Məlum olduğu kimi, Ermənistanda əmək qabiliyyətli əhalinin ölkəni tərk etmə meyillərinin artması müşahidə olunmaqdadır. Erməni iqtisadçıları özləri də etiraf edirlər ki, ölkədə az sayda olan iş yerlərinin bağlanması səbəbindən əhalinin miqrasiyası sürətlə artır. Ekspertlər hesab edirlər ki, bunun qarşısını almaq iqtidarında olmayan İrəvan hökuməti tam tərkibdə istefa verməlidir. Son dövrlər ölkədə böhranın dərinləşdiyini deyən müxalifətçi Ermənistan Milli Konqresinin (EMK) nümayəndəsi Vaaqn Xaçatryan hakimiyyətin \"hər şeyin yaxşı olacağına\" dair verdiyi vədlərə bu cür münasibət bildirib: \"Mənim üçün maraqlıdır ki, bu hakimiyyət 2011-ci ildə büdcə xərclərinin icrası üçün pulu haradan tapacaq? Çünki Ermənistanda faktiki olaraq iqtisadiyyat deyilən şey yoxdur. Hazırda ölkədə 2-3 faizlik iqtisadi artımdan danışanlar yalan deyirlər. 12 faizlik artımın olacağından dəm vuranlar isə, özləri də yaxşı bilirlər ki, erməni xalqı faktiki olaraq səfalət içində yaşayır\". Elə proseslərin gedişi də yaxın gələcəkdə ölkədə iqtisadi inkişafdan danışmağın əsassız olduğunu göstərir. Ermənistan Mərkəzi Bankının sabiq rəhbəri Baqrat Asatryan da bu fikirdədir. Onun sözlərinə görə, inflyasiyanın yeni dalğasının başlanması, müəyyən kommunal xidmətlərin, həmçinin, enerjidaşıyıcılarının qiymətinin ilin ikinci yarısından etibarən artırılacağı barədə yayılan məlumatlar, əhalinin sosial narazılğının daha da güclənməsinə səbəb olmaqla yanaşı, vətəndaşların miqrasiyasına növbəti təkan verəcək. Erməni millət vəkili Viktor Dəlləkyan da BMT-nin statistikasına əsaslanaraq, Ermənistan parlamentində çıxışı zamanı həyəcan təbili çalıb. O bildirib ki, sözügedən qurumun son tədqiqatları bir daha təsdiq edir ki, Ermənistanda əhalinin əksəriyyəti yoxsulluq içərisindədir: \"İrəvanın əhalisi bu və ya digər halda öz təsərrüfatlarını idarə etməklə məşğul olur. Lakin əhalinin çox az bir hissəsi - 1,1 faizi normal həyat şəraitində yaşamağa müvəffəq ola bilir\".
Onun sözlərinə görə, paytaxt sakinlərinin 60-89 faizi geyim, 70 faizi ət məhsulları almaq imkanından məhrumdur. Ümumilikdə ölkə əhalisinin 50 faizi evində istilik sistemlərindən istifadə xərclərini ödəyə bilmir, 85 faizi isə acdır. Qeyd edək ki, Ermənistanda inflyasiyanın qeydə alınan son rəsmi göstəricisi 11,3 faizdir (iqtisadçı-ekspert Harutyun Mesropyan isə hazırda Ermənistanda inflyasiyanın real həddinin 45 faiz olduğunu bildirib). ÜDM-də büdcə kəsiri 9, ticarət balansı 23, dövlət borclarının ümumi göstəriciləri isə 43 faiz təşkil edir. Bununla yanaşı, milli valyutanın (dram) sabit saxlanılması üçün ehtiyat fondlarının azalması müşahidə olunur. Hazırda 1 ABŞ dolları 425-430 erməni dramına bərabərdir. Enerjidaşıyıcılarının qiymətinin artırılması ilə yanaşı, Ermənistandakı ümumi bahalaşmanın hökumət tərəfindən hər hansı formada kompensasiya edilməməsi işğalçı ölkə əhalisinin durumunun daha da ağırlaşacağını indidən proqnozlaşdırmağa əsas verir. Bütün bunlar isə, Sarkisyanın səriştəsiz siyasətinin bundan sonra daha ağır nəticələnəcəyindən xəbər verir. Bir sözlə, sadə xalq hakimiyyətin 20 ildir səsləndirdiyi və yalnız daxili auditoriyaya hesablanmış yalan vədlərindən yorulub, ictimaiyyət dəyişikliklərin ediləcəyinə şübhə ilə yanaşır.