Artıq bakalavrlar “Cavab kartları”nın real qrafik təsvirini görə bilərlər-YENİLİK

1 İyul 2011 15:27 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il magistraturaya qəbul imtahanlarının nəticələrinin açıqlanması ilə bağlı yenilik tətbiq edib. SİA-nın xəbərinə görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, ilk dəfə olaraq magistraturaya yazılı imtahan verən bakalavrlar istisna olmaqla, digər bakalavrlar "Cavab kartları"nın real qrafik təsvirini görə bilərlər. Onun sözlərinə görə, magistrlərin sayı az olduğu üçün bu ilk öncə onlar üçün həyata keçirilib. Yeni texnoloji dövrənin proqram təminatının TQDK tərəfindən hazırlandığını deyən M.Abbaszadə qeyd edib ki, bazada qrafik olaraq həmin bakalavrın görüntüsünə birləşib.

"Bütün imtahanlar qurtarandan sonra apellyasiya avqust ayında keçiriləcək. Amma çox zaman magistrlərə o vaxta qədər nəticələri vermək imkanı olmadığı üçün onlar cavab kartlarına baxa bilərlər. Yazı yazanların nəticələri burada yoxdur. Yeni proqram təminatı imtahanların şəffaflığının daha bir göstəricisi olmaqla yanaşı, qəbul imtahanının nəticəsindən narazı qalan bakalavrlara öz cavabları ilə tanış olmaq imkanı yaradacaq: "Çox zaman bakalavrlar bizə müraciət edirlər ki, onlar "Cavab kartları"na baxmaq istəyirlər. Elə hallar da olur ki, abituriyentlər yazdıqlarını imtahan nəticəsində görmədiklərini iddia edirlər. Ona görə də biz bu ildən yeni texnoloji dövrəni tətbiq edirik. "Cavab kartları"nın real görüntüsü hər bir bakalavr üçün göstərilir. Gələn ildən bakalavriat pilləsinə imtahan verən abituriyentlərin nəticələrini də belə təqdim etmək istəyirik. Amma bu, təkcə bizdən asılı deyil. Çünki bir var 5-6 mini yoxlayasan, bir də var ki, 100 mini işi yoxlasan. Bizdə indi texnoloji dövriyyə buna imkan vermir. Bunların həyata keçirilməsi üçün əlavə texnnoloji vəsaitlər tələb olunur".

TQDK sədri Təhsil Nazirliyinin buraxılış imtahanlarının nəticəsi olaraq təqdim etdiyi cavab kartı ilə bu yenilik arasında bir sıra fərqlərin olduğunu söyləyib. O qeyd edib ki, TQDK tərəfindən magistratura ilə bağlı təqdim olunan real cavab kartlarıdır: "Təhsil Nazirliyinin təqdim etdiyi cavab kartı isə faktiki olaraq biz verdiyimiz arayışdır. Bu forma bütün abituriyentlər üçün eynidir, yalnız onun üzərində abituriyentin cavabları qeyd olunub. Burada isə abituriyent öz cavab kartında nəsə qeyd edibsə, nəyisə düzgün yazmayıbsa, onların hamısı görsənir. Bu faktiki olaraq cavab kartının şəklidir, amma bazaya daxil olub. Abituriyentin şəkli necə bazaya daxil olubsa, cavab kartının da şəkli elə bazaya daxil olub. Amma Təhsil Nazirliyində isə qrafik formada yazılan proqramdır və orada hər bir abituriyentin cavabı nöqtələrlə qeyd olunub. Bu onun real kartında nəyisə silibsə, maşın onu oxumayıbsa, o, Təhsil Nazirliyinin təqdim etdiyi formada görünməyəcək. Amma burada görünəcək, çünki bu real kartdır".