Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ

15 Oktyabr 2026 16:25 (UTC+04:00)

AQEM-in missiyası, keçmişi və qlobal təhlükəsizlikdəki rolu

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / beynəlxalq abbreviaturası: CICA) 7-ci Zirvə Toplantısının keçirilməsi, Azərbaycanın qlobal diplomatiya və Avrasiya təhlükəsizlik arxitekturasındakı mərkəzi rolunu bir daha nümayiş etdirir. Dünyada geostrateji gərginliklərin artdığı, Avrasiya məkanında yeni güc balansının formalaşdığı bir dövrdə Bakı Sammiti yalnız regional dialoq platforması deyil, həm də Yeni Dünya Düzənində Avrasiyanın gələcək xəritəsini müəyyən edən strateji mərkəzdir.

AQEM nədir?

AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Avrasiya qitəsində sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsinə yönəlmiş çoxtərəfli strukturdur. Təşkilatın yaradılması ideyası ilk dəfə 1992-ci ilin oktyabrında BMT Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Məqsəd Avropadakı ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) modelinə analoji olaraq Asiya üçün vahid təhlükəsizlik və dialoq platforması yaratmaq idi.

1999-cu ildə xarici işlər nazirlərinin ilk toplantısı keçirildi və Münasibətləri Nizamlayan Prinsiplər Bəyannaməsi qəbul olundu. 2002-ci ildə Almatı şəhərində dövlət və hökumət başçılarının 1-ci Zirvə Toplantısı baş tutdu və təşkilatın "Konstitusiyası" hesab edilən Almatı Aktı imzalandı. 2022-ci ildə Astana Sammitində təşkilatın tamhüquqlu olaraq Beynəlxalq Təşkilata transformasiyası prosesi başladıldı.

AQEM adi bir regional təşkilat deyil, o, coğrafi və demoqrafik miqyasına görə dünyanın ən nəhəng platformalarından biridir. Azərbaycan, Çin, Rusiya, Hindistan, Pakistan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, BƏƏ, Qətər, İsrail, Fələstin, Vyetnam, Tailand və digərlərindən ibarət 28 tamhüquqlu üzv ölkələr Asiya qitəsinin 90%-dən çoxunu əhatə edir və dünya əhalisinin təxminən yarıdan çoxunu (4 milyarddan artıq insanı) özündə birləşdirir. Təşkilatın tərkibində nüvə dövlətləri (Çin, Rusiya, Hindistan, Pakistan), BMT TŞ-nin daimi üzvləri və dünyanın ən sürətlə böyüyən iqtisadiyyatları yer alır.

Missiyası və ölçüləri

AQEM-in əsas missiyası bloklaşma və qarşıdurma ritorikasından uzaq duraraq, bərabərhüquqlu dialoq, suverenliyə hörmət və ərazi bütövlüyü prinsipləri əsasında kollektiv təhlükəsizlik mühiti yaratmaqdır. Təşkilatın fəaliyyəti 5 əsas istiqamət (ölçü) üzrə qurulub. Birincisi, hərbi-siyasi ölçü - silahların idarə olunması, hərbi sahədə şəffaflıq, insidentlərin qarşısının alınması və etimadquruculuq tədbirləri. İkincisi, iqtisadi ölçü - ticarətin asanlaşdırılması, energetika təhlükəsizliyi, KOB-ların dəstəklənməsi və tranzit-logistika imkanlarının birləşdirilməsi. Üçüncüsü, ekologiya və yaşıl inkişaf - iqlim dəyişikliyi ilə mübarizə, su resurslarının idarə olunması, səhralaşmanın qarşısının alınması. Dördüncüsü, humanitar və mədəni- mədəniyyətlərarası dialoq, təhsil mübadiləsi, turizm və sivilizasiyalararası dözümlülük. Beşincisi, yeni təhdidlər və sınaqlar - beynəlxalq terrorizm, mütəşəkkil cinayətkarlıq, kiber-təhlükəsizlik və narkotik vasitələrin qanunsuz dövriyyəsinə karşı mübarizə.

Təşkilat mövcud olduğu illər ərzində bir çox mühüm regional ilklərə imza atıb. AQEM yeganə platformalardandır ki, burada bir-biri ilə diplomatik və ya hərbi ziddiyyətdə olan ölkələr (məsələn, Hindistan və Pakistan, İsrail və Fələstin, İran və ərəb ölkələri) eyni masa arxasında dialoq aparmaq imkanı əldə edirlər. Təşkilat Asiyanı Avropa ilə birləşdirən nəqliyyat dəhlizlərinin (xüsusilə Şərq-Qərb və Şimal-Cənub - Orta Dəhliz) təhlükəsizliyi və gömrük prosedurlarının unifikasiyası istiqamətində vacib mexanizmlər işləyib hazırlayıb. BMT Baş Assambleyasında Müşahidəçi statusu qazanan AQEM, ŞƏT, TDT, ASEAN və İƏT kimi qurumlarla sıx tərəfdaşlıq şəbəkəsi qurub.

Bakı Zirvəsi və yeni prioritetlər

Azərbaycanın AQEM-ə sədrlik etməsi və 7-ci Zirvə Toplantısına ev sahibliyi etməsi təsadüfi deyil. 44 günlük Vətən müharibəsindən sonra öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Avrasiyada yeni sülh və nəqliyyat reallıqlarının əsas təşəbbüskarıdır. Bakı toplantısında ənənəvi təhlükəsizliklə yanaşı, bərpa olunan enerji, bərpa olunan resursların səmərəli idarə edilməsi və rəqəmsal nəqliyyat infrastrukturunun qurulması əsas gündəm mövzularındandır.

Azərbaycanın mərkəzində durduğu Orta Dəhliz layihəsi AQEM üzvləri üçün Asiya neft-qaz və sənaye məhsullarının Avropaya ən təhlükəsiz və qısa marşrutla daşınması təminatıdır. Bakı Sammiti AQEM-in beynəlxalq təşkilata dönüşməsi, daha doğrusu təşkilatın "Müşavirə" statusundan tam təməl hüquqi struktura malik "Asiya Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı"na transformasiyası prosesində həlledici mərhələdir.

Prezident İlham Əliyevin Bakı Sammitində çıxışı zamanı ilk növbədə, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığını bildirib. Prezident qeyd edib ki, ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı. Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir”.

Dövlətimizin çıxışının davamında bildirib ki, beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi: “Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı. 2020-ci ilin iyul və avqustunda Ermənistan iki hərbi təxribat törətdi və nəticədə azərbaycanlı hərbçilər həlak oldular. Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi. 2020-ci ilin Vətən müharibəsi 44 gün davam etmişdir. Bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Müharibə dayandı, lakin Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altında qalırdı.

Üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan yeni havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi. 2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi”.

İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, müharibə bizim seçimimiz olmayıb: “Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar. Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.

Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Toplantısı göstərir ki, Asiya qitəsi artıq qlobal siyasətdə obyekt deyil, böyük qərarların verildiyi subyektdir. Azərbaycan isə Qərb ilə Şərq, Şimal ilə Cənub arasında təkcə coğrafi deyil, həm də sülh, etimad və iqtisadi inteqrasiya körpüsü rolunu uğurla icra edir.

V.VƏLİLİ