İşğalçı Ermənistanda hökm sürən böhranlı vəziyyət getdikcə daha da dərinləşməkdədir. Sarkisyan hakimiyyəti isə aclıq və səfalət içində olan ermənilərin iş axtarmaq üçün başqa ölkələrə, xüsusilə, Rusiya və Gürcüstana kütləvi şəkildə köç etməsinin qarşısını almaq gücünə malik deyil. Elə bunun nəticəsidir ki, işğalçı ölkədə yaşlı əhalinin sayı durmadan artır. Digər tərəfdən, Sarkisyan hakimiyyətinin mövcud problemlərin həlli üçün hər hansı konsepsiya və ya tədbirlər planını işləmək iqtidarında olmaması xalqın son ümidlərini də puça çıxarır.
Beynəlxalq təşkilatların Ermənistandakı iqtisadi vəziyyətlə bağlı proqnozları da bədbindir. Belə ki, bir qrup türkiyəli jurnalistin Ermənistana səfəri zamanı Yerevanda beynəlxalq təşkilatların təmsilçiləri ilə keçirilmiş görüşdə bu ölkənin iqtisadiyyatı ilə bağlı bədbin proqnozlar səslənib.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Yerevan üzrə təmsilçisi Valeriu Razloq jurnalistlərlə söhbətində bildirib ki, Ermənistan qlobal maliyyə böhranından çox ciddi şəkildə zərərlə çıxıb, iqtisadiyyat daha da zəifləyib. Onun sözlərinə görə, iqtisadiyyatda qeydə alınan az miqdarda inkişaf yalnız inşaat sektorunda olub, lakin əhalinin ağır vəziyyəti ucbatından tikilən evlər boş qalıb. Ermənistana valyuta girişi 80 faizi Rusiyadan olmaqla cəmi 1 milyard dollar olub.
İş adamları üçün ciddi sıxıntılar, oliqarx məmurların inhisarçılığı və korrupsiyanın yüksək səviyyəsi də geriləməni gücləndirən subyektiv səbəblərdir. Bundan başqa, dənizlərə çıxışın olmaması, ölkənin şərq və qərb sərhədlərinin bağlı qalması, nəqliyyat və telekommunikasiya infrastrukturunun zəifliyi də iqtisadi gərginliyi artıran amillərdir. İstehsal olmadığından idxalatın artması və ölkənin xarici borcunun 3,5 milyard dollara çatması da ciddi narahatlıq doğurur.
Birləşmiş Millətlər Təşkilatının Ermənistandakı əlaqələndiricisinin müavini Dirk Boberq də bildirib ki, qlobal iqtisadi böhran zamanı bu ölkənin iqtisadiyyatında 14,5 faiz geriləmə qeydə alınıb. Onun sözlərinə görə, Türkiyə ilə sərhədlərin bağlı olması nəticəsində qeyri-rəsmi məlumatlara görə, ticarətdə təqribən 200 milyon dollar zərər olub. Beynəlxalq Əməkdaşlıq Təşkilatının (İLO) hesabatına görə, Ermənistanda işsizlik 27 faizə çatıb. Minimum əməkhaqqının məbləği isə cəmi 87 dollar təşkil edir.
Dirk Boberqin çıxışındakı ən acınacaqlı rəqəm isə ölkədən davam edən köç prosesi ilə bağlıdır. Belə ki, təkcə bu ilin 5 ayında Ermənistanı 45 min nəfər tərk edib. Rəsmi məlumatlarda ölkə əhalisinin sayı 3,2 milyon nəfər göstərilsə də, əslində bu şişirdilmiş rəqəmdir.
Qeyd edək ki, bəzi erməni rəsmi mənbələri isə ötən ildə işğalçı ölkədə miqrasiyanın davam etməsi və qarşısıalınmaz səviyyəyə çatması faktını təsdiq edirlər. Sarkisyan rejiminin narahatlığına səbəb ölkədəki siyasi, iqtisadi, sosial vəziyyətin insanları xaricə getməyə məcbur etməsidir ki, bu isə öz növbəsində zəncirvari təsir effektini yaradaraq Ermənistanda demoqrafik böhranı daha da dərinləşdirir. Xüsusilə, gənc nəslin, eləcə də, iş adamlarının işğalçı ölkədə yaşamaq istəməməsi narahatlığı bir qədər də artırır. Təbii ki, bu amil Ermənistanda həm cəmiyyətin qocalması, həm də əmək qabiliyyətli əhalinin azalmasına birbaşa təsir edir.
Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan miqrasiya ilə bağlı mətbuatda əks olunan rəqəmləri təkzib etməyə çalışaraq, ötən il ümumilikdə 70 min nəfərin Ermənistanı tərk etmədiyini bildirib. Onun sözlərinə görə, 2009-cu ildə ölkəsini 25 min, 2010-cu ildə isə 29,8 min nəfər tərk edib ki, bu da kütləvi miqrasiya hesab edilə bilməz. Lakin Ermənistan Milli Statistika Xidmətinin verdiyi məlumatlara görə, təkcə 2011-ci ilin martında işğalçı ölkəni tərk edənlərin ümumi sayı 144614 nəfər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 40,6 faiz artım deməkdir. Qeyd edək ki, 2011-ci ilin ilk aylarında Ermənistandan köçənlərin sayı 5500 nəfər təşkil edirdi. Yeri gəlmişkən, BMT hesabat yayaraq, Ermənistandan kütləvi köçün əsas səbəbləri kimi işsizlik, biznesin qurulmasına yaradılan maneələr və çətin sosial vəziyyəti göstərib.
Ekspert, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov məsələyə münasibət bildirərək deyib ki, erməni KİV-in keçirdiyi sosioloji sorğuda iştirak edənlərin əksəriyyəti təcavüzkar ölkədəki vəziyyətin yaxşı olmadığını, korrupsiyanın, işsizliyin, ədalətsizliyin baş alıb getdiyini təsdiq ediblər: "Hətta, ölkəyə sonradan gələn vətəndaşlar da gəldiklərinə peşman olduqlarını bildiriblər. Görünən odur ki, bədbəxt, korrupsiyalaşmış, insan ləyaqətinin tapdandığı və insan həyatının dəyərsiz olduğu Ermənistanda vətəndaşların yeganə xilas yolu miqrasiya və xaricdə işədüzəlmə üzrə proqramlara qoşulmaqdır".
Məlumat üçün bildirək ki, 10-na yaxın yaradıcılıq ittifaqı və ictimai təşkilatın nümayəndələri Ermənistan parlamentinin spikeri Ovik Abramyan və baş nazir Tiqan Sarkisyana ünvanlanmış birgə bəyanat hazırlayıblar. Erməni ziyalıları öz müraciətlərində "milli və iqtisadi fəlakət" miqyası alan miqrasiya ilə bağlı həyəcan təbili çalıblar.
Həmçinin, bu günlərdə açıqlama verən Ermənistanın Sosioloji Assosiasiyasının sədri Qevroq Poqosyan öz çıxışında miqrasiya ilə bağlı maraqlı faktlar səsləndirib. Onun keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, təkcə İrəvan şəhərinin sakinlərinin 15,5 faizi ölkəni tərk etmək qərarına gəlib, 32,5 faizi isə ilk fürsətdə getməyə hazırdır. Sorğunun nəticələrindən o da məlum olub ki, respublikanın 48 faizi potensial miqrantdır. Belə "çemodan əhval-ruhiyyəsi"nə səbəb kimi isə Q.Poqosyan Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətdə olmasını göstərib.
Ermənistanın "Stabil inkişaf naminə" Assosiasiyasının sədri Karina Danielyan isə kütləvi miqrasiyanın əsas səbəbini erməni cəmiyyətinin həddindən artıq polyarlaşmasında görür: "Əgər biz bütün bunları dinməzcə qəbul ediriksə, əgər biz zibil qutularında yemək qalıqları axtaran kişilərin yanından sakitcə keçiriksə və əgər biz belə millət olmaqda davam ediriksə, o zaman Ermənistanda həqiqətən heç kim qalmayacaq və çox insan buranı tərk edəcək".