Azərbaycan qaz ölkəsinə çevrilir- ANALİZ

7 İyun 2011 14:39 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev dünən Bakıda işə başlayan XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgisində ("Caspian Oil & Gas") çıxış edib. SİA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycanın neft-qaz sektoruna dünyanın marağının getdikcə artdığını bildirib. Prezidentin sözlərinə görə, sənaye üsulu ilə neft dünyada ilk dəfə olaraq Azərbaycanda hasil edilib: "Neft və qaz hasilatında bizim böyük ənənələrimiz var. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin təmin olunmasında Bakı neftinin böyük payı olub".

"Azərbaycan bölgənin enerji təhlükəsizliyində yaxından iştirak edir"

Prezident qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində böyük çətinliklərlə üzləşib: "O zaman hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün bir sıra addımlar atdı ki, onlardan da biri "Əsrin müqaviləsi"nin imzalanması idi.

"Əsrin müqaviləsi" ilə Azərbaycan ilk dəfə olaraq Xəzər dənizinə xarici investisiyaları cəlb etdi". 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 97 mlrd. dollar investisiya qoyulduğunu vurğulayan Prezident İlham Əliyev bunun 42 mlrd. dollarının neft sektoruna yatırıldığını söyləyib: "Bu gün Azərbaycan bölgənin enerji təhlükəsizliyində yaxından iştirak edir.

"Əsrin müqaviləsi" tarixi hadisə idi. Bizim xarici şirkətlərlə birinci əməkdaşlığımız çox uğurlu alındı. 1994-cü ildən indiyədək xarici şirkətlərlə heç bir ciddi problemimiz olmayıb. İnvestorlar tam əmindirlər ki, onların investisiyaları dövlət tərəfindən qorunur".

"Əsrin müqaviləsi"ndən sonra neftin xarici bazarlara çıxarılması istiqamətində də işlər aparıldığını deyən ölkə başçısı Azərbaycan neftinin hazırda 3 istiqamətdən bazarlara çıxarıldığını və şaxələndirmənin təmin edildiyini bildirib.

Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi nəticəsində ölkə iqtisadiyyatına böyük həcmdə vəsaitin daxil olmağa başladığını söyləyən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan neftdən gələn gəlirlərin səmərəli istifadəsini təmin etmək məqsədilə Dövlət Neft Fondunu (ARDNF) yaradıb və bu gün bu Fond dünya səviyyəsində ən şəffaf qurumlardan sayılır.

Son 7 ildə neftdən gələn gəlirlərin ölkə iqtisadiyyatına yatırılması nəticəsində Azərbaycanda yoxsulluq həddinin 49%-dən 9%-ə endiyini bildirən dövlət başçısının fikrincə, əgər ARDNF olmasaydı, buna nail olmaq mümkün olmazdı.

Ölkə rəhbəri Azərbaycanın tərəfdaş ölkələrlə enerji təhlükəsizliyi məsələsində üzərinə düşdüyü bütün vəzifələri yerinə yetirdiyini vurğulayıb: "Azərbaycan bu gün özünü enerji ilə tam təmin edir. Ölkənin valyuta ehtiyatları 35 mlrd. dollardır. Son 7 ildə ÜDM 3 dəfədən çox artıb".

"Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,2 trln kubm-dir"

Prezident İlham Əliyev bəyan edib ki, əldə olunan nailiyyətlər Azərbaycan üçün yeni mərhələdir: "İndi Azərbaycan dünyada təkcə neft deyil, həm də qaz ölkəsi kimi tanınmağa başlayıb. Vaxtilə "Şahdəniz" yatağının kəşfi diqqəti cəlb etməmişdi, amma indi dünyada bu yatağa böyük maraq var.

Azərbaycan qaz dəhlizlərinin də şaxələndirilməsinin tərəfdarıdır və bu sahədə işləyir. Bu gün Azərbaycan qazı 4 istiqamətdən dünya bazarına çıxarılır. Artıq Azərbaycanın əsas ixrac neft-qaz kəmərlərinin sayı 7-yə çatır. Bizə qanunlarla tənzimlənən böyük bazarlar lazımdır. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 2,2 trln. kubmetrə qədərdir.

Bu, ən azı 100 il bizə və istehlakçılara kifayət edəcək. Proqnozlarımız isə daha çoxdur. Biz Avropa İttifaqı ilə "Qaz Bəyannaməsi"ni imzaladıq və hazırda digər sənədlərin üzərində işlər gedir. Ümid edirik ki, yaxın vaxtlarda bütün sənədlər hazır olacaq və bu, "Şahdəniz-2" layihəsinin icrasına mühüm təsir edəcək".

"Cənub qaz dəhlizi"nin perspektivinə inandığını deyən Prezident hazırda Azərbaycanla Türkiyə arasında qaz tranziti ilə bağlı müzakirələrin aparıldığını vurğulayıb: "Artıq müzakirələr son mərhələdədir və yaxın vaxtlarda Türkiyə ilə tranzit sazişin imzalanması nəzərdə tutulur. Bizim "Şahdəniz"dən başqa da böyük qaz ehtiyatlarımız, o cümlədən "Ümid" yatağı var. Bu yataq ARDNŞ tərəfindən aşkarlanıb. ARDNŞ "Ümid" yatağında həm sərmayəçi, həm də operatordur. Ümid edirəm ki, növbəti mərhələlərdə də qaz yataqlarının kəşfiyyatı davam etdiriləcək".

"Hesablanmış qaz ehtiyatları 5 trln kubmetrə çata bilər"

"Abşeron", "Naxçıvan", "Şəfəq", "Asiman", "Zəfər-Məşəl" və s. yataqları ilə yanaşı, ARDNŞ-in "Ümid" və "Babək" kimi yataqların işlənilməsi ilə də məşğul olması, həmçinin xarici şirkətlərin iştirak etdiyi Hasilatın Pay Bölgüsü (HPB) müqavilələrini də nəzərə alsaq, Azərbaycanın son 10 ildə qaz potensialı 1.4 rilyon kubmetrə qədər artdığını görə bilərik.

Bir sıra kəşfiyyatçı-mütəxəssislərin fikrincə, Azərbaycanın artıq bəlli olan və hesablanmış qaz ehtiyatları nəticə etibarilə 5 trilyon kubmetrə çata bilər. Buna nail olunduğu təqdirdə Azərbaycan dünyanın qaz ehtiyatına malik ilk 10 ölkəsi siyahısına düşə bilər.

ARDNŞ rəhbərliyi ilə görüşdə Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz XX əsrdə neft istehsalçısına çevrildiyi kimi, XXI əsrdə də qaz istehsalçısına çevrilmək istiqamətində işləri davam etdirəcəkdir.

2016-ci ildə "Şahdəniz" layihəsinin 2-ci mərhələsi üzrə hasilata başlanılacaq. Əgər işlər uğurla gedərsə, ARDNŞ-in hesablamalarına görə, Azərbaycan dekadanın sonuna qədər il ərzində 50-70 milyard kubmetr qaz istehsal edə biləcək. Beləliklə, qaz ixracatı üçün böyük potensial yaranacaq və əldə olunan qaz şimal, qərb və cənub kanalları üzrə bazarlara çıxarıla bilər.

Təkcə Avropa deyi, Asiya bazarlarına da çıxış imkanları var

Azərbaycan qazının təkcə Avropaya deyil, həm də digər bölgələrə ixrac olunma imkanları genişlənir. ARDNŞ Rusiya, Türkiyə, İran və hətta Suriyaya idxal olunan qazın miqdarını artırmaq öhdəliyi götürüb. Lakin bu öhdəliyin icrası 2011-ci ilin sonuna qədər Kilis (Türkiyə) və Hələb (Suriya) şəhərləri arasında qaz təsərrüfatlarının birləşdirilməsi üçün "Aleppo-Kilis" boru kəmərinin tikintisindən sonra mümkündür.

Bu, baş verəcəyi halda 1.5 milyard kubmetr Azərbaycan qazı 2012-ci ildən etibarən Türkiyə vasitəsilə Suriya və İordaniyaya nəql ediləcək. Lakin enerji bazarlarının diversifikasiyası və özünün ixrac marşrutu strategiyasına uyğun olaraq Azərbaycan yalnız region daxilindəki ölkələrdə deyil, eyni zamanda Asiya regionu kimi coğrafi bölgələrdə yerləşən ölkələrin böyük və inkişaf etməkdə olan bazarlarına da çıxış imkanları axtarır.

Gələcək qaz ticarətinə doğru addımlamaq istiqamətində və qeyri-ənənəvi qaz nəqli, xüsusilə ABŞ və Avropada maye halına salınmış qazla (LNG) bağlı artan tendensiyanı nəzərə alaraq Azərbaycan bu yolla enerji ixracını diversifikasiya etməyi nəzərdən keçirir.

Artıq "AGRİ" (Azerbaijan-Georgia-Romania Interconnection) adlanan və Azərbaycandan maye halına salınmış qazın Qara dəniz vasitəsilə Avropa ölkələrinə nəqlini nəzərdə tutan layihənin işlənilməsinə başlanılıb. Məlumdur ki, maye halına salınmış qazın boru kəmərləri olmayan yerlərə, istənilən uzaqlıqda və hətta okeanın o tayında yerləşən ölkələrə belə daşınması mümkündür.

Beləliklə, Azərbaycan mövcud və perspektiv imkanlarından yararlanmaqla beynəlxalq enerji təhlükəsizliyində özünün mühüm rolunu oynaya bilər. Bu prosesdən təksə iqtisadi deyil, siyasi dividentlər də əldə edəcək ölkəmiz üçün cari əsrdə enerji ölkəsi kimi qalmaq və neft qədər gəlir gətirəcək sahəyə diqqəti artırması təqdirəlayiqdir.