Bu gün Azərbaycanda polis işçilərinin peşə bayramı-2 İyul-Polis günü kimi qeyd olunur. SİA-nın xəbərinə görə, ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli "Azərbaycan Polisi gününün təsis edilməsi haqqında" fərmanına əsasən 2 iyul respublikada hər il polis əməkdaşlarının peşə bayramı kimi qeyd edilir. Azərbaycan polisinin yaranma tarixi isə daha keçmişə, ötən əsrin 20-ci illərinə təsadüf edir.
Hələ 1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan edən Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. 1918-20-ci illəri əhatə edən fəaliyyəti dövründə nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayıb, müstəqilliyin müdafiəsinin ön sıralarında olub. 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə ölkə Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna görə uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. 1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı vuruşaraq orden və medallara layiq görülüblər. Ermənistan - Azərbaycan münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid verib, 681 polis əməkdaşı isə əlil olub.