Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 25-də keçiriləcək Kazan görüşü öncəsi danışıqlar prosesi ətrafında müşahidə olunan fəallıq artmaqdadır. Bu günlərdə həmsədrlərin regiona baş tutan növbəti səfəri də Kazan görüşünə hazırlıq prosesinin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Görünən odur ki, əvvəlki görüşlərdə olduğu kimi, prezidentlərin budəfəki görüşünə də müəyyən ümidlər bəslənilir. Azərbaycan tərəfinin səsləndirdiyi bəyanatlar da bunu təsdiqləyir. Eyni zamanda, prosesi yaxından izləyən Türkiyə də bu görüşdə irəliyə doğru addımların atılacağına ümid edir. Bu ölkənin Xarici İşlər naziri Əhməd Davudoğlu müsahibələrinin birində Kazan görüşündə müsbət məqamların olacağına inamını ifadə edib: "Mən irəliləyişlərin ümidverici olduğu qənaətindəyəm. "Böyük səkkizliyin" son iclasında ortaya qoyulan perspektiv, ümidverici bir perspektivdir". Türkiyə rəsmisi münaqişənin həllinə mane olan Ermənistanın mövqeyində dəyişikliyin olacağına da ümid edir: "Ümid edirik ki, Ermənistan da bu məsələdə süründürməçiliyə yol verməyin öz mənafeyinə zidd olduğunu anlayacaq və tez bir zamanda ədalətli bir seçimə yol açılacaq".
Şübhəsiz, Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkməsi üçün bu ölkəyə beynəlxalq təzyiqlərin göstərilməsi labüddür. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə danışıqlar atəşkəsin imzalandığı 1994-cü ildən bu vaxta qədər davam edir. Əslində, məsələ tamamilə aydındır: Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri olan Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan tərəfindən işğal edilib, münaqişədə on minlərlə azərbaycanlı öldürülüb, bir milyondan artıq soydaşımız isə yaşadığı torpaqlardan didərgin salınıb. Ermənistan 1993-cü ildən bu vaxtadək BMT, ATƏT, AŞPA, İKT kimi beynəlxalq təşkilatların Azərbaycanın zəbt olunmuş ərazilərindən işğalçı ölkə ordusunun çıxarılmasını, qaçqın və məcburi köçkünlərin yaşayış yerlərinə qayıtmasını tələb edən çoxsaylı qərar və qətnamələrinin heç birinə əməl etməyib. Son 17 ilin təcrübəsi göstərir ki, rəsmi Yerevan dünyanın qəbul etdiyi hüquq prinsiplərinə, eləcə də, beynəlxalq təşkilatların qərarlarına ciddi yanaşmır. Bu isə o deməkdir ki, işğalçı ölkənin mövqeyinə təsir etmək üçün praktiki addımlar atılmalı, sanksiyalar tətbiq olunmalıdır.
Lakin Kazan görüşünün yaxınlaşdığı bir vaxtda beynəlxalq ictimaiyyətin diqqəti daha çox görüşün nəticələrinə yönəlib. Bildiyimiz kimi, görüş Rusiya prezidentinin müşayiəti ilə keçiriləcək və bu səbəbdən də, rəsmi Moskvanın sərgiləyəcəyi mövqe də prinsipial önəm kəsb edir. Məlum olduğu kimi, Azərbaycanın yaxın vaxtlarda "Qoşulmama hərəkatı"na daxil olub. Respublikamızın yaxın vaxtlarda hər hansı hərbi bloka qoşulmaq niyyətinin olmadığını göstərən bu qərara baxmayaraq Azərbaycan istənilən vaxt hərəkata üzvlükdən imtina edə bilər. Ölkə ictimaiyyətində isə bu addımın həmsədr ölkələrin, o cümlədən, rəsmi Moskvanın mövqeyinə təsiri barədə müəyyən fikirlər səslənməkdədir.
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iyunun 7-də jurnalistlərə açıqlamasında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunun 25-də Kazanda keçirəcəyi görüşdən danışıb: "Kazanda Ermənistan özündə iradə tapıb mövqe bildirməlidir. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşündən gözləntilər çoxdur".
Novruz Məmmədov deyib: "Beynəlxalq ictimaiyyət, o cümlədən həmsədrlər tələb edirlər ki, status-kvo dəyişsin. Status-kvonun dəyişməsi üçün isə müəyyən rayonların qaytarılması, məcburi köçkünlərin evlərinə dönməsi lazımdır. Bununla da proses başlaya bilər".
Referendum məsələsinə də münasibət
bildirən Novruz Məmmədov deyib ki, Ermənistan zaman-zaman referendum məsələsini
ortaya atmaqla danışıqların müddətini uzadır. "Əslində isə referendum bütün bu proseslərdə ən axırıncı məsələdir".
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza da iyunun 7-də jurnalistlərlə söhbətində Kazan görüşünə toxunub: "Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündə irəliləyiş olacaq. Baza prinsiplərinin razılaşdırılması vaxtıdır".
Məsələyə münasibət bildirən politoloq Elman Nəsirli isə hesab edir ki, Azərbaycanın qoşulmama hərəkatında təmsil olunması barədə qərarı Rusiyada müsbət qarşılanır: "Çünki Rusiya hər zaman Azərbaycanın Avroatlantik məkana inteqrasiyası ilə bağlı narahatlıq keçirir. Doğrudur, Azərbaycanın 2007-ci il mayın 23-də qəbul olunan Milli Təhlükəsizlik konsepsiyasında NATO-ya daxil olma məsələsi qoyulmayıb. Lakin ölkəmiz bütövlükdə Avroatlantik məkana inteqrasiya edir, bu isə tam üzvlük demək deyil. Azərbaycanın Qoşulmama hərəkatına daxil olması isə prinsip etibarilə rəsmi Moskvanın Azərbaycanla bağlı mövqeyində loyallıq yarada bilər". Siyasi ekspert, həmçinin, Azərbaycanla Rusiya arasında iqtisadi, humanitar sahələrdə geniş əlaqələrin, eləcə də, Azərbaycanın strateji tərəfdaşı olan Türkiyə ilə Rusiyanın münasibətlərinin yüksək səviyyədə olması Dağlıq Qarabağ problemi ətrafında müsbət ab-hava yaratdığını söyləyib. Onun fikrincə, 1999-cu ildən bu vaxta qədər prezidentlər səviyyəsində keçirilən 44-cü görüş olacağı gözlənilən Kazan görüşündə əldə olunacaq ən böyük uğur Ermənistanın yenilənmiş Madrid prinsiplərini qəbul etməsi ila bilər.
Son zamanlar ABŞ-la Rusiya arasında işğal olunmuş ərazilərdə sülhməramlıların yerləşdirilməsi barədə razılığa gəlinməsi barədə yayılan fikirlərə münasibət bildirən E.Nəsirli qeyd edib ki, bu çox ciddi məsələdir: "İndiki məqamda əsas məsələ münaqişənin həlli prinsiplərinin qəbuludur. Əgər bu baş tutmasa, təbii ki, sülhməramlıların yerləşdirilməsi məsələsi əhəmiyyətini itirir. Nəticə etibarilə, danışıqlarda sülhün əldə olunması yönündə hər hansı razılaşma əldə olunarsa, bu zaman bəndlərdən biri kimi, bölgədə sülhməramlıların yerləşdirilməsi qərara alına bilər. Hazırkı mərhələdə isə belə bir addımın baş tutmasını real hesab etmək olmaz".
Belə nəticəyə gəlmək olar ki, prezidentlərin Kazanda keçiriləcək görüşündə həmsədr ölkələrin, eləcə də, Ermənistanın əsas diqqət yetirilməli olduğu məqam münaqişənin beynəlxalq hüququn prinsipləri çərçivəsində ədalətli həlli yollarının müəyyənləşdirilməsidir.