Düşmənə sirr verməyən Milli Qəhrəman

18 İyun 2011 10:25 (UTC+04:00)

18 iyun Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən xəbərə görə, Səfiyar Abuzər oğlu Behbudov 1967-ci il iyunun 18-də Bərdə rayonu Mollalar kəndində anadan olub.

O, 1992-ci ildə Bərdə özünümüdafiə batalyonuna daxil olub, bölmə komandiri kimi Tərtər, Ağdam, Əsgəran istiqamətlərində döyüşlərdə rəşadətlə vuruşub. O, 1992-ci il martın 11-də Əsgəran istiqamətində öz döyüş maşını ilə düşmənə qarşı hücuma keçir, düşmənin qüvvələrini dağıdaraq mühasirədə olan döyüşçüləri xilas edir, sonra Əsgərana doğru irəliləyir, bu döyüşdə ağır yaralanır və əsir düşür, düşmənin bütün işgəncələrinə baxmayaraq heç bir sirr vermir. Ermənilər onun ayaqlarını məftillə bağlayıb üstünə neft töküb yandırıblar.

Onun yanmış cəsədini sonradan geri almaq mümkün olub. Bərdə rayonu Mollalar kəndində dəfn edilib. Oxuduğu 6 saylı orta məktəb onun adını daşıyır.