İşğalçı Ermənistanda bütün sahələrdə tənəzzül hökm sürür, siyasi arenada müxalifət və iqtidar arasında gərginlik zaman keçdikcə daha da dərinləşir. Bununla yanaşı xaricdə fəaliyyət göstərən erməni diasporu Sarkisyan rejiminə təzyiqlər göstərir, müxalifət isə xaricdən dəstək umur. Bir sözlə, işğalçı ölkədə korrupsiyalaşmış və qeyri-legitim komandanın hakimiyyəti nəticəsində qeyri-sağlam mühit formalaşıb. Bütün bunları gizlətmək üçün isə, Ermənistan hakimiyyəti qonşu ölkələrə qarşı torpaq iddiaları qaldırmaq yolu ilə ictimai fikri manipulyasiya etməyə çalışır. Yəni, Sarkisyan rejiminin qondarma "Dağlıq Qarabağın" müstəqilliyi və ya "erməni soyqırımı"nın tanınması istiqamətindəki fəaliyyəti, əslində, öz qanunsuz hakimiyyətini ört-basdır etmək üçün uğursuz cəhddən başqa bir şey deyil. Daha dəqiq desək, Serj Sarkisyan erməni xalqının artan narazılığı şəraitində hakimiyyətini qorumaq üçün Dağlıq Qarabağ münaqişəsindən kart-blanş (məhdudiyyətsiz səlahiyyət) kimi istifadə edərək mövqeyinin zəifləmədiyini göstərməyə çalışır. Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaqla hazırki rejim, əslində, öz hakimiyyətini sığortalamağa çalışır. Onu da əlavə edək ki, hazırki erməni iqtidarı digər dayaqlarından da məhrum olmağa başlayıb. Belə ki, hakimiyyətinin ilk dövrlərində yerli siyasi partiyalar tərəfindən dəstəklənən hakim respublikaçılara münasibətdə bu gün onların mövqeyi dəyişib. Digər tərəfdən, Sarkisyan əslən Dağlıq Qarabağdan olduğundan, ətrafına "qarabağlı" erməniləri yığıb. Bu da Ermənistanın yerli əhalisinin narazılığına səbəb olub. Məsələn, Ermənistan İnqilabi Federasiyası "Daşnaksütyun"un büro üzvü Karo Manoyan əvvəlki illərdə Sarkisyanı "ikiəlli dəstəkləsə də", indi onun səbri tükənib. Daşnakların Sarkisyan hakimiyyətinə qarşı çıxmalarının səbəblərini Manoyan belə izah edib: "Onlar ümidlərimizi doğrultmadılar. Qarabağ, erməni ideyası və ermənilərin maraqlarının təminatı kimi problemləri həll etmək əvəzinə Sarkisyanın hakimiyyəti yalnız xalqın hesabına varlanmaqla məşğuldur". Yeri gəlmişkən, qeyd edək ki, Dağlıq Qarabağa yardım məqsədilə xarici ölkələrdə keçirilən "xeyriyyə" aksiyaları zamanı toplanan maliyyə vəsaiti də hazırki iqtidarın varlanmasına sərf olunur. Ermənistanın ilk prezidenti, hazırda erməni müxalifətinin lideri Levon Ter-Petrosyanın dediyinə görə, Robert Köçəryanın varisi olan Serj Sarkisyan ölkəni uçuruma aparır: "Bu insanların məqsədləri yalnız öz şəxsi mənafelərinin təminatıdır. Köçəryan hakimiyyətdən gedəndən sonra həbs olunmamaq və ən başlıcası, xalqın malını qarət etməklə yığdığı varidatını daha da artırmaq üçün Sarkisyanı öz yerinə qoydu. Bəli, məhz belə: çünki Serj Sarkisyan normal, ədalətli seçkilər nəticəsində prezident olmayıb. O, total qanunsuzluqlar və saxtakarlıqlar hesabına indiki kürsüsündədir. Bizim, erməni xalqının da qarşısında duran ən ümdə vəzifəmiz bu adamı və onun dəstəsini hakimiyyətdən kənarlaşdırmaq, Ermənistanda demokratik dəyərlərə əsaslanan cəmiyyət yaratmaqdır. Bu cəmiyyət olmayınca, Sarkisyan Dağlıq Qarabağ münaqişəsindən xilasedici kəmər kimi hələ çox istifadə edəcək". Həmçinin, "Daşnaksütyun"un bu günlərdə keçirdiyi toplantıda partiyanın büro üzvü Qrant Marqaryan maraqlı açıqlama ilə çıxış edib: "Dövlətimiz canlı orqanizmdir. Hər bir orqanizm kimi, o da xəstəliklərə mübtəladır. Əgər o xəstəlikləri vaxtında müalicə etməsək, mərəz xroniki formaya keçəcək. Onda hər şey ya amputasiya, ya da ölümlə nəticələnəcək". Beləliklə, görünən odur ki, daşnaklar şübhə etmirlər ki, Sarkisyan hakimiyyətdə qalmağa davam edərsə, Ermənistan daha ağır məğlubiyyətlərə düçar olacaq.