Radikalların ucuz şousu vətəndaşları bezdirib - ANALIZ

20 İyun 2011 12:35 (UTC+04:00)

Məlum olduğu kimi, iyunun 19-da guya bəzi radikal müxalifət partiyalarının təmsilçiləri paytaxtda mitinq keçirməli idilər. Bəzi xarici güclərin pulunun qarşılığında ölkəsində hər bir qarşıdurmanı yaratmağa müntəzir olanların "icazəsiz aksiya" adlandırdığı tamaşa radikal müxalifətin son dərəcə miskin vəziyyətdə olduğunu həm özlərinə, həm də onları maliyyələşdirən xarici qüvvələrin oraya yığılan nümayəndələrinə göstərdi. Əvvəlcədən öz qəzetlərində geniş təbliğat işləri aparmalarına baxmayaraq, göstərilən ünvanda istirahət edən vətəndaşlardan, KİV və QHT nümayəndələrindən, asayişi qoruyan azsaylı polislərdən başqa heç kəs yox idi. Ümumilikdə, 70-80-ə yaxın adam pərakəndə şəkildə tək-tük gözə dəyirdi ki, onlar da qəsdən və bilərəkdən qarışıqlıq yaratmaq istədilər. "Nərimanov" parkında 10-15 nəfərdən ibarət bir neçə marginal qrupun ictimai asayişi pozmaq cəhdlərinin qarşısı polis orqanları tərəfindən alındı.

Qeyd edək ki, polis orqanlarının aksiya iştirakçılarını dağılışmaq barədə məlumatlandırıb, əks halda qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi haqda onlara dəfələrlə xəbərdarlıq edib və qanuni tələblərə məhəl qoymayan, ictimai qaydaları pozan 23 nəfəri saxlayıb.

Xalq bir daha radikal müxalifətə onların yerlərini və kim olduqlarını göstərdi. Azərbaycan xalqı bir daha inkişafı dəstəklədiyini, dövlətinin, hakimiyyətinin arxasında olduğunu nümayiş etdirdi. YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov baş verənlərə münasibət bildirərək deyib: "Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiyini və Onun ətrafında sıx birləşdiyini bu cavabı ilə bir daha təsdiqlədi". Keçirilən bu uğursuz aksiya cəhdi müxalifətin bir daha mitinq arzusunu dilə gətirməsinin yalnız gülüş doğuracağını ortaya qoydu. Bu biabırçılıqdan sonra yəqin ki, onlar əgər həyaları varsa, bir də mitinq keçirmək arzusuna düşməyəcəklər. Çünki bu mitinq bir daha göstərdi ki, Azərbaycanda radikalizmə, dağıdıcılığa yer yoxdur".

YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev isə söyləyib ki, Azərbaycan ictimaiyyəti, vətəndaşlar ölkəni xaos və anarxiyaya doğru sürükləməyə cəhd edən İ.Qəmbər və Ə.Kərimliyə layiq olduqları yeri göstərdilər: "Radikal müxalifət başçılarının küçələrə minlərlə tərəfdarını çıxaracağı haqqında iddiaları sadəcə yalan və cəmiyyəti aldatmaq cəhdidir. Bu "güc"" və "bacarıqla" radikal müxalifətin nəinki hakimiyyətə gəlmək, hətta müxalifətdə qalmaq şansı yoxdur".

Bir sözlə, radikalların bu dəfəki "mitinqi" də baş tutmadı. Bunun sbəbi isə müxalifətə dəstək verən insanların olmaması idi. Bu fakt isə özülüyündə bir daha sübut edir ki, radikalların bu cür ucuz şouları insanları bezdirir...