Azərbaycanın biznes imkanları Batumidə nümayiş olunub

4 İyul 2011 16:41 (UTC+04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Gürcüstan nümayəndəliyi Qara dəniz və Xəzər dənizi Sahibkarlar Birliyinin (UBCCE) təşkilatçılığı ilə 30 iyun - 2 iyul tarixində Batumidə keçirilmiş \"Business goes green! Invest in Georgia - invest in the Black Sea & Caspian\" IV biznes forumda iştirak edib. SİA-nın qurumun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, Gürcüstan Sahibkarlar Konfederasiyasının, Gürcüstanın Milli İnvestisiya Agentliyinin, Türkiyə Sahibkarlar və Biznes Konfederasiyasının (TURKONFED) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə keçirilmiş tədbirdə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri də iştirak ediblər.

AZPROMO-nun Gürcüstan nümayəndəliyi forumda ölkə iqtisadiyyatının inkişafını əks etdirən xüsusi stenddə ölkəmizin biznes və investisiya imkanları ilə bağlı materialları nümayiş etdirib, Azərbaycan iqtisadiyyatının inkişafı barədə tədbir iştirakçılarına məlumat vermişdir. AZPROMO tərəfindən hazırlanmış bukletlər, kitabçalar, broşurlar, investisiya layihələri toplusu forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbir çərçivəsində AZPROMO-nun Gürcüstandakı nümayəndəliyi forum iştirakçıları ilə görüşlər keçirmiş, iş adamları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.

Forumda müxtəlif şirkətlərin təqdimatları keçirilmiş, tədbir iştirakçılarının Poti Azad Sənaye Zonasına səfəri təşkil edilib.