkündür. İndiki qızların o qədər tələbi var ki, oğlan evi bilmir bunların hansını yerinə yetirsin. Qızıl-brilyant, bahalı gəlin paltarı, gəlin maşını, baş bəzəyi və sair almaq üçün ən azı 10 min manat pul lazımdır. Bəzi ailələr oğlan evindən süd pulu, başlıq pulu da tələb edir. Üstəgəl nişan, xına və toy mərasimlərinin təşkili. Aldığım 300 manat əməkhaqqı ilə necə evlənim? Ona görə də bu yaşda subaylılıq edirəm".
Rasim adlı Bakı sakini isə müasir qızların tələblərinin çox olmasından şikayətləndi: "Bugünkü qızlar israr edir ki, toydan qabaq rəqsə gedək, toyumuz ən bahalı restoranda olsun, toyumuzda məşhur müğənnilər iştirak etsin, ən bahalı gəlin paltarı alınsın və s. Bu cür tələbləri yerinə yetirməyə hər oğlanın gücü çatmır. Son vaxtlar bəzi telekanallar sağ olsun ki, gənclərə təmənnasız toy edirlər. Efirdə evlənməkdən çəkinməsəm mən də orda evlənərdim".
Sorğu keçirdiyim respondentlər arasında toyların sadələşdirilməsini təklif edənlər də az deyildi. Nigar Məhərrəmova qonşu ölkələrdən nümunə götürmək vaxtının çatdığını deyir: "Türkiyədə, Rusiyada toylar çox sadə keçirilir. Bizdə isə nişan, xına, qız toyu, oğlan toyunda süfrəyə yüz cür naz-nemət düzülür. Bu gün evlənmək üçün həm oğlan, həm də qız evindən böyük məbləğdə pul tələb olunur. Bir qıza normal cehiz vermək 10-20 min manat pul tələb edir. Düşünən yoxdur ki, bir ailə bunu ödəyə bilər ya yox. Cehiz aparmayan qıza münasibət birmənalı olmadığı üçün ailələr xərcə borca düşüb qızına cehiz almaq məcburiyyətində qalır".
Maşın-maşın cehiz var...
Toyun necəyə başa gəldiyini öyrənmək məqsədilə paytaxt ərazisində ən zəruri toy atributlarının qiymətlərini öyrəndik. Toy mərasimin əsas qəhrəmanlarından biri olan gəlinin gözəllik salonunda bəzədilməsi ilə başlayır. Gözəllik salonlarında keçirdiyimiz sorğu zamanı öyrəndik ki, gəlinin saç və üzünü bəzəməyin qiyməti 200 manatdan başlayaraq bahalaşır. Gəlinlik paltarlarını kirayə götürmək 250 -700 manat, daha prestijli mağazalarda isə 1000 və daha artıq qiymətə başa gəlir. Qızıl almaq üçün oğlan evi orta hesabla 2-5 min manat, gəlinlik maşınının sifariş etmək üçün 200-500 manat xərcləməli olur. Gəlinlik maşını biznesi ilə məşğul olanlardan öyrəndik ki, bu biznesdən yaxşı qazanc əldə etmək mümkündür. Onların arasında avtomobili kreditə götürüb kirayəyə verənlər də az deyilmiş. Qiymətlərin maşının markasından asılı olaraq dəyişdiyini söyləyən sahibkarlar bu gün bazarda 200 manatdan 800 manatadək maşın sifariş etməyin mümkün olduğunu dedilər.
Şadlıq evlərində adambaşına qiymət isə orta hesabla 25 - 50 manatdır. Fotoalbom 50-100 manat, məclis zalının dizaynı 100 - 300 manat, rəqqasə 100-500 manat, gəlinin gül buketi 30 -150 manatadır. Nəticə olaraq belə qənaətə gəlmək olar ki, oğlan ailəsinin orta səviyyəli toy etməsi üçün 6-15 min manat pul tələb olunur. Bu qiymət toy üçün sifariş olunan xidmət və əşyaların qiymətindən asılı olaraq bahalaşa da bilər. Qız evinin çəkdiyi xərc də kifayət qədər bahadır. Belə ki, qızın cehizi üçün zəruri hesab olunan mebellərin qiyməti 2 min manatdan başlayaraq bahalaşır. Apardığımız araşdırma zamanı öyrəndik ki, qıza 3 dəst mebel almağın qiymətinin orta hesabla 8-15 min manatdır.
Ümumilikdə isə layiqli cehiz üçün ən azı 15 - 20 min manat pul tələb olunur.
Uğursuz sınaq
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov toyları sadələşdirməyin tərəfdarı olanlardandır. O hesab edir ki, milli toylardakı israfçılığa, milli dəyərlərin itməsinə son qoyulmalıdır. T. Əmiraslanov şəxsi təcrübəsində bu cür hallara son qoymaq istəyib. Ancaq onun bu cəhdi uğursuzluqla nəticələnib: "Qızımın toyunda israfçılığın qarşısını almaq və bununla başqalarına nümunə olmaq üçün fərqli bir təşkilatçılıq etdik. Belə ki, toy mərasimində süfrəyə ancaq pomidor, xiyar, pendir, göyərti, su, şirə və şərbət qoyulmuşdu. Sonra qonaqların sifarişindən asılı olaraq süfrəyə aş, kabab və digər xörəklər təqdim olundu. Onu da deyim ki, süfrəyə verilən yeməklərin çəkisi cəmi 50 - 80 qram idi. Yeməklər qonaqlara zövqlə seçilmiş ağ nimçələrdə və xüsusi dizaynla təqdim olunurdu. Bununla belə toyda milli xüsusiyyətlərimizə xüsusi diqqət ayrılmışdı. Ancaq bütün bunlar toya gələnlərin həm təəccüb, hətta bəzilərinin narazılığına səbəb oldu. Əslində isə biz bu toyla baş alıb-gedən israfçılığın qarşısını almağa, qədim adət-ənənələrə sahib çıxmağa, milli xörəyimiz olan aşa hörmət etməyə çağırırdıq. Çünki bu gün bərəkət rəmzi olan aşın toyun sonunda süfrəyə verilməsi və onun süfrədə qalması aşa olan hörmətsizlikdir. Ancaq bu mərasimdə baş verən narazılıqlar cəmiyyətin buna hazır olmadığını sübut etdi. Hesab edirəm ki, bu proses mərhələli şəkildə keçmək lazımdır. Bunun üçün isə zaman tələb olunur.
Bəzi ekspertlər isə toylarda baş alıb gedən hərc-mərcliyə son qoymaq üçün problemi qanuni müstəvidə həllini təklif edirlər. Hesab olunur ki, Avropa adətlərinin hakim kəsildiyi toylarımıza milli-mənəvi dəyərlərimizi qaytarmaq üçün bu ən optimal variantdır. Ancaq bu təkliflə razılaşmayanlar da var. Onlar hesab edir ki, toyların qanunla tənzimlənməsi insanların hüquqlarının pozulmasına səbəb ola bilər. Heç kimi övladına dəb-dəbəli toy etməkdən, xarici musiqiyə üstünlük verməkdən və s. mərhum edə bilməz. Bu hər kəsin öz seçimidir.
Görünür bu xəmir hələ çox su aparacaq. Ona görə də, "evlənmirəm əl çəkin" deyənlərin sayının çoxalacağını ehtimal etmək çətin deyil.
Mirvari