“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI

15 Oktyabr 2026 16:26 (UTC+04:00)

“Azərbaycanda gənclər arasında könüllülük fəaliyyətinin genişlənməsi təsadüfi deyil. Qarşılıqlı yardım və həmrəylik ənənələri tarixən xalqımızın həyat tərzinin ayrılmaz hissəsi olub. Xüsusilə regionlarda insanların bir-birinə könüllü dəstək göstərməsi bu ənənələrin bariz nümunəsidir”.

Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, tarixən kəndlərdə yaz mövsümündən əvvəl su kanallarının təmiri üçün insanların bir araya gəlməsi, qadınların müxtəlif mərasimlərdə bir-birinə kömək etməsi, əsgərliyə yola düşən gənclərin kənd sakinləri tərəfindən yola salınması və qarşılanması xalqımızın həmrəylik ruhunu əks etdirib. Novruz bayramı ərəfəsində və bayram günlərində yaslı ailələrin ziyarət edilməsi, onların mənəvi cəhətdən dəstəklənməsi də bu ənənələrin tərkib hissəsi olub. Müasir könüllülük fəaliyyətinin əsasını təşkil edən prinsiplər məhz belə tarixi və mənəvi dəyərlərdən qaynaqlanır.

Müasir dövrdə gənclərin könüllülük fəaliyyətinə cəlb olunması mürəkkəb geosiyasi şəraitdə xüsusi əhəmiyyət daşıyır. Regionda və dünyada baş verən gərginliklər fonunda Azərbaycanda gənclərin inkişafına, bilik və bacarıqlarının artırılmasına şərait yaradılması təqdirəlayiqdir.

Son illərdə həyata keçirilən könüllülük proqramları gənclərin sosiallaşmasına, xarici dilləri öyrənməsinə, ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə və praktiki təcrübə qazanmasına imkan yaradıb. Ölkəmizə gələn qonaqların qarşılanması və istiqamətləndirilməsi, eləcə də müxtəlif idarə və müəssisələrdə könüllü kimi fəaliyyət göstərilməsi gənclərin peşəkar mühitə uyğunlaşmasına kömək edir. Bu təcrübə onların gələcəkdə iş tapmaq imkanlarını da genişləndirir.

Hazırda gənclərin məşğulluğunun təmin edilməsi aktual məsələlərdən biridir. Bu baxımdan, könüllülük proqramlarının dövlət və özəl qurumlarda daha geniş tətbiqinə ehtiyac var. Könüllülük fəaliyyəti yalnız ictimai təşəbbüs kimi deyil, həm də gənclərin peşəkar inkişafına və əmək bazarına inteqrasiyasına xidmət edən mexanizm kimi qiymətləndirilməlidir.

Təklif edərdim ki, müxtəlif qurumlarda könüllülük proqramları genişləndirilsin və bu proqramlarda iştirak edən gənclərin gələcək məşğulluğu üçün konkret imkanlar yaradılsın. Qurumlar könüllülərin fəaliyyətini, qazandıqları bilik və bacarıqları nəzərə alaraq onları öz strukturlarında və tabeli müəssisələrində mövcud vakansiyalar üzrə işə qəbul prosesinə cəlb edə bilərlər. Bu yanaşma həm gənclərin iş təcrübəsi qazanmasına, həm də onların məşğulluq imkanlarının artmasına töhfə verə bilər.

İnanıram ki, könüllülük fəaliyyətinin daha da genişləndirilməsi gənclərin şəxsi və peşəkar inkişafı ilə yanaşı, ölkəmizin gələcəyi baxımından da müsbət nəticələr verəcək. Çünki könüllülük yalnız bu gün cəmiyyətə fayda vermək deyil, həm də sabahın peşəkar kadrı olmaq üçün mühüm bir fürsətdir”.