Millət vəkili, politoloq Rasim Musabəyovun Səs TV-yə müsahibəsi:
-Rasimmüəllimsongünlərdə SerjSarkisyanın AŞPA-dakı çıxışı gündəmdədir. Bu çıxış bir növ qurumun üzvlərinə, eləcə də dünya birliyinə meydan oxumaq anlamına gəlmirmi?
-Xeyir, deməzdim ki, bu çıxış dünya birliyinə meydan oxumaq iqtidarındadır, çünki Ermənistanın niyyəti açıq-aşkar ortadadır. Erməni xalqından bundan başqa heç bir şey gözləmək mümkün deyildi. Sadəcə olaraq Ermənistan özünəməxsus bir üsulla bir tərəfdən sülhə meylli dövlət kimi görünməyə, digər tərəfdən isə Azərbaycanla bağlı yanlış fikirləri yaymağa cəhd göstərirdi. Təbii ki, burada Ermənistanı sülhə meylli dövlət kimi tanıtmağa cəhd göstərilməsi də məhz Azərbaycan haqqında yanlış məlumatların yayılması istiqamətində göstərilən cəhdin bariz nümunəsidir. Sarkisyanın AŞPA-dakı danışığının əsas mahiyyəti ondan ibarət oldu ki, Dağlıq Qarabağ məsələsi üzərində işləmək vacibdir. Yəni Sarkisyan öz çıxışında Ermənistanın hər zaman məsələnin həlli ilə bağlı sülhə hazır olduğu yalanını müdafiə edib. Lakin bunun bu cür olmadığını bütün dünya bilir. Mən düşünürəm ki, Ermənistan tərəfinin belə uydurma fikirlərinə və saxtakar iddialarına kimsə inanmayacaq.
-Tarixə yüzlərlə insanın qanı ilə yazılmış Xocalı soyqırımında bilavasitə rolu olan Sarkisyanın Azərbaycanda "irqçilik" və "dözümsüzlük" kimi anlayışların mövcudluğundan danışması nə dərəcədə qəbulolunandır?
-Azərbaycanda irqçilik və dözümsüzlükdən danışmaq üçün Sarkisyanın üzü olmalıdır. Özü bilavasitə Xocalı soyqırımında iştirak edən adam Azərbaycanda dözümsüzlükdən danışır. Bu qədər mənasız və saxtakarlıq yüklü açıqlamanı da ancaq Sarkisyan verə bilərdi. Lakin ona verilə biləcək ən düzgün cavabı, məhz Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dilə gətirdi. Ermənistan prezidentinin məsələ ilə bağlı sözlərini gülünc adlandıran dövlət başçısı eyni zamanda Azərbaycanın işğala məruz qalan dövlət olduğunu da fikirləri ilə əsaslandırdı.
-Rasim müəllim, sizcə, Sarkisyanın bu istiqamətdə çıxışları Kazan görüşündə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı istəkləri sual altında qoymağa xidmət etmirmi?
-Əslində Ermənistanın sərgilədiyi mövqe normaldır. Çünki Sarkisyandan bundan artıq nə gözləmək olar ki? Yəni tarix boyu öz riyakarlıqları ilə tanınmış ermənilər bugün axıtdıqları qanlar üçün günahkarlıqlarını boynuna ala bilərlərmi? Təbii ki, əsla! Çünki Ermənistan tərəfi yalnız cəsarətsizlik simvolu kimi təmsil oluna bilər. O qədər çarəsizdirlər ki, müxtəlif tribunalardan istifadə edərək özlərinə bəraət qazandırmağa çalışır, kiminsə etibarını qazanmaq üçün istənilən saxtakarlıqlara əl atırlar. Ancaq bu cür düşüncələrin dünyaya aşılanması qeyri-mümkündür. Hamı hər şeyi yaxşı görür. Kazan görüşünə gəldikdə isə, bu görüşə ev sahibliyi edəcək olan Rusiya prezidenti Dmitri Medvedev də Ermənistan prezidentinin çıxışını dinləyib əhəmiyyət verəsi deyil. Orada əsas məsələlər üzrə konkret çıxış yolları müzakirə olunacaq. Bu cür çıxışlar isə heç bir əhəmiyyət kəsb etməyəcək. Ermənistan tərəfi konkret "hə", ya da "yox" cavabı verməlidir. Bu baxımdan özləri də yaxşı bilirlər ki, AŞPA-dakı çıxışları Kazan görüşündə onlara dəstək olmayacaq. Ona görə də müxtəlif üsullara əl atırlar.
-Rasim müəllim, Ermənistan iddia edir ki, Madrid prinsipləri ilə mərhələlər planı Ermənistan və Azərbaycan tərəfindən fərqli başa düşülür. Ümumiyyətlə, sizcə, belə siyasi şoular nədən qaynaqlanır?
-Ermənistan bu tipli şoulara ona görə əl atır ki, əgər iş pozularsa, müəyyən mənada məsuliyyəti Azərbaycanın üzərinə atsın. Lakin bu məqamda diqqətə çatdırmaq istərdim ki, vəziyyətdən bixəbər olan insanlar üçün bu cür siyasi fikirlər əhəmiyyətli ola bilər. Amma bu o demək deyil ki, hər kəs bu çıxışlara eyni maraq və əhəmiyyətlə yanaşır. Çünki məsələnin içərisində olan və proseslərin gedişatını bilavasitə yaxından izləyən insanlar üçün təbliğat xarakterli çıxışların heç bir əhəmiyyəti yoxdur. Ona görə də Ermənistan tərəfi ABŞ, Fransa kimi bir sıra ölkələri öz uydurma həqiqətlərinə inandırmaq üçün bu istiqamətdə fikirlər səsləndirməyə davam edir. Lakin bütün bunların ermənilərə hansısa müsbət nəticə qazandıracağını düşünmürəm.
-Beynəlxalq təşkilatların, eləcə də BMT-nin işğal olunan Azərbaycan torpaqlarının boşaldılması haqqında bir sıra qətnamələri var. Sizcə, bütün bunlara baxmayaraq Ermənistanın bu qətnamələri icra etməməsi nə ilə bağlıdır?
-Təbii ki, bu məsələnin əsas səbəbi Ermənistanın böyük dövlətlər tərəfindən müdafiə olunmasıdır. Əslində xarici dövlətlər Ermənistanın işğal etdikləri ərazilərdən çıxması vaxtının gəlib çatdığını desələr də, hamımız yaxşı bilirik ki, dünya ölkələri ərköyün uşaq kimi Ermənistanın başına sığal çəkirlər. Halbuki, "şapalağın" vaxtı çoxdan çatıb! Ümumiyyətlə, Ermənistanın vəziyyəti olduqca acınacaqlıdır. Maliyyə vəziyyəti getdikcə gərginləşən ermənilər hardasa öz sözlərini deyə bilərlər, amma özlərini yaxşı aparmasalar, sonra gedib böyük dövlətlərin qarşısında yardım dilənəcəklər. O vaxt da gəlib çatanda Ermənistana öz yeri və həddi bildiriləcək. Yəni ucuz şoularla hansısa nailiyyət əldə etmək qeyri-mümkündür. Ermənistanın siyasəti yalvarışlara və dilənçiliyə əsaslanır. Təbii ki, müqayisəyə ehtiyac yoxdur, amma, mən yenə də qeyd edim ki, Ermənistan prezidenti AŞPA-da şou xarakterli ucuz çıxışlar etdiyi halda, Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqının baş katibi ilə görüşlər keçirir və qurumun Azərbaycana yönələn istəklərini müzakirə edir. Yəni Azərbaycan konkret addımların və dəqiq hədəflərin arxasınca getdiyi halda, qarşı tərəf ucuz və saxta şoularla bəraət qazanmaq üçün, az qala başqa xalqlara yalvarır.
-Rasim müəllim Ermənistanı "şapalağın vaxtı çatdığı halda, böyük dövlətlər tərəfindən başına sığal çəkilən ərköyün övlad"-a bənzətdiniz. Görəsən, bir gün vəziyyət "qızını döyməyən dizini döyər"- el misalına gəlib çıxa bilərmi?
-Maraqlı yanaşmadır, lakin Ermənistanın kiməsə nə isə edə biləcək iqtidarda olmadığını düşünürəm. Sadəcə Ermənistan Azərbaycana təsir və təzyiq etmək üçün bir vasitədir. Rusiya da, Fransa da, ABŞ da yaxşı bilirlər ki, istədikləri hər şey əslində Azərbaycandadır. Sadəcə olaraq, bu dövlətlər Ermənistandan istifadə edərək Azərbaycanda istəklərini reallaşdırmağa cəhd göstərirlər. Ona görə də, Ermənistan bir alətdir, və Azərbaycandan istədiklərini əldə etməmiş bu aləti əllərindən buraxmaq istəmirlər. Sadəcə buna görə Ermənistanı himayə edirlər.
-Rasim müəllim, əgər Ermənistan hakimiyyəti konstruktiv mövqedən bu cür yayınırsa, sülh danışıqlarına cəhd göstərməyə nə dərəcədə lüzum var?
-Hər bir xalq sülh imkanlarından son dəqiqəyə kimi istifadə etməlidir. Hətta elan olunsa ki, 1 saat sonra müharibədir, amma sülh yolu ilə hansısa razılığa gəlmək şansı var, son anda belə bu şansdan istifadə etmək lazımdır. Azərbaycanda işğal altında olan torpaqların azad edilməsi üçün istənilən sahədə tədbirlər görülür. Azərbaycanın özünü bu sahədə isbat etməsi üçün bir sıra nailiyyətləri var. Amma yenə də təbii ki, biz məsələnin hərbi müstəviyə keçməsini istəmərik. Çünki qan, ölüm kimi üsullardansa, hər şeyin sülh danışıqları ilə həll olunması üçün əlimizdən gələni etməliyik. Bu bizim qan axmasını istəmədiyimizi göstərir. Lakin heç bir razılığa gəlinmədiyi halda, Azərbaycanda hərbi müstəvidə də bütün hazırlıqlar davam edir.