Ötən əsrin ortalarından başlayaraq diqqət mərkəzində ekologiya problemləri, ətraf mühitin qorunması məsələləri əsas yerlərdən birini tutur. Texnoloji inkişaf sürətləndikcə, ekoloji problemlər kəskinləşir. Bu kontekstdə dünya elminin qarşısında duran əsas vəzifələrdən biri də alternativ enerji mənbələrindən istifadə, planetin təbii ehtiyatlarının qoruması kimi problemlərin həll edilməsidir.
Azərbaycan alternativ enerji siyasətinə üstünlük verir
Dünya miqyasında enerjiyə ehtiyacın daha da artdığı indiki dövrdə alternativ enerji mənbəyindən istifadə beynəlxalq əhəmiyyətli bir problem kimi bütün dövlətləri düşündürür.
Azərbaycanda da son illərdə ekoloji problemlərin həllinə, ətraf müghitin qrunmasına və alternativ enerji mənbələrindən istifadəyə daha çox diqqət yetirilir. Təbii ki, bu sahədə başqalarından daha çox imkanlara malik ölkəmiz bu sektoru inkişaf etdirmək niyyətindədir.
Hazırda Azərbaycanda təbii imkanlar hesabına çox güclü enerji potensialı mövcuddur. Hökumət ölkənin təhlükəsiz enerji ilə təminatına ciddi önəm verir. Son 5 ildə ölkənin müxtəlif bölgələrində bir neçə modul tipli elektrik stansiyanın istifadəyə verilməsi ilə əhalinin enerjiyə olan tələbatı tamamilə ödənilib.
Azərbaycanda son illərdə modul stansiyaların istifadəyə verilməsi ilə nəzərdə tutulduğundan da artıq enerji istehsal edilib, son 5 ildə təchizat təxminən 2 dəfə artırılıb. Hökumət yaxın perspektivdə 60-dan artıq kiçik SES-in tikintisini məqsədəuyğun hesab edir. Ehtiyacını daxili mənbələr hesabına ödəyən Azərbaycan enerji ixracatçısı kimi tanınır.
Buna baxmayaraq Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təbii sərvətlərdən, resurslardan daha səmərəli istifadə etməklə əlavə enerji mənbələrinin yaradılmasına da diqqət artırılmalı, alternativ enerji əldə olunması üçün başlıca mənbə sayılan çaylarımızın imkanlarından daha səmərəli istifadə olunmalıdır.
Xüsusən bölgələrdə mövcud olan potensial hesabına maksimum etibarlı alternativ enerji mənbələri yaratmaq mümkündür. Bu sahəyə investisiya yatırmaqla infrastruktur layihələrin gerçəkləşdirilməsinə nail olmaq sosial-iqtisadi inkişafa dair Dövlət Proqramlarında da qarşıya qoyulan əsas vəzifələrdəndir.
Külək və günəş enerjisinin böyük potensialı var
2005-2015-ci illərdə yanacaq kompleksinin inkişafına dair Dövlət Proqramında da bu sahənin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Xarici ölkələrin təcrübəsindən bəhrələnməklə ölkəmizdə alternativ enerji mənbələrindən istifadə sahəsində müəyyən işlər görülüb. Abşeronda külək enerjisi qurğularının və respublikanın bir sıra çayları üzərində su elektrik stansiyalarının tikilməsi planlaşdırılır.
Ekspertlərin rəyinə görə Azərbaycan alternativ enerji üzrə potensial imkanlara malik nadir ölkələrdən biridir. Ölkəmizdəki iqlim şəraiti ilin bütün fəsillərində, günlərində alternativ enerji alınmasına əlverişli imkan yaradır. Hesablamalara görə, külək enerjisi üzrə alternativ enerji o zaman rentabelli, səmərəli hesab olunur ki, o ərazidə küləyin sürəti saniyədə 4 metr olsun. Azərbaycanda, xüsusən Abşeronda isə bu göstərici saniyədə 9 metrdir.
Azərbaycanda günəşli saatların miqdarı il ərzində 2400-3200 saatdır. Ölkəmizdə günəşli günlərin sayı 300-dən çoxdur. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər.
Bir il ərzində 1 kv/m yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts təşkil edir.
Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı və vaxtı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.
Artıq ölkəmizdə bununla bağlı müəyyən pilot layihələr həyata keçirilir. Bəzi binaların damında günəş batareyaları qurulub və enerji təminatı tamamilə bundan alınır.
Alternativ enerji ekoloji sağlamlıq deməkdir
Aydındır ki, alternativ enerji hasilatı digər enerji növlərinə nisbətən baha başa gəlir.Bu ilk növbədə lazımi avadanlıqların, qurğuların qiyməti ilə bağlıdır. Lakin hasilatla satış qiymətləri arasında fərqin azaldılması üçün imkanlardan istifadə olunmalıdır.
Yəni, vergi güzəştlərinin, kompensasiyaların, dotasiyaların tətbiqi ilə tarif fərqini tarazlaşdırmaq olar. Zəngin ehtiyat mənbələrinə və maddi imkanlara malik Azərbaycanda 2 trilyon kubmetrə yaxın qaz ehtiyatları olsa da, alternativ enerjidən istifadə çoxsərfəlidir. Bunlar həm tükənməz ehtiyatlardır, həm də ekologiyaya zərər vermir.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda alternativ enerji alınması üçün gərəkli olan xeyli miqdarda termal su ehtiyatları var. Başqa sözlə deyilsə, dünya dövlətlərinin enerji təchizatında böyük rolu olan ölkəmizdə bu sahənin inkişafı yeni əməkdaşlıqlar üçün əlavə imkanlar yarada bilər.
Ətraf mühitin qorunması təkcə alternativ enerji ilə yekunlaşmır. Bəşəriyyətin qarşısında digər ciddi problemlər də dayanıb ki, bunlar da, meşələrin qorunması, su mənbələrinin çirklənməsinin qarşısının alınması, atmosferə atılan zərərli maddələrin azaldılması və s. ibarətdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi çoxsaylı işlər ölkədə ekoloji vəziyyətin sağlamlaşdılrılması istiqamətində çox mühüm əhəmiyyət kəsb edir. Son illərdə ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz təbii potensialından səmərəli istifadə etmək və ətraf mühiti qorumaq işində nümunəvi dövlətlərdən biridir.