SəsTV-nin bu dəfəki qonağı Akademik Milli Dram Teatrının aktyoru, Prezident təqaüdçüsü, xalq artisti Ramiz Novruzdur
- Bir vaxtlar Akademik Milli Dram Teatrında keçirilən islahatlara ehtiyac vardımı?
- İlin əvvəlində belə fikir oldu. Onu qeyd edim ki, bu islahatlar ən çox teatrın rejissorlarına toxundu. Ştatda olan rejissorlara tamaşa veriləcək və 1 il müddətində aldığı məvacib əvvəlkindən daha çox olacaq. Təbii ki, islahatlar daha çox aktyorlara lazımdır. İndiki zamanda əvvəlki aktyorlar yetişmir. Misal olaraq, hazırda Firəngiz Mütəllimova kimi aktrisalar, Nurəddin Mehdixanlı kimi aktyorlar demək olar ki, yoxdur. Ancaq onu da vurğulayım ki, bu islahatlar teatrın tamaşa yükünü daşıya biləcək aktyorlara aid deyildi. Düzünü desəm islahatın keçirilməsinin tərəfdarı idim. Çünki teatr aləmindən uzun müddət durğunluq hökm sürürdü. Bu dövrlər ərzində teatrda sanki açıq qapı günləri olurdu. Elə bununla da teatra yararlı olmayan insanların sayı çoxalmağa başladı. İslahatların olması bu kimi halların aradan qaldırılması üçün yaxşı vasitə idi. Baxmayaraq ki, bir çoxlarının şikayətinə səbəb olan islahatlar sonda dayandırıldı, ancaq öz işinə güvənən aktyorlar heç də narahat deyildilər. Təkcə Akademik Milli Dram Teatrı deyil, eləcə də Azərbaycanın digər teatrlarında da aktyorluq bacarığı olmayan insanların təmizlənməsi və teatr sənətinin daha müasir olması üçün islahat lazım idi. Hesab edirəm ki, sentyabrda yenidən islahat olacaq. İslahatların nəticəsi olaraq aktyora 1 il vaxt verilir. Əgər aktyor 1 il ərzində rejissora lazım deyilsə teatrda qalmağın nə mənası var? Aktyorun ən böyük faciəsi odur ki, rejissora lazım olmasın. Bir çoxlarının Azərbaycan teatrı haqqında məlumatı azdır.
- Əgər aktyora rol verilmirsə bu kimin günahıdır?
- Elə aktyor var ki, ona xahişlə rol verilir, eləsi də var ki, ona ümumiyyətlə rol vermək istəmirlər. Misal olaraq, hər hansı kino rejissoru aktyora rol verirsə, o zaman gedib onun yaxasından yapışmaq olmur axı? Hətta bir zamanlar aktyorlar deyirdi ki, rol bölgüsü üçün direktorun yanına gedəndə mənə deyirdi ki, get rejissorla dil tap. Direktor nə vaxtdan rol verən olub?
- Bəlkə də buna görə idi ki, teatrın aktyorları deyirdi ki, İsrafil İsrafilov heyət arasında ayrı seçkilik edir?
- Heç də belə düşünmürəm. Çünki ən gənc teatr rəhbəri məhz İsrafil İsrafilovdur. Belə bir misal da var ki, hələ nə yatdın ki, nə də yuxu görəsən. Onu da qeyd edim ki, son zamanlar teatra gələn və bu sənətlə bağlılığı olan insan məhz odur. Bu insan bu sahəsinin peşəkarıdır. Ancaq bütün bunlara baxmayaraq, onun aktyorlara rol vermək ixtiyarı yoxdur. Ola bilər ki, dediklərinin bəziləri hələ ki həyata keçmir, lakin bu o demək deyil ki, vəziyyət pisdir. Teatrın daxilində olan biri kimi deyə bilərəm ki, direktorun həyata keçirmək istədiyi bir çox layihələr var. Azərbaycan xalqında belə bir şey var ki, öz daxilimizdə peyğəmbər tapa bilmirik.
- Hazırda hansı obraz üzərində çalışırsınız?
- Hazırda teatrda "Xanuma" əsəri üzərində hazırlıq məşqləri gedir. Bu tamaşada Knyaz rolunu canlandıracağam. Onu da qeyd edim ki, bu tamaşada ilk olaraq komik rolda çəkiləcəyəm.
- Həzi Aslanovun həyatı haqqında çəkilən "Mən sizi dünyalar qədər sevirdim" filminə baş rola çəkilməyinizə sizə kim dəstək oldu?
- Əvvəl hansısa aktyoru baş rola çəkmək üçün sınaq keçirildi. Aktyorlar da o zaman deyirdilər ki, rejissorlar artıq filmə çəkəcəyi aktyoru seçib, sınaq məsələsi də boş şeydir. Sumqayıt teatrına yeni gəlmişdim. Filmin ikinci rejissoru olan Nazim Azməmmədov filmin sınaqlarına dəvət etdi və dedi ki gəlin iştirak edin sonra deməyin ki bizi heç kim filmdə çəkilməyə qoymur. Ramiz Fətəliyev Ukraynada yaşamasına baxmayaraq, şəklimə baxanda dedi ki Ramiz Novruzov kimdisə o çəkiləcək. 20-yə yaxın aktyor bu sınaq çəkilişlərinə oldu və 4 nəfər sona qalmışdı.
- Sizlə birlikdə son sınağa kimlər qalmışdı?
- Vaxtı ilə "Sarı köynək və valehin nağılı"nda oynayan valeh obrazını canlandıran Kamil Zöhrabov və Belarusdan qatılan Mamed Mamedov mənimlə birlikdə sınaqda idilər. Lakin sonda məni seçdilər.
- Hətta valideynləriniz belə bu rola qədər aktyorluq sənətinə ciddi peşə kimi baxmırdılar...
- Düzünü desəm ciddi bəli. Çünki mənim atam çox konservativ insan idi. Demokratik olmasa da çox dindar birisi idi. Atam məni hərbçi görmək istəyirdi. Artıq Həzi Aslanov haqqında çəkildiyim roldan sonra bu sənətə olan fikri tamam dəyişdi.
- Həzi Aslanovun həyatı haqqında çəkilən filmə görə qəhrəmanın ailəsi sizə olan münasibəti necə oldu?
- Baxmayaraq ki, filmin çəkilişləri sovet dövrünə təsadüf etdiyindən Rusiya tərəfi bir çox çəkilişlərə icazə vermirdi. H. Aslanovun ailəsi rolumu çox isti qarşıladılar. Hətta qəhrəmanın oğulları olan mərhum Arif və Tofiq Aslanovla da görüşüm olub. Onlar məni öz yaxın qohumları kimi qəbul edirdilər. Onu da qeyd edim ki, bu film SSRİ dövründə ən çox gəlir gətirən ekran əsəri idi.
- Bayaq qeyd etdiyiniz kimi "Xanuma"da ilk olaraq komik obrazlarda çəkilirsiniz, sizi ən çox ciddi və mürəkkəb obrazlarda görürdük, niyə məhz belə obrazlarda?
- Bayaq dediyimiz islahatların buna xeyri olurdu ki, aktyorların görünməyən tərəflərini də üzə çıxarırdı. Ola bilər ki, rejissor məni Xanuma əsərində komik obraza uyğunlaşdıra bilib. Həzi Aslanov haqqında çəkilən filmdə də müharibə mövzusunda da olmasına baxmayaraq orada da yumşaq zarafatlar edirdik.
- "Mən sizi dünyalar qədər sevirdim" və "Cavid ömrü"ndən sonra baş rola çəkildiyiniz film demək olar ki, yoxdur. Buna səbəb nə idi?
- Aktyor üçün kinoya çəkilmək çox vacibdir. Xüsusi ilə də teatr aktyoru kinoya çəkiləndə teatrda özünə inamı daha da çoxalır. Sonradan filmlərə çəkilməməyimin də bir çox səbəbləri vardı. Bununla yanaşı, özümdə bir sıra xəstəliklər yaranmışdı. Belə ki, Artıq elə düşünürdüm ki, Həzi Aslanovdan sonra hər filmə çəkilməyəcəyəm. Zaman keçdikdə dərk etdim ki, bura Hollivud deyil, Azərbaycandır. Kimsə gətirib çoxlu sayda qarşıma ssenarilər qoymayacaq. 1988-ci ildən sonra kino sahəsində bir az durğunluq yaranmışdı. Bütün bu hallardan sonra düşündüm ki, yeni filmlərə çəkilməliyəm.
- Oğlunuz Cavidan Novruz baxmayaraq ki, aktyorluq sənətini bitirib, ancaq müğənni kimi fəaliyyət göstərir. Onun istedadı, potensialı sizi qane edir? Ona bu sənətdə dəstək olursunuz?
- Sözün düzü ilk olaraq yaxşı qarşılamadım. Onu da qeyd edim ki, Cavidan Ceyhun Mirzəyevin böyük fanatıdır. O əslində aktyorluq fakültəsini bitirib. Ondan əvvəl də böyük oğlum kinorejissorluq fakültəsini bitirib. Hazırda ictimai televiziyada çalışır. Mən ilk dəfə Cavidanın gözəl ifa tərzinin, səsinin olmasını rəhmətlik Əlabbas Qədirovdan eşitmişdim. O deyidrdi ki, İncəsənət Universitetinin tədbirində Cavidan səhnəyə çıхaraq mahnı ifa etdi. Bu da çoх gözəl qarşılanıb. Mənə oхumağını deyəndə əvvəlcə qorхdum. Mən istəmirdim ki, ortabab müğənnilərin sayını çoхaltsın. Sonra peşəkar müğənni Teymur Əmrah mənimlə əlaqə saхlayıb Cavidanın gözəl səs tembrinin olduğunu söyləyəndə ona daha çoх inanmağa başldadım. Cavidanan heç bir dəstək olmamışam. Nəyə nail olubsa özü nail olub. Oхuya bilirsə qoy oхusun. Aktyorluğu da ona sənətdə kömək olar.