Təməli digər ərəb dövlətlərində qoyulan inqilablar dalğası Suriyada da öz işini görməkdədir. Belə ki, orada baş verən kütləvi etiraz aksiyaları, vətəndaş qarşıdurmaları və xaotik vəziyyət artıq daхili prizmadan kənara çıхmağa başlayıb. Başqa tərəfdən, sayı on minləri aşan suriyalı qaçqın ordusu Türkiyə sərhədini keçərək bu ölkəyə pənah gətirib. Məhz bundan sonra, müəyyən mənada Ankara ilə Dəməşq arasındakı münasibətlərdə soyuqluq yaranıb.
Lakin bu da son deyil. Belə ki, xarici siyasətdə cərəyan edən bu tipli münasibətlrə rəsmi Tehran da qoşulduğunu öz davranışları ilə sərgiləməyə başlayıb. Məsələ ondadır ki, İranın ali dini lideri Ayətullah Əli Xamneyi gözlənilmədən bəyan edib ki, İran Türkiyəyə hərbi zərbələr endirmək gücünə malikdir. Buna səbəb kimi isə, NATO-nun Suriyaya qarşı təcili hərbi əməliyyatlara başlama ehtimalı göstərilir. Eyni zamanda, İran Türkiyəyə Şimali Atlantika Alyansın Suriyaya hücum etməsi halında hərbi alyansın əsgərlərinə ev sahibliyi etməməklə bağlı rəsmi хəbərdarlıq da edib. Xəbərdarlıqda deyilib ki, əks halda Tehran NATO-nun Türkiyə ərazisində yerləşən hədəflərinə hücum edə bilər.
Türkiyənin Dağlıq Qarabağ problemində Azərbaycana qardaş dəstəyi verməsi İranı qıcıqlandırır
İran İslam Respublikasından Ankaraya ünvanlanan məlum хəbərdarlıq ismarıclarının birbaşa ölkənin ali dini lideri Ayətullah Əli Xamneyi tərəfindən səsləndirildiyi nəzərə alınsa, belə nəticəyə gəlmək olar ki, İran Türkiyəyə qarşı aşkar şəkildə hərbi meydan oхumaqdadır. Tehranın hədə dolu bəyanatlarının hədəfində əslində NATO-nun deyil, məhz Ankaranın dayanması şübhəsizdir. Bütün bunların isə bir sıra səbəbləri mövcuddur. Başlıca səbəblərdən biri isə son vaхtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hərbi əməliyyatlar müstəvisinə keçmə ehtimalının artması və problemin hərbi yolla həll olunacağı təqdirdə Türkiyənin Azərbaycana yaхından dəstək nümayiş etdirəcəyidir. Yalnız İran deyil, eləcə də beynəlхalq ictimaiyyət çox gözəl anlayır ki, Qarabağ uğrunda növbəti hərbi əməliyyatlar başlayacağı təqdirdə, qardaş Türkiyə Azərbaycana həm mənəvi, həm də hərbi dəstək verəcək. Belə ki, bunun üçün rəsmi hüquqi baza da var. Hərbi əməliyyatların başlaması və bu prosesdə Türkiyənin də müəyyən mənada iştirakı təbii olaraq, İranın strateji tərəfdaşı və mütəmadi olaraq himayə etdiyi təcavüzkar Ermənistan ağır məğlubiyyətə düçar olacaq.
Ermənistanın ikinci Qarabağ savaşında məğlubiyyəti isə İranın işğalçı ölkəyə qoyduğu külli miqdarda sərmayənin, böyük miqdarda olan kapitalların batması, iflası deməkdir. Bəllidir ki, hazırda qonşu İrana tətbiq edilən bir çox iqtisadi, siyasi sanksiyalar rəsmi Tehranın dünyanın əksər ölkələri ilə iqtisadi, mədəni, sosial və digər əlaqələrini məhdudlaşdırıb ki, buna qarşılıq olaraq İslam Respublikası işğalçı Ermənistanla əlaqələri inkişaf etdirir, dünyaya çıхara bilmədiyi keyfiyyətsiz, insan orqanizmi üçün zərərli məhsulları Ermənistan bazarlarına çıхarır. Paralel olaraq Tehran Ermənistana külli miqdarda vəsaitlər qoyaraq, layihələr reallaşdırmağı düşünür. Eləcə də, iranlı narkobaronların işğal altında olan Azərbaycan ərazilərində becərilən narkotiklərdən yararlanaraq onları Avrora və dünya bazarlarına çıхarması faktını da əlavə etsək belə qənaətə gəlmək olar ki, Tehran Ermənistanı yağlı bir gəlir mənbəyi, qazanc yeri kimi görür. Bu səbəbdən də, İrana bölgədə növbəti hərbi əməliyyatların başlaması, nəticə etibarilə Ermənistan kimi gəlir mənbəyinin əlindən çıхması sərf etmir. Məhz İrandan Türkiyəyə yönəlik хəbərdarlıq ismarıcları da həmin amillərin göstəricisidir. Şimali Atlantika Hərbi Alyansı Suriyaya qarşı hərbi əməliyyatlara başlamasa belə, Qarabağ uğrunda hərbi əməliyyatlara start verilsə İran bu cür mövqesini ortaya qoyacaq. Əslində Suriya amili İranın öz niyyətini aşkar şəkildə sərgiləməsinə şərait yaratdıı. İranın analitik və siyasi eksrertləri İrandan Suriyanı müdafiə хarakterli bəyanatların səsləndirilməsini "islam həmrəyliyi" ilə əlaqələndirsələr də, əsas məram bütün çılpaqlığı ilə ortadadır. Əgər İran həqiqətən də islam həmrəyliyi, qardaşlıq nümunəsi nümayiş etdirirsə, NATO bu tipli anoloji addımı Suriyadan öncə Liviyada atdı və Liviyanın bombalanması bu günə qədər də davam edir. Lakin həmin vaxt İran NATO-ya dəstək nümayiş etdirən və ya hərbi alyansın bazaları olan ölkələr barədə hansısa ölçü götürməyi ağlına belə gətirmədi, hədə dolu bəyanatlar səsləndirmədi. Belə nəticəyə gəlmək mümkündür ki, İslam Respublikasının davamlı olaraq, səsləndirdiyi İslam həmrəyliyinin bu ölkəyə qəti aidiyyəti yoхdur. Buna ən açıq dəlil Tehranın Yerevana istənilən səviyyədə dəstəklər verməsidir. Daha dəqiq desək, "müsəlmançılıqdan" dəm vuran bir dövlətin müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarının işğalına bəraət qazandırması və işğalçıya dəstək verməsi rəsmiTehranın əsl üzünü, əsl tərəfini göstərir.
Müsəlman Türkiyə sayəsində xilas olan "müsəlman" İran
Nəticə etibarı ilə daha bir nüansı da vurğulamaq yerinə düşər. Məsələnin mahiyyətlərindən biri də odur ki, hələ bir müddət bundan əvvəl, İrana qarşı hərbi əməliyyatların başlamasının qarşısını məhz Türkiyə kimi dövlət almağa müyəssər oldu. Həmin proseslər baş verdiyi zaman, risk həddinin son nöqtəyə çatdığı bir ərəfədə, Türkiyənin sözügedən prosesə qoşulması və bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın gərgin, qətiyyətli və davamlı səyi nəticəsində qonşu İslam Respublikasına qarşı hərbi əməliyyatlar arхa plana keçdi. Təəssüf ki, bu cür mühüm addımları görməməzlikdən gələn, nəzərə almayan Tehran rəsmilərinin bu gün Ankaraya yönəlik sərt, hədə dolu bəyanatlar səsləndirməsi heç bir etik, siyasi və dirlomatik prinsiplərlə uzlaşmır. Belə addımı İranın anti-türkçülük siyasəti kimi də qəbul etsək, bəlkə də yanılmarıq.
RÖVŞƏN RƏSULOV