Ermənistanla Azərbaycan arasında olan qüvvələr balansı qəti olaraq dəyişib - ANALİZ

24 İyun 2011 19:16 (UTC+04:00)

Rusiya Prezidenti Dmitri Medvedevin şəxsi iştirakı tərəflərə razılığa gəlməyə imkan verir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini şərh edərkən bildirib. Prezidentin sözlərinə görə, prosesdə Azərbaycan tərəfi daha çox nikbin ruhda köklənib. O, vurğulayıb ki, əgər erməni tərəfi irəliyə doğru mühüm addım atmaq üçün konstruktiv yanaşma və siyasi iradə nümayiş etdirsə, münaqişə çox tezliklə həll oluna bilər. Eyni zamanda, dövlət başçısının fikrincə, danışıqlar prosesi vasitəçilərin hər iki tərəfə təklif etdikləri və beynəlxalq səviyyədə qəbul edilən prinsiplərə uyğun gələn baza prinsiplərinə əsaslanır: "Bu, ölkənin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi hüququdur. Bu prinsiplər bir-birinə zidd deyil, onların hər ikisi vacibdir və hər ikisi sülh müqaviləsində nəzərə alına bilər".


Azərbaycan tərəfindən muxtariyyət zəmanəti


Dövlət başçısı öz müsahibəsində xüsusi olaraq, vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və bu amil büynəlxalq səviyyədə qəbul edilməkdədir. Prezident İlham Əliyev Azərbaycanın mövqeyinə toxunaraq, onu da qeyd edib ki, ölkəmizin bu istiqamətdə atdığı addımlar tamamilə aydındır: "Bir çox illər ərzində bizim mövqeyimiz tamamilə aydındır və şəxsən mən dəfələrlə açıq şəkildə bəyan etmişəm ki, biz Dağlıq Qarabağ sakinlərinə və Dağlıq Qarabağa qayıdacaq insanlara yalnız dünyada mümkün ola bilən ən geniş muxtariyyətə zəmanət verə bilərik"

Bu müstəvidə olan digər suallara da cavab verən Azərbaycan Prezidenti deyib ki, muxtariyyətin forması tərəflərin növbəti danışıqlarının mövzusu ola bilər və qeyd edib ki, bu, geniş muxtariyyət ola bilər: "Düşünürəm ki, Avropada mövcud olan muxtariyyətlərin müsbət nümunəsi bizə kömək edə bilər, çünki yeni nəsə fikirləşmək çətin olacaq. Bizim üçün isə Avropa ölkələrində yaxşı nümunələr var. Məsələn, İtaliya və Tirol, eləcə də mərkəzi hakimiyyətin böyük diqqət ayırdığı başqa yerlər. Muxtariyyətlərə və onların maliyyə dəstəyinə oradа yaşayan xalqların daha yaxşı həyat səviyyəsinin təmin edilməsi üçün daha çox diqqət ayrıla bilər. Biz də bunu edə bilərik. Azərbaycan böyük maliyyə imkanlarına malikdir və bizim üçün Dağlıq Qarabağ üzrə ciddi iqtisadi və sosial inkişaf proqramlarına başlamaq böyük problem deyil".


Ermənistan status-kvonu saxlaya bilmək iqtidarında deyil


Azərbaycan Prezidenti bildirib ki, bir müddətədək Ermənistan bir fikirüzərində dayanmışdı ki, onlar status-kvonu mümkün qədər çox saxlaya biləcəklər və bu, onlarda alınacaq. Ancaq hadisələrin gedişi bunun nə qədər yanlış olduğunu sübuta yetirdi. Dövlət başçıs qeyd etdiyinə görə, son aylarda hadisələrin inkişafı göstərdi ki, beynəlxalq birlik, Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya, Fransa və bu ölkələrin rəhbərləri status-kvonun yolverilməz olması barədə bəyanatlarla çıxış ediblər: "Dünyada aydın başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb. Qətiyyən yox. Və atəşkəs çox "kövrəkdir". Atəşkəsin daim pozulması və ayırıcı xətlər hamıda - Azərbaycanda, Ermənistanda, dünya birliyində böyük narahatlıq doğurur".

Prezident İlham Əliyevin sözlərinə görə, digər vacib məqam ondan ibarətdir ki, son illər ərzində Ermənistanla Azərbaycan arasında qüvvələr balansı qəti olaraq dəyişib və bu gün Azərbaycanın dövlət büdcəsinin xərcləri Ermənistanın bütün büdcəsini on dəfə üstələyir: "Təkcə Azərbaycanın müdafiə büdcəsi Ermənistanın bütün büdcəsindən çoxdur. Reallıq belədir. Və vaxt ötdükcə iki ölkə arasında bu fərq daha da böyüyəcək".

Cənab Prezidentin ""Euronews" telekanalına verdiyi müsahibəsindən o da bəlli olur ki, Azərbaycan tərəfi öz qətiyyətli mövqeyi ilə danışıqlar prosesində hərtərəfli üstünlüyə malikdir və bu mühüm amil təbii ki, danışıqların nəticəsindən asılı olmayaraq, hər zaman ölkəmiz tərəfində olacaq.


RÖVŞƏN RƏSULOV